Dindarlıq adı altında bu cür zorakılıqlar yolverilməzdir Tarixçi

15.10.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Azərbaycan vətəndaşı olaraq hesab edirəm ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil qərarlar verməlidir. Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Aramızda hansısa məsələlərdə yanlışlıqlar, qarşıdurmalar və anlaşılmazlıqlar ola bilər. Ancaq bizə qarşı bu qədər sərt şəkildə hücum, mənim fikrimcə, qəbuledilməzdir".

Bu sözləri Redaktor.az-a açıqlamasında tarixçi filosof Ənvər Rəhimov bildirdi.

"Mən türkçü, türksevər, Turançı bir insanam. Buna görə də baş verənlər mənə çox ağır gəlir. İnanın ki, bunları izləyəndə həddindən artıq narahat oluram. Münasibətlərimiz pozulmamalıdır, bir-birimizin üzərinə bu cür getməməliyik. Nə Azərbaycan tərəfi Türkiyəyə, nə də Türkiyə tərəfi Azərbaycana qarşı belə mövqe sərgiləməlidir. Biz bir-birimizə qardaş deyirik. Ailənin daxilində də anlaşılmazlıqlar yarana bilər. Ona görə də belə məsələləri yoluna qoymaq lazımdır. Mən hər iki tərəfə müraciət edirəm: məsələni bu şəkildə həll etmək olmaz. Azərbaycanın daxili işlərinə qarışmaq, müstəqil dövlətin qərarlarına müdaxilə etmək düzgün deyil", - deyə o vurğuladı.

Ə.Rəhimov nəzərə çatdırdı ki, çadra və hicab məsələsində bu qədər israrlı mövqe sərgilənməsinin tərəfdarı deyil:

"İki metrlik qara parçanı başına salmaq, hicabla başını örtmək çətin deyil. Çətin olan İslam dinini öyrənmək, Quranı dərk etmək, onun prinsiplərinə və Peyğəmbərin tövsiyələrinə riayət etməkdir. Dindarlıq adı altında bu cür zorakılıqlar yolverilməzdir. Başına şal salmaqla hər şey bitmir. Biz bütün bunları bir kənara qoymuşuq, İslamın dəyərlərini arxa plana keçirmişik. Halbuki İslam böyük bir elm və mədəniyyətdir, dünya mədəniyyətinə mühüm töhfələr vermiş bir dindir. Biz onun dəyərlərini kənara qoyub çadra və hicab məsələsinə həddindən artıq bağlanmışıq. Mən şəxsən bunu qəbul etmirəm.

Verilən bu qanun əslində gecikib. Azərbaycan hökuməti həmin məsələni vaxtında tənzimləməli idi. 1990-cı illərdən etibarən Azərbaycanda müxtəlif cərəyanlar göbələk kimi artmağa başladı. Azərbaycanda müxtəlif cərəyanlar vasitəsilə xalqın düşüncəsinə yanlış fikirlər aşılanır. Bunlar Azərbaycan dövlətçiliyi, xalqı və mədəniyyəti üçün təhlükəli ola bilər. Müxtəlif yanlış təsəvvürlərin ölkədə yayılmasının qarşısını vaxtında almaq lazım idi. Burada əsas məsələ budur ki, bəzi insanların vətənpərvərlik və millətçilik hissləri zəiflədilir, diqqətləri yalnız dini cərəyanlara yönəldilir. Onların düşüncələrinə təsir göstərilir, beyinləri yuyulur".

Müsahibimiz qeyd etdi ki, bir müəllim kimi bu məsələ onu narahat edir:

"Azərbaycanda həmçinin təhsildə dini maarifləndirmə səviyyəsi aşağıdır. Uşaqların təhsili elmi biliklərə əsaslansa, onların dünyagörüşü formalaşsa, xurafat onların düşüncəsinə bu qədər asanlıqla nüfuz edə bilməz. Belə fikirlərin yayılmasına səbəb uşaqların kifayət qədər elmi biliklərə yiyələnməməsidir".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью