Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
"2027-ci ilin dövlət büdcəsində təhsil sahəsi üzrə nəzərdə tutulan vəsaitlər təhsilin yalnız davamlı maliyyələşdirilməsini deyil, eyni zamanda onun keyfiyyətinin yüksəldilməsini, əhatəliliyinin genişləndirilməsini və əmək bazarının tələblərinə uyğun kadr yetişdirilməsini hədəfləyir".
Bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında vitse-spiker Ziyafət Əsgərov deyib.
"Bu baxımdan daha çox uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi və peşə təhsilin inkişafı prioritet istiqamətlər sırasındadır. Xüsusilə sertifikatlaşdırmada uğur qazan müəllimlərin əməkhaqqlarına əlavələr üçün 286,4 milyon manat vəsaitin nəzərdə tutulması müəllim əməyinin stimullaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımında çox əhəmiyyətlidir", - deyə MM sədrinin müavini bildirib.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı müasir təhsil sisteminin qarşısında dayanan ən vacib vəzifələrdən biridir:
"Bu gün əsas problemimiz təkcə ali və orta ixtisas təhsili müəssisələrinin kifayət qədər məzun yetişdirməməsi deyil, daha çox həmin məzunların əmək bazarının real ehtiyaclarına nə dərəcədə cavab verməsidir.
Təhsil sistemində ilk növbədə nəzəri biliklərlə praktiki bacarıqlar arasındakı balans dəyişdirilməlidir. Təəssüf ki, hazırda bir çox ixtisas üzrə tələbələr illərlə nəzəri biliklər əldə etsələr də, məzun olduqdan sonra həmin bilikləri real iş mühitində tətbiq etməkdə çətinlik çəkirlər. İşəgötürənlərin məzunlardan təcrübə tələb etməsi, digər tərəfdən isə tələbələrin təhsil müddətində kifayət qədər praktik hazırlıq keçməməsi ciddi ziddiyyət yaradır. Bu baxımdan universitetlər və kolleclərlə özəl sektor arasında əməkdaşlıq formal xarakter daşımamalıdır. Tələbələr təhsil müddətində müəssisələrdə təcrübə keçməli, real layihələrdə iştirak etməli və gələcəkdə çalışacaqları sahənin iş prinsiplərini mənimsəməlidirlər. Digər mühüm məsələ ixtisas seçimi və kadr hazırlığının planlaşdırılmasıdır. Hazırda bəzi ixtisaslar üzrə əmək bazarının real tələbatı ilə universitetlərə qəbul planı arasında uyğunsuzluqlar müşahidə olunur. Bəzi sahələrdə məzunların sayı ehtiyacdan çox olduğu halda, texniki, mühəndislik, informasiya texnologiyaları, sənaye və müəyyən peşə istiqamətlərində ixtisaslı kadr çatışmazlığı yaranır”.
Ekspert əlavə edib ki, universitetlərə qəbul planı hazırlanarkən yalnız abituriyentlərin seçiminə deyil, həm də ölkənin 5–10 illik iqtisadi inkişaf perspektivlərinə baxılmalıdır:
"Hansı sahələr inkişaf edəcək, hansı peşələrə tələbat artacaq, hansı ixtisaslar gələcəkdə aktuallığını itirəcək – bütün bunlar əvvəlcədən təhlil edilməlidir.
Peşə təhsilinin inkişafı da xüsusi diqqət tələb edir. Bu gün cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişməsinə ehtiyac var. Təəssüf ki, hələ də bəzi ailələrdə peşə təhsili ali məktəbə qəbul ola bilməyənlərin alternativi kimi qəbul edilir. Halbuki müasir əmək bazarında yüksək ixtisaslı elektrik, qaynaqçı, mexatronika mütəxəssisi, avtomobil diaqnostikası üzrə mütəxəssis və digər texniki peşə sahiblərinə ciddi ehtiyac var. Peşə təhsili müəssisələrinin maddi-texniki bazası yenilənməli, müasir avadanlıqlarla təchiz olunmalı, tədris proqramları real istehsalat proseslərinə uyğunlaşdırılmalıdır. Eyni zamanda, müəssisələrin tələbələrin hazırlanmasında birbaşa iştirakı təmin edilməlidir. İşəgötürənlər yalnız hazır kadr axtaran tərəf deyil, həm də həmin kadrların yetişdirilməsində iştirak edən tərəf olmalıdırlar. Digər tərəfdən, təhsilalanlarda rəqəmsal savadlılıq, xarici dil, tənqidi düşünmə, problem həll etmə və kommunikasiya bacarıqları inkişaf etdirilməlidir. Süni intellekt və avtomatlaşdırmanın əmək bazarına təsiri nəzərə alınaraq, bu texnologiyalardan istifadə bacarığı da təhsil proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir.
Mövcud problemlərdən biri də karyera istiqamətləndirilməsi işinin zəifliyidir. Şagirdlərə hələ orta məktəb illərindən əmək bazarı, peşələr və gələcək karyera imkanları haqqında düzgün məlumat verilməlidir. Şagird ixtisas seçərkən yalnız həmin ixtisasın keçid balına, universitetin adına və ya valideynlərinin istəyinə əsaslanmamalıdır. Öz bacarıqlarını, maraqlarını və gələcək əmək bazarının tələblərini də nəzərə almalıdır”.
Vüsət Əzizov vurğulayıb ki, müəllim hazırlığı məsələsini də unutmaq olmaz:
"Müasir əmək bazarına uyğun kadr yetişdirmək istəyiriksə, ilk növbədə müasir bilik və bacarıqlara malik müəllimlər yetişdirməliyik. Müəllimlərin özlərinin də mütəmadi olaraq istehsalat müəssisələrində, şirkətlərdə və real iş mühitində təcrübə keçməsi faydalı olardı.
2027-ci ilin dövlət büdcəsində təhsil və elm xərcləri üzrə 5,4 milyard manat vəsait nəzərdə tutulması bu sahənin maliyyələşdirilməsinin miqyasını göstərir. Lakin əsas məsələ ayrılan vəsaitin həcmi ilə yanaşı, onun hansı nəticələrə hesablanmasıdır. Təhsilə ayrılan vəsaitlərin səmərəliliyini yalnız məktəb, universitet və ya peşə təhsili müəssisələrinin sayı, yaxud məzunların statistikası ilə ölçmək düzgün deyil. Əsas göstərici məzunun təhsilini başa vurduqdan sonra əmək bazarında nə dərəcədə rəqabətqabiliyyətli olması, ixtisası üzrə iş tapa bilməsi və ölkə iqtisadiyyatına real töhfə verməsidir. Təhsilin nəticəsi diplomların sayında deyil, cəmiyyətə qazandırdığı bacarıqlı insan kapitalında özünü göstərməlidir”.
Aynur Babazadə