Dinc əhalinin xilası uğrunda canından keçən qəhrəman

18.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Milli Qəhrəmanımızın doğum günüdür

Aqil Sahib oğlu Quliyev — Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi müstəsna şücaət, komandirlik bacarığı və fədakarlığa görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş cəsur vətən oğludur. Xocalı və Şuşa atışmalarında, xüsusilə dinc əhalinin mühasirədən çıxarılmasında göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşına əbədi yazılmışdır. 

Aqil Quliyev 19 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində doğulmuşdur. 1980-ci ildə orta məktəbi bitirib, Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olur. Üçüncü kursda oxuyanda hərbi xidmətə çağırılır. Əsgəri xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmək fikrindən daşınır. Çünki onun marağı artıq başqa bir sahəyə yönəlmişdi. O, 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olur. 1986-cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək orada müəllimlik etməyə başlayır. İki il sonra Aqilin həyatında ən üzüntülü günlər başlayır.

1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr, digər tərəfdən isə valideynlərinin erməni şovinistləri tərəfindən doğma yurdlarından vəhşicəsinə qovulması onu bərk narahat edirdi. O, nigarançılığa son qoymaq üçün ailəsini də götürüb Bakıya gəlir. Ailəsinə müvəqqəti sığınacaq tapır və sonra təzəcə yaranmaqda olan Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Bu müraciətdən sonra onu 45 nəfər döyüşçü ilə birlikdə Ağdam bölgəsinə göndərirlər. Leytenant A.Quliyev rota komandiri təyin edilir. Vətən müdafiəçiləri sırasında onun kiçik qardaşı Nəsimi də var idi. Nəsimi isə kəşfiyyat qrupuna başçılıq edirdi. Bölük Ağdama çatanda Xocalı artıq düşmən mühasirəsindəydi. Aqil vaxt itirmədən öz dəstəsilə ilə Xocalıya yolanır. Əhali dəstənin gəlişini səbirsizliklə gözləyirdi. Güman edirdilər ki, dəstə onları mühasirədən qurtaracaq. Lakin döyüşçülərin sayca az olması və silah-sursatın çatışmaması mühasirəni yarmağa imkan vermədi. 366-cı motoatıcı alay Xocalıya doğru irəliləyirdi. Aqil Quliyev dinc əhalinin müdafiəsini təşkil eləmək üçün var gücü ilə çalışırdı.

1992-ci ilin fevral ayı… Artıq Xocalı mühasirədə idi. Erməni yaraqlıları 366-cı alayın köməyinə arxalanaraq insanları vəhşicəsinə qırırdılar. Aqil öz rotası ilə düşmənə bir neçə dəfə sarsıdıcı zərbə endirdi. 1992-ci il fevralın 18-dən 25-nə qədər davam edən döyüşlərdə rota komandiri böyük rəşadətlə döyüşdü, onlarla erməni faşistini məhv etdi. O, bu döyüşlərin birində – “Qaz kontoru” deyilən yerdə hər iki ayağından yaralandı.

Fevralın 25-i… Bu tarix qanla yazılan səhifələrimizdəndir. Döyüş dostları onu təhlükəsiz yerə aparmağa cəhd göstərirlər. Lakin amansız ölüm onları haqlayır. Kətik kəndi yaxınlığında güllələrdən biri onun ürəyinə sancılır. Aqilin də ömrü burda qırılır. Onun cəsədini faciədən 5 gün sonra hadisə yerindən götürmək mümkün olur.
Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Quliyev Aqil Sahib oğluna ölümündən onra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Bakının Bayıl qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önündə xatirə lövhəsi vurulub.

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью