futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ” bu gün Konfrans Liqasında həlledici oyuna çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Kiyev “Dinamo”su ilə üz-üzə gələcək.
İlk matçda rəqibinə 0:1 hesabıyla uduzan “atlılar” avrokuboklarda yoluna davam etmək üçün azı iki top fərqi ilə qalib gəlməlidir.
Əvvəlki əzəmətini itirən “Dinamo”ya qarşı bu fərqi aradan qaldırmaq mümkündür. Erkən qol və güclü pressinq vacib detallardır. İlk matç göstərdi ki, Ukrayna təmsilçisi təzyiq altında asan səhvlərə yol verir. “Qarabağ” bu dəfə hər şansdan maksimum yararlanmalıdır. Zakaria Savonun yoxluğunda hücumda bu gün də Aleksey Kaşukun olacağı ehtimal edilir. Ukraynalı ilk matçda yaxşı fürsətlər yaxalamasına baxmayaraq, fərqlənə bilməmişdi. Kaşuk bu dəfə özünü bağışlatmaq arzusundadır.
Hücumda effektivlik mühümdür, lakin müdafiəni də unutmaq olmaz. “Dinamo” birinci görüşdə kifayət qədər qol fürsəti yarada bildi. Hücuma sürətli çıxmağı bacaran kiyevlilər bu dəfə uğursuzluğu aradan qaldırmaq istəyəcək. Xüsusilə, Matviy Ponomarenkoya diqqət etmək lazımdır. Komandanın bombardirinin bitiriciliyi yaxşıdır. Cərimə meydançasında ona qapıya zərbə vurmaq imkanı verməmək lazımdır.
“Qarabağ” keyfiyyət baxımından “Dinamo”dan üstündür. “Atlılar”ın heyətində oyunun taleyini dəyişə biləcək adlar daha çoxdur. Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransında da rahat olduğu sezildi. Mütəxəssis ilk oyundakı səhvləri təhlil edib və bu gün “Dinamo”ya qarşı xüsusi plan hazırladığını demək olar.
“Qarabağ” – “Dinamo” oyunu saat 20:00-da start götürəcək. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAK (Slovakiya) duelinin güclüsü ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda niderlandlılar darmadağına sevinib – 6:0.
Şahin Cəfərov