Dini abidələrin bərpası tarixə ehtiramın, milli yaddaşa bağlılığın göstəricisidir

25.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini abidələrin vahid məlumat bazası və rəqəmsal xəritəsinin yaradılmasını təklif edib. Bildirilib ki, abidələrin hüquqi statusu, texniki durumu, istifadə qaydası və mövcud problemləri haqqında məlumatların operativ mübadiləsi prioritetlərin dəqiq təyin edilməsinə və planlaşdırılan işlərin daha effektiv təşkilinə imkan yaradacaq. Bu kontekstdə, tarixi-dini memarlıq əsərlərinin vahid informasiya bazasının və rəqəmsal xəritəsinin hazırlanması birgə fəaliyyətin əsas başlanğıc mərhələlərindən biri ola bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov hesab edir ki, dini abidələrin bərpa prosesində onların tarixi autentikliyinin, dini-mənəvi dəyərinin və fərqli xüsusiyyətlərinin qorunması zəruridir: "Hər bir dini memarlıq əsərinin özünəməxsus strukturu, meydana gəlmə və inkişaf tarixi, həmçinin əsrlər boyu həmin məkanda formalaşmış ibadət və istifadə adətləri mövcuddur".

Dövlət Komitəsinin sədri bildirib ki, memarlıq, tarix, arxeologiya və bərpa-konservasiya üzrə peşəkarlarla birlikdə ilahiyyat sahəsinin ekspertlərinin də prosesə daxil edilməsi məqsədəuyğun ola bilər: "Çünki biz hər bir dini abidənin bərpası zamanı onun tarixi orijinallığının, dini-mənəvi mahiyyətinin və fərqləndirici xüsusiyyətlərinin maksimum dərəcədə saxlanmasına səy göstərməliyik. Mədəniyyət Nazirliyi ilə Dövlət Komitəsi arasında bütün digər sahələrdə olduğu kimi, tarixi-dini irsin mühafizəsi istiqamətində də sıx qarşılıqlı əməkdaşlıq təcrübəsi formalaşıb. Əminəm ki, mövcud resursların koordinasiyası, mütəxəssislərin bilik və təcrübəsinin bu prosesə daxil edilməsi, dini icmaların və cəmiyyətin aktiv iştirakı qarşıdakı vəzifələrin daha nəticəli icrasını təmin edəcək. Çünki tarixi-dini irsi mühafizə etmək təkcə keçmişi saxlamaq deyil, eyni zamanda keçmişlə gələcək arasında əlaqə qurmaqdır".

Sədrin sözlərinə görə, dini abidələrin bərpası tarixə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir. Hər bir məscid, ziyarətgah, türbə və ya istənilən tarixi-dini abidə yalnız daşlar və memarlıq elementlərindən ibarət tikili deyil, həm də xalqın keçdiyi tarixi yolun, dini, dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşın mühüm daşıyıcısıdır: "Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bu gün ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir".

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanın tarixi-dini abidələrinin bərpası istiqamətində görülən işlər ölkənin bütün coğrafiyasını əhatə edir: "Prezidentin sərəncamları ilə Pirəsən ziyarətgahı və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas Cümə məscidinin təmir-bərpa işləri üçün vəsait ayrılıb. Artıq Pirəsən ziyarətgahında izlədiyimiz kimi, işlər başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələyə keçib, Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb".

Ramin Məmmədov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən biri tarixi və dini abidələrin bərpasıdır: "Burada məqsəd yalnız dağıdılmış tikililərin yenidən qurulması deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır. Bu istiqamətdə dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsində Heydər Əliyev Fondunun xidmətləri xüsusi yer tutur. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində mədəni və dini abidələrin bərpasına yönəlmiş çoxsaylı layihələr həyata keçirilib".

Millət vəkili Fazil Mustafanın sözlərinə əsasən, imkan yaradılsa, Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələrin də bərpasını təmin edə bilər. Prezident İlham Əliyevin 2026-cı ili "Memarlıq və Şəhərsalma ili" elan etməsindən sonra tarixi-dini abidələrin qorunması məsələsi daha da aktuallaşıb: "Biz inanclı cəmiyyət olduğumuza görə ölkə ərazisində dini-tarixi abidələr çoxluq təşkil edir. Həmin abidələrin qorunmasında əsas istiqamət tarixi yaddaşın bərpa olunması, ikinci istiqamət isə onlara turistik mahiyyət qatmaqdır. Azərbaycan dövləti üçün tarixi-dini abidənin hansı dinə mənsub olmasının əhəmiyyəti yoxdur. Biz kilsəni də, sinaqoqu da, məscidi də eyni yanaşma ilə bərpa edirik. Bizdə tarixi dini abidələrə məkan prizması ilə yanaşılmır. Biz digər ölkələrdə də tarixi dini abidələrin bərpasına töhfə veririk".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyir ki, işğalçılar dini-tarixi abidələrin dağıdılmasına daha çox diqqət yetiriblər. Dini abidələr Azərbaycanın memarlıq irsinin əhəmiyyətli hissəsidir: "Ötən əsrlərdən bizə qalan memarlıq nümunələrinin içində ən çox yer tutan sayına və memarlıq əhəmiyyətinə görə məhz dini abidələrdir. Onların əhəmiyyəti də çox böyükdür".

G.Məmmədova bildirib ki, müharibələr və silahlı münaqişələr zamanı məhz dini abidələr daha çox təcavüzə məruz qalır: "Onların dağıdılmasına işğalçılar daha çox diqqət yetirirlər. Bu fikri Qarabağ və Şərqi Zəngəzurda baş verən işğal zamanı hadisələr, eyni zamanda Qərbi Azərbaycanda azərbaycanlıların, müsəlmanların izinin silinməsi üçün ilk növbədə məscidlərin yox olunması, dağıdılması təsdiq edir".

Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın sözlərinə görə, məscidlər, kilsələr, monastırlar, türbələr, ziyarətgahlar və digər dini tikililər yalnız tarixi memarlıq abidələri deyil, onlar əsrlər boyu formalaşmış mənəvi dəyərlərin, dini ənənələrin və müxtəlif icmaların birgə yaşayış tarixinin canlı şahididir: "Azərbaycan tarixən müxtəlif dinlərin qovuşduğu məkan olub. Bu gün ölkəmizin müxtəlif bölgələrində İslama qədərki və İslam dövrünə aid dini, tarixi abidələr var. Onların hamısı milli-mədəni irs hesab olunur və dövlət tərəfindən qorunur".

S.Yusifova Nazirlər Kabinetinin 2001-ci il 132 nömrəli qərarı ilə ölkə ərazisində 423 məscid, 213 türbə, 163 qəbiristanlıq, 222 kilsə-məbədin dövlət mühafizəsinə götürüldüyünü qeyd edib:

"Proses hazırda davam edir. Yalnız ötən il Bakı şəhərində 3 məscid, 1 kilsə, işğaldan azad edilmiş ərazilərdə isə 4 məscid, 20 türbə, 4 monastır, 13 məbəd dövlət qeydiyyatına alınıb. Bu rəqəmlər bizim dini abidələrin qorunmasında dövlət siyasətinin rolunu bir daha sübut edir".

Nazir müavini əlavə edib ki, Prezidentin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanının icrası çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən 2020-ci il noyabrın 3-dən etibarən 196-sı Şuşa şəhərində olmaqla, 575 abidənin inventarlaşdırılması həyata keçirilib:

"Qarabağda və Şərqi Zəngəzurda yerləşən və dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb. Bunun əsas səbəbi ərazilərin minalarla çirkləndirilməsidir. Aparılan təhlillərin nəticələrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb".

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, Azərbaycanda dünya və regional əhəmiyyətli çox sayda tarixi-dini abidə var. bu abidələrin sırasında məscidlər, kilsələr və sinaqoqlar var:

"Həmin tarixi-dini abidələrdə dini icmalar mövcuddur və onlar öz fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Bildiyiniz kimi, ölkəmizdə tarixi-dini abidələr dövlət tərəfindən xüsusi qorunur. Keçmişimizdən bu günümüzə qədər gəlib çatan və hazırda fəaliyyət göstərən yüzlərlə belə abidə var. Eyni zamanda, onların təmiri və bərpası, qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və tarixi həqiqətlərin öyrədilməsi də mühüm məsələlərdəndir".

Sədr müavini qeyd edib ki, ölkədə mövcud olan tarixi-dini abidələrin hər birinin özünəməxsus hekayəsi var: "Həmin hekayələr bu gün cəmiyyətimiz, xüsusilə dindarlarımız üçün böyük əhəmiyyət daşıyır. Onlar keçmişimizlə bu günümüz arasında mühüm bir bağ yaradır. Məhz bu məsələləri müzakirə etmək, tarixi-dini abidələrin qorunmasında dini icmaların və din xadimlərinin rolunu, eləcə də bu istiqamətdə mövcud imkanları birlikdə nəzərdən keçirmək bugünkü fəaliyyətimizin əsas məqsədlərindən biridir. Hesab edirik ki, bu fəaliyyətin daha da gücləndirilməsi tarixi-dini abidələrimizin həm ölkə əhalisinə, həm də xarici ziyarətçilərə daha geniş şəkildə təqdim olunmasına imkan verəcək".

G.İsmayılov əlavə edib ki, Azərbaycanda dünya və regional əhəmiyyətli çox sayda tarixi-dini abidələr var, onların bir qismi artıq təmir və bərpa olunub:

"Bu abidələrin hər biri zəngin tarixə malikdir və özünəməxsus xüsusiyyətləri ilə seçilir. Tarixi abidələr sırasında Bakıdakı məscidləri, Şamaxı Cümə məscidini, Gəncə İmamzadə kompleksini qeyd etmək olar. Bununla yanaşı, ölkəmizdə qədim kilsələr də mövcuddur. Mən xüsusilə Alban kilsələrini qeyd etmək istəyirəm. Eyni zamanda, pravoslav kilsələri, həmçinin Bakı, Oğuz və Qubada fəaliyyət göstərən sinaqoqları da qeyd edə bilərik".

Komitə rəsmisi işğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələr arasında məscidlərin xüsusi yer tutduğunu vurğulayıb: "Bu, təsadüfi deyil. Çünki tarixi-dini abidələr yalnız ibadət məkanı və tarixi-mədəni irs nümunəsi deyil, onlar Azərbaycan xalqının tarixini, milli yaddaşını və keçmişlə bağlılığını özündə yaşadır. Həmin tarixi-dini abidələrin qorunması və gələcək nəsillərə çatdırılması Azərbaycan xalqının tarixinin və mədəni irsinin qorunması deməkdir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью