Icma.az, 525.az portalına istinadən məlumat verir.
Böyük dini rəhbərlik yalnız insanlara dinin hökmlərini anlatmaq deyil, çətin məqamlarda xalqın mənəvi dayağına çevrilmək, haqqı qorumaq, dövlətin taleyinə məsuliyyətlə yanaşmaq və öz davranışı ilə nümunə göstərməkdir. Allahşükür Paşazadənin uzun illər ərzində formalaşan ictimai çəkisini də məhz bu məsuliyyət hissindən ayrı təsəvvür etmək mümkün deyil. Şeyxülislam Allahşükür Paşazadənin uzun illərə sığan həyat və fəaliyyətinə baxanda ilk görünən də budur: məqamdan əvvəl məsuliyyət, şəxsi münasibətlərdən əvvəl dövlət, məzhəbdən əvvəl bütöv din, bütün bunların fövqündə isə Azərbaycan.
1949-cu ildə Lənkəranın Cil kəndində doğulan, dini təhsilini Buxaranın “Mir Ərəb” mədrəsəsində və Daşkənd İslam İnstitutunda alan Allahşükür Paşazadə gənc yaşlarından din yolunu seçib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində fəaliyyətə başladı, 1978-ci ildə Təzəpir məscidinin axundu və İdarənin sədr müavini olub, 1980-ci ildə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilərək Şeyxülislam rütbəsi alıb. Lakin onun yolunu yalnız bu vəzifələrin ardıcıllığı ilə izah etmək olmaz. O, zaman keçdikcə dini lider, alim, professor, ictimai və siyasi xadim, dövlət və din münasibətlərində söz sahibi, beynəlxalq dini dialoqda Azərbaycanın simalarından biri kimi formalaşıb.
Allahşükür Paşazadə üçün dövlət sadəcə siyasi institut olmayıb. Dövlət onun düşüncəsində Vətənin sipəri, xalqın varlığının təminatı, onun dininin, dilinin, mənəviyyatının yaşaması üçün ən böyük zəmanət olub. Bəlkə də buna görə o, dini heç vaxt dövlətin qarşısında dayanan qüvvə kimi görməyib. Dinin müqəddəsliyini siyasətin gündəlik ehtiraslarından qorumağa, dövlətin dünyəvi mahiyyəti ilə xalqın dini və mənəvi dəyərləri arasında sağlam münasibətin yaşamasına çalışıb. Çünki dövlət zəifləyəndə yalnız hakimiyyət zəifləmir. Vətən zəifləyir. Məscid də, kilsə də, sinaqoq da, məktəb də, ev də təhlükə qarşısında qalır. Dövlət varsa, azan da öz səmasında səslənir. Dövlət varsa, insan öz inancını qorxmadan yaşayır. Dövlət varsa, fərqli dinlərin nümayəndələri eyni bayrağın altında özlərini bir Vətənin övladları saya bilirlər.
Allahşükür Paşazadənin dövlətçilik düşüncəsinin təməlində məhz bu həqiqət dayanır. O, öz dini nüfuzunu dövlət hakimiyyətinə alternativ gücə çevirmədi. Öz nüfuzundan dövlətin üzərində dayanmaq üçün deyil, dövlətin yanında dayanmaq üçün istifadə etdi. Bu, iki fərqli anlayışdır. Onun dövlətçilik mövqeyinin ən böyük sınaqlarından biri 20 Yanvar 1990-cı il oldu. Bakının küçələrində tankların olduğu, dinc insanların qanının axıdıldığı, bir imperiyanın öz vətəndaşlarına silah qaldırdığı həmin günlərdə Allahşükür Paşazadə yalnız Şeyxülislam kimi deyil, Azərbaycan vətəndaşı kimi danışdı. Etiraz etdi. Dünyaya müraciət etdi. SSRİ rəhbərliyini baş verənlərə görə ittiham etdi. Azərbaycan xalqının azadlıq iradəsinin dini fanatizm, xristian və müsəlman qarşıdurması və ya guya “İslam dövləti təhlükəsi” kimi təqdim edilməsinə qarşı çıxdı. Həmin günlərdə baş verənləri dini münaqişə kimi göstərmək, sovet qoşunlarının Bakıya yeridilməsinə ideoloji don geyindirmək cəhdləri vardı. Allahşükür Paşazadə bunun mahiyyətini başa düşürdü və həmin fitnənin qarşısında dayanırdı. Ona ölkədə idarəçiliyi öz üzərinə götürməklə bağlı təklif edildiyi bildiriləndə də bunu qəbul etmədi. Çünki uzağı görürdü. Bilirdi ki, bir din xadiminin siyasi hakimiyyətin başına gətirilməsi sabah Azərbaycanın milli azadlıq mübarizəsini dünyaya başqa rəngdə təqdim etmək üçün istifadə oluna bilər. O, postunu böyütmək əvəzinə dövlətini böyütməyi üstün tutdu. Bəzən böyük düşünmək sahib ola biləcəyin hakimiyyətdən imtina etməyi bacarmaqdır. Bəzən dövlətçilik vəzifəyə gəlmək deyil, vəzifədən imtina etməyi bacarmaqdır.
Sonralar Mixail Qorbaçovla görüşündə 20 Yanvar faciəsinə etiraz olaraq onun əlini sıxmayacaqdı. Bu, zahirən kiçik bir jest kimi görünə bilər. Amma bəzən insanın şəxsiyyəti məhz belə məqamlarda görünür. Məqam və protokol qarşısında öz ləyaqətini itirməmək, xalqının qanı tökülmüşkən heç nə olmamış kimi davranmamaq da bir mövqedir. Şəxsi məsələdə kin saxlamamaq olar. Amma xalqının qanı qarşısında susmaq olmaz. Əl uzatmaq bəzən protokoldur. Əl uzatmamaq isə bəzən tarix qarşısında mövqedir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Allahşükür Paşazadənin məsuliyyəti daha da artdı. Sovet ateizmindən çıxmış cəmiyyət dini azadlıq əldə etmişdi. Amma bu azadlıqla yanaşı, müxtəlif xarici dini təsirlər, radikal cərəyanlar, məzhəbçilik meyilləri, dini siyasi qüvvəyə çevirmək istəyən dairələr də meydana çıxırdı. Belə bir zamanda dini rəhbərin işi yalnız məscidlərin qapısını açmaq deyildi. İnsanların qəlbində yeni divarların yaranmasına imkan verməmək lazım idi. Allahşükür Paşazadənin əsas xidmətlərindən biri də məhz burada görünür. O, Azərbaycan müsəlmanını şiə və sünniyə bölərək idarə etmək yolunu seçmədi. Əksinə, İslamı bütöv gördü. Onun üçün Azərbaycan məzhəblərdən böyükdür. Dini mənsubiyyət insanları bir birindən ayıran sərhəd deyil, ortaq mənəvi dəyərlər içində yaşanan inanc məsələsidir. Şeyxülislamın dini fəaliyyətində ən aydın görünən xətlərdən biri də budur.
Bu gün Azərbaycanda İslamın müxtəlif məzhəblərinin nümayəndələri yaşayır. Amma məzhəb fərqliliyi cəmiyyətin parçalanma xəttinə çevrilməyib. Şiə sünninin düşməni deyil, sünni şiənin rəqibi deyil. Eyni Vətənin, eyni bayrağın, eyni Allah inancının içində fərqli dini ənənələr yanaşı yaşayır. Bəzi məscidlərdə şiə ilə sünninin yanaşı ibadəti, müxtəlif məzhəb nümayəndələrinin dini strukturlarda təmsil olunması, Qazılar Şurasında fərqli dini ənənələrin bir araya gətirilməsi təsadüfən yaranmış mənzərə deyil. Bu, illərlə qorunan dini siyasətin nəticəsidir. Şeyxülislamın düşüncəsində məzhəb dinin özü deyil, dinə gedən yollardan biridir. Yol fərqli ola bilər. Qiblə birdir.
Həzrəti Əlinin (ə) Malik Əştərə məşhur nəsihətində deyilən “İnsanlar iki qisimdir: ya dində sənin qardaşındır, ya da yaradılışda səninlə bərabərdir” fikri Allahşükür Paşazadənin dinlərarası münasibətlərə baxışını da yaxşı ifadə edir. Bu bir cümlənin içində böyük bir dövlət və cəmiyyət fəlsəfəsi var. Səninlə eyni dinə mənsub olan qardaşındır. Eyni dinə mənsub olmayan isə yenə insandır, yaradılışda səninlə bərabərdir. Şeyxin Azərbaycandakı xristian, yəhudi və digər dini icmalarla münasibətlərinin mahiyyətini də bu düşüncədə axtarmaq olar. O, Azərbaycanı yalnız müsəlmanların Vətəni kimi görməyib. Bu torpağın kilsəsində dua edən də, sinaqoqunda ibadət edən də, məscidində səcdəyə gedən də Azərbaycan dövlətinin vətəndaşıdır. Dinləri müxtəlifdir. Amma Vətənləri birdir. Bu səbəbdən onun müxtəlif dini icmalarla əməkdaşlığı yalnız protokol görüşləri olmayıb. Burada daha böyük fikir dayanıb: Vətəni sevmək bütün dini fərqlərin fövqündə vətəndaşlıq borcudur.
Allahşükür Paşazadənin fəaliyyətində Qarabağ mövzusu xüsusi yer tutur. Torpaqların işğalı, insanların doğma yurdlarından didərgin düşməsi, Xocalı və Ağdaban kimi faciələr hər bir azərbaycanlı kimi, onun da həyatına ağır iz salıb. Belə zamanda nifrət dili ən asan yol idi. Amma dini rəhbərin məsuliyyəti qəzəbi daha da alovlandırmaq deyil. Haqqı demək, amma xalqı dini nifrətə sürükləməməkdir. Allahşükür Paşazadə Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyini müdafiə etməklə yanaşı, münaqişənin xristian və müsəlman savaşına çevrilməsinin qarşısını almağa çalışdı. Erməni dini rəhbərləri ilə görüşdü. Rus Pravoslav Kilsəsinin rəhbərləri ilə danışdı. Gürcü dini rəhbərləri ilə münasibətlər qurdu. Dünya dini mərkəzlərinə Azərbaycan həqiqətlərini çatdırdı.
Allahşükür Paşazadənin müstəqillik illərində gördüyü işlər yalnız ölkə daxilində dini sabitliyin qorunması ilə məhdudlaşmadı. 1991-ci ilin dekabrında Azərbaycanın İslam Konfransı Təşkilatına, indiki İslam Əməkdaşlıq Təşkilatına qəbulunda onun təşəbbüsü və diplomatik fəaliyyəti mühüm rol oynadı. Dakar zirvə toplantısında Azərbaycanı təmsil edən Şeyxülislam 20-yə yaxın ölkənin rəhbərləri ilə görüşdü. Həmin dövrdə Azərbaycanın 47 müsəlman dövləti tərəfindən müstəqil dövlət kimi qəbul edilməsi və Qarabağ məsələsinin beynəlxalq müstəviyə çıxarılması mühüm siyasi hadisə idi.
Burada da bir xüsusiyyət görünür: Şeyxülislam dini nüfuzunu şəxsi nüfuza çevirmək üçün deyil, dövlətin maraqlarının müdafiəsi üçün istifadə edirdi. Dünya dini cameəsində, Vatikanın qapılarında, Moskvanın dini kürsülərində, İslam dünyasının nüfuzlu mərkəzlərində o, yalnız Allahşükür Paşazadə kimi deyil, Azərbaycanın dini lideri kimi iştirak edirdi. Özündən əvvəl Azərbaycanı aparırdı. Dünyada çox dini rəhbər var. Amma hər dini rəhbərin sözü dövlət başçılarının, patriarxların, papaların, şeyxlərin və nüfuzlu alimlərin iştirak etdiyi məclislərdə eyni çəkidə eşidilmir.
Allahşükür Paşazadənin insanlarla müəyyən məsafə saxlaması da tutduğu postun mahiyyətindən irəli gələn məsuliyyətdir. Dini lider hər kəslə eyni yaxınlıqda, hər mübahisənin içində, hər şəxsi münasibətin iştirakçısı ola bilməz. Şeyxülislamın şəxsi davranışı çox zaman təmsil etdiyi institutun mövqeyi kimi qəbul olunur. Buna görə məqam sahibi üçün məsafə təkəbbür deyil. Məsuliyyətdir. Onun uzun illər ərzində müxtəlif siyasi dövrlərdən keçərək şəxsi ədavət üzərində ictimai mövqe qurmaması, haqq bildiyi yerdə ədalətli olmağa çalışması da xarakterinin mühüm cəhətlərindəndir. O, hamı ilə dost görünməyə çalışmadı, amma heç kimlə şəxsi düşmənçilik üzərində münasibət qurmadı. Çünki böyük məqam insanı kiçik mübahisələrdən uzaq tutmalıdır.
Allahşükür Paşazadənin dini və ictimai baxışlarında sülh, mərhəmət, ədalət, qardaşlıq və ümid anlayışları həmişə ön planda olub. Onun fikrincə, insan heç vaxt ümidsiz olmamalıdır. Din insanı qarşıdurmaya deyil, sülhə, mərhəmətə və qardaşlığa çağırmalıdır. İslam mahiyyət etibarilə əmin amanlıq, qardaşlıq və yardımlaşma dinidir.
O, dini qarşıdurmaların əsas səbəblərindən birini dinin şəxsi və siyasi maraqlara alət edilməsində görür. Dinin həddindən artıq siyasiləşdirilməsi əvvəlcə insanları “biz” və “onlar”a bölür. Sonra məzhəbləri qarşı qarşıya qoyur. Daha sonra xalqları düşmən edir. Axırda isə Allahın adı ilə insan qanı tökülür. Halbuki din insanın nəfsini cilovlamalıdır. Nəfs dinin özünü idarə etməyə başlayanda faciə yaranır. Məhəmməd Peyğəmbərin (s) qəzəbini idarə edən insanı güclü sayması da yalnız fərdi əxlaq deyil, böyük ictimai və siyasi hikmətdir. Güclü olmaq başqasını məğlub etmək deyil. Özünü məğlub edə bilməkdir. Bəzən qəzəbini, bəzən nəfsini, bəzən hakimiyyət ehtirasını, bəzən də haqlı olduğun halda belə həddi aşmaq istəyini.
Allahşükür Paşazadənin fəaliyyətində dövlət və din münasibətlərinin qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulması mühüm yer tutur. Dünyanın müxtəlif ölkələrində dinlə dövlət arasında ciddi ziddiyyətlərin, fikir ayrılıqlarının, siyasi qarşıdurmaların olduğunu görürük. Azərbaycanda belə qarşıdurmanın sistemli xarakter almamasında dövlət siyasəti ilə yanaşı, dini rəhbərliyin də məsuliyyətli mövqeyi böyük rol oynayıb.
Şeyxülislamın fəaliyyəti müsəlmanlarla digər dinlərin mənsubları arasında xoş münasibətlərin qurulması, dini sabitliyin qorunması və multikultural mühitin möhkəmləndirilməsi baxımından da qiymətləndirilməlidir. Dövlət və din münasibətlərinin sağlam modeldə formalaşması üçün həm dövlətin dini icmalara hörməti, həm də dini rəhbərlərin dövlətin konstitusion quruluşuna, dünyəvi mahiyyətinə və ümummilli maraqlara hörməti vacibdir. Allahşükür Paşazadə bu balansın qorunmasına illərlə xidmət edib. Bu balans təsadüfən yaranmayıb. Azərbaycanda dinin dövlətə qarşı siyasi alətə çevrilməməsi, dövlətin isə dini mənəvi həyatdan təcrid etməməsi uzun illər formalaşmış qarşılıqlı məsuliyyət mədəniyyətinin nəticəsidir. Şeyxülislam bu münasibətlərdə həmişə həssas xətti qorumağa çalışıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun fəaliyyəti daha geniş regional miqyas aldı. Bütün Qafqazın Şeyxi və Qafqaz Xalqları Ali Dini Şurasının sədri kimi Azərbaycanın Qafqaz xalqları arasında nüfuzunun möhkəmlənməsinə, bölgədə sabitlik və qarşılıqlı anlaşmanın qorunmasına töhfə verdi. Dini və milli zəmində qarşıdurma yaratmaq, müsəlmanlarla qeyri müsəlmanlar arasında münasibətləri gərginləşdirmək istəyən qüvvələrə qarşı mövqe göstərdi.
Onun beynəlxalq dini qurumlarda iştirakı da bu fəaliyyətin davamıdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri olmaqla yanaşı, müxtəlif illərdə MDB Dinlərarası Şurasının həmsədri, Müstəqil Dövlətlər Birliyinin Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Al əl Beyt İordaniya Kral İslam Düşüncə Akademiyasının üzvü, İslam məzhəblərinin yaxınlaşması üzrə Təğrib Komitəsinin Rəyasət Heyətinin üzvü və beynəlxalq dinlərarası dialoq qurumlarında təmsil olunan şəxs kimi fəaliyyət göstərib. Bu vəzifələrin arxasında bir xətt dayanır: dinlər və xalqlar arasında qarşıdurma deyil, danışıq və anlaşma mühiti yaratmaq. Onun təşəbbüsü və iştirakı ilə Bakıda, Moskvada, Tbilisidə və başqa şəhərlərdə keçirilən beynəlxalq dini forumlar da həmin düşüncənin nəticəsidir. Dünya Dini Liderlərinin sammitləri, dinlərarası əməkdaşlıq konfransları, sülh forumları Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin beynəlxalq səviyyədə təqdim edilməsinə imkan yaradıb. Dünya dini liderləri arasında hörmət qazanmaq yalnız bir dini icmanın rəhbəri olmaqla mümkün deyil. Bunun üçün müxtəlif inanclara qulaq asmağı, öz mövqeyini ləyaqətlə müdafiə etməyi və hər görüşdə təmsil etdiyin dövlətin nüfuzunu qorumağı bacarmaq lazımdır. Allahşükür Paşazadənin beynəlxalq cameədə qazandığı çəkinin əsaslarından biri də budur.
Allahşükür Paşazadə alim və professor kimi də dini fəaliyyətin yalnız moizə ilə məhdudlaşmamasını vacib hesab edib. İslam tarixi, Quranşünaslıq, milli münasibətlər və din mövzularında elmi əsərlər yazıb. 1992-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi alıb, 1999-cu ildən Bakı Dövlət Universitetində professor kimi fəaliyyət göstərib. Onun təşəbbüsü ilə dini təhsil və elmi dini araşdırmalar sahəsində müxtəlif strukturlar yaradılıb. 1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi Dini Şuranın yaradılması da dinin maarif, elm və sağlam düşüncə ilə təqdim olunmasına xidmət edən addımlardan idi.
Allahşükür Paşazadənin ömür yoluna baxanda onun haqqında ən mühüm sual budur: taleyüklü məqamlarda harada dayanıb? 20 Yanvarda xalqının yanında dayanıb. Müstəqillik dövründə dini dövlətin qarşısına çıxarmayıb. Qarabağ məsələsində haqqı müdafiə edib, amma dini nifrətə yol açmayıb. Məzhəblər arasında ayrı seçkiliyə deyil, vəhdətə üstünlük verib. Müxtəlif dini icmalarla münasibətdə Vətən və vətəndaşlıq prinsipini əsas götürüb. Dünya dini liderləri ilə münasibətlərində özündən əvvəl Azərbaycanı təmsil edib. Şəxsi münasibətləri dövlət məsələsinə çevirməyib. Haqq bildiyi yerdə susmayıb. Onun üçün Azərbaycan məzhəblərdən, şəxsi münasibətlərdən və ötəri siyasi maraqlardan böyükdür. Dövlətin varlığı, xalqın birliyi, dini sabitlik və Vətənin nüfuzu bir dini rəhbərin də məsuliyyət daşımalı olduğu ali dəyərlərdir.
İnsan ömrünün sonunda vəzifələr bir gün tarix kitablarının sətirlərinə çevrilir. Sədr, Şeyxülislam, professor, alim, beynəlxalq təşkilatların üzvü, bunların hamısı adın qarşısında yazılan titullardır. Əsas məsələ adın özünün hansı məna daşımasıdır. Allahşükür Paşazadənin keçdiyi yolun mənası təkcə dini rəhbərlikdə deyil. Bu yol dövlətinin varlığını şəxsi məqamından üstün tutmaqda, ən çətin gündə xalqının yanında dayanmaqda, dinin müqəddəsliyini siyasi ehtiraslardan qorumaqda, şiəni sünnidən, müsəlmanı xristiandan ayıran divarlar deyil, onları Azərbaycan adlı Vətəndə birləşdirən körpülər qurmaqda görünür.
Şeyxülislam Allahşükür Paşazadənin ömür yoluna bu ölçülərlə baxanda bir həqiqət aydın görünür: dövlət hər şeydən uca tutulursa, ona xidmət edən insan da öz şəxsi iddiasından uca dayanmağı bacarmalıdır.
Bəlkə əsl güc də elə budur.
Bəlkə əsl ləyaqət də.
Bəlkə əsl dövlətçilik də.
Bu gün Bütün Qafqazın Şeyxinin 77 yaşı tamam olur. Bu münasibətlə Şeyxülislam həzrətlərinə möhkəm cansağlığı, uzun və sağlam ömür, məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayırıq. Hər zaman dövlətə, xalqa, dinlərarası və məzhəblərarası həmrəyliyə xidmət edən fəaliyyəti bundan sonra da uğurla davam etsin, gördüyü və görəcəyi xeyirxah işlər daim hörmət və ehtiramla qarşılansın.
Samir Əsədli