Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
İslamofobiya ilə sivil mübarizədə isə dialoq və qarşılıqlı hörmətin rolu yüksəlir
İslamofobiyanı yalnız ayrı-ayrı şəxslərin dini dözümsüzlüyünün təzahürü kimi qiymətləndirmək düzgün olmazdı. Müasir dövrdə İslam və müsəlmanlarla bağlı mənfi stereotiplərin formalaşdırılması, dini dəyərlərin təhrif olunmuş şəkildə təqdim edilməsi, bəzi hallarda isə İslamın terror və ekstremizmlə əlaqələndirilməsi ciddi narahatlıq doğurur.
İslamofobiya həm də cəmiyyətlərin sabitliyinə, qarşılıqlı anlaşmaya və birgəyaşayış mədəniyyətinə mənfi təsir göstərən qlobal miqyaslı ictimai problem, kəskin mənəvi epidemiyadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən dünyada islamofobiyanın artması ilə bağlı narahatlığını ifadə etmişdir. Bu narahatlıq müasir dövrdə dini ayrı-seçkilik və dözümsüzlüyə qarşı daha ardıcıl, sistemli mübarizənin vacibliyini bir daha gündəmə gətirir.
Terror və ekstremizm hansı ad və ya ideoloji pərdə altında həyata keçirilməsindən asılı olmayaraq qəbuledilməzdir. Lakin ayrı-ayrı radikal qrupların əməllərinə görə, bütövlükdə, İslam dininin və müsəlmanların məsul tutulması obyektiv və ədalətli yanaşma deyil. Radikal ünsürlərin hər hansı dini və ya ideoloji cərəyanı təhrif etməsi həmin dinin mahiyyəti ilə eyniləşdirilməməlidir. İslamın təməl dəyərləri sırasında sülh, ədalət, mərhəmət, insan ləyaqətinə hörmət və sosial məsuliyyət hər zaman mühüm yer tutmuşdur.
Dini müqəddəsliklərə və simvollara münasibət məsələsi də xüsusi diqqət tələb edir. Qurani-Kərimin yandırılması, dini simvolların təhqir edilməsi və möminlərin müqəddəs hesab etdiyi dəyərlərin alçaldılması müxtəlif cəmiyyətlərdə haqlı olaraq narazılıq doğurur. İfadə azadlığı demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir. Bununla yanaşı, bu azadlığın cəmiyyətdə nifrət, ayrı-seçkilik və qarşıdurmanı dərinləşdirən hərəkətlərə yol açması məsuliyyət məsələsini aktuallaşdırır. Müxtəlif dini və dünyagörüşünə malik insanların dinc birgəyaşayışının əsas şərti məhz qarşılıqlı hörmət və məsuliyyətli ünsiyyətdir.
Bu baxımdan Azərbaycanın təcrübəsi xüsusi əhəmiyyət daşıyır. Tarixən ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların nümayəndələri sülh şəraitində yaşayıblar. Müxtəlif dini icmaların qarşılıqlı ehtiram mühitində fəaliyyət göstərməsi Azərbaycanın ictimai-mədəni həyatının ayrılmaz hissəsidir. Bu ənənənin qorunması və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi uğurlu multikulturalizm siyasətinin əsas istiqamətlərindəndir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda dini-mədəni irsin qorunması yalnız İslam abidələri ilə məhdudlaşmır. Pravoslav və katolik kilsələrinin, sinaqoqların, qədim Alban məbədlərinin bərpası və mühafizəsi ölkəmizdə dini müxtəlifliyə verilən ali dəyərin bariz nümunəsidir. Bu yanaşma dini abidələrin bütövlükdə bəşəriyyətin mədəni irsinə məxsus universal dəyərlər kimi qəbul edilməsinin vacibliyini təsdiqləyir. Hansı dinə və ya mədəniyyətə mənsubluğundan asılı olmayaraq, hər bir tarixi-dini abidənin qorunması ümumbəşəri məsuliyyət kimi qiymətləndirilməlidir.
Azərbaycanın beynəlxalq müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələr də xüsusi qeyd olunmalıdır. Son illərdə Bakı müxtəlif sivilizasiyaların nümayəndələrini bir araya gətirən nüfuzlu qlobal platformaya çevrilib. Beynəlxalq tədbirlərin, dini liderlərin və alimlərin zirvə görüşlərinin təşkili qarşılıqlı anlaşmanın inkişafına xidmət göstərir.
Lakin islamofobiyaya qarşı mübarizədə yalnız hüquqi mexanizmlər kifayət deyil. Bu mübarizənin təməl sütunlarından biri elm, maarifləndirmə və düzgün dini biliklərin təbliğidir. Dini və mədəni müxtəlifliyin mahiyyətini kifayət qədər anlamayan cəmiyyətlərdə stereotiplər daha sürətlə yayılır. Buna görə də dini savadlılığın artırılması, xüsusilə gənclərin etibarlı mənbələr əsasında maarifləndirilməsi həyati əhəmiyyət daşıyır.
Müasir dövrdə sosial şəbəkələr dini maarifləndirmənin əsas vasitələrindən birinə çevrilsə də, bu sahədə ciddi məsuliyyət tələb olunur. Dini mövzuların emosional, sensasion və kontekstdən çıxarılmış şəkildə təqdim edilməsi yanlış təsəvvürlərin yayılmasına zəmin yaradır. Məhz buna görə də dini məsələlər barədə məlumatlar mötəbər mənbələrə, elmi yanaşmaya və sağlam düşüncəyə əsaslanmalıdır.
İslamofobiyaya qarşı mübarizə həm də din haqqında obyektiv elmi biliklərin cəmiyyətə çatdırılmasını tələb edir. Fərdlərin və ya qrupların konkret hərəkətləri ilə bütövlükdə, dini ənənəni eyniləşdirmək yolverilməzdir. Azərbaycanın dini-mədəni irsin qorunması, multikultural dəyərlərin yaşadılması və dinlərarası dialoqun inkişafı istiqamətində həyata keçirdiyi siyasət məhz bu prinsiplərə əsaslanır.
Öz müqəddəs dəyərlərimizi qorumaq başqasının müqəddəs dəyərinə hörmətsizlik etmək demək deyildir. Əksinə, həqiqi mədəniyyət və mənəviyyat fərqliliklərə hörmət, qarşılıqlı anlayış və dialoq üzərində qurulur.
Bu gün dünyaya qarşıdurmanı dərinləşdirən stereotiplərdən daha çox düzgün və obyektiv bilik, qarşılıqlı hörmət və dialoq lazımdır. İslamofobiyaya qarşı mübarizənin ən davamlı və səmərəli yolu məhz elm, maarifləndirmə, qarşılıqlı anlaşma və insan ləyaqətinə hörmət prinsiplərinin gücləndirilməsindən keçir.
Samid QULİYEV,
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı alim