Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva, 30 oktyabr, AZƏRTAC
Xerson vilayətinin Alyoşki şəhərində dinc sakinlərin təxliyəsi üzrə humanitar əməliyyat keçirilir.
AZƏRTAC xəbər verir ki, bu əməliyyat ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əldə olunmuş humanitar razılaşmaların nəticəsidir.
Alyoşki şəhəri Dnepr çayının sol sahilində, Xerson şəhəri ilə üzbəüz yerləşir. Uzun müddət davam edən döyüş əməliyyatları səbəbindən şəhərdə vəziyyət son dərəcə ağırdır.
Təxliyə zamanı Ukraynaya getmək istəyənlər əvvəlcə Rusiya ərazisinə aparılacaq, daha sonra isə Belarus üzərindən Ukraynaya yola salınacaqlar. Beləliklə, humanitar əməliyyat çərçivəsində sakinlərə Ukraynaya qayıtmaq imkanı da yaradılacaq.
Humanitar əməliyyatın gedişini dünyanın müxtəlif ölkələrindən gəlmiş 50-dən çox jurnalist izləyir.
Atəşkəs rejimi oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-da qüvvəyə minib və razılaşmaya əsasən, noyabrın 1-i də daxil olmaqla qüvvədə qalacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva