GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya daha bir beynəlxalq qalmaqalla üz-üzədir. Belə ki, 22 yanvarda Rusiyanın Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Ona casusluqda şübhəli bilinən şəxsin saxlanıldığı və casusun rəhbəri olan diplomatın (Rusiyanın Almaniyadakı səfirliyinin hərbi attaşesinin) persona non qrata elan edildiyi bildirilib. Səfirlik bunu “casus maniyası” adlandırıb və ittihamları rədd edib, Berlinin qeyri-dost hərəkətlərinin cavabsız qalmayacağı bildirilib.
İki ölkə arasında casus qalmaqalı nə ilə nəticələnə bilər?
Globalinfo.az-a danışan Zeynal Əmrəliyev deyib ki, Rusiyanın Avropa dövlətləri ilə münasibətlərində bu tip hadisələr tez-tez müşahidə olunur:
“Hadisənin məhz Almaniya ilə bağlı baş verməsi onu göstərir ki, rəsmi Moskva Avropa ilə münasibətləri normallaşdırmaq niyyətində deyil və təzyiq siyasətini davam etdirir. Bu, diplomatik müstəvidə tətbiq olunan yumşaq təzyiq formasıdır və Rusiya bu cür addımlarla Avropa ölkələrinə təsir göstərməyə çalışır. Almaniyanın Rusiyadakı səfirliyinin hərbi attaşesinin “arzuolunmaz şəxs” elan edilməsi Berlin-Moskva xəttində yeni gərginliyin yaranmasına səbəb ola, eyni zamanda Avropa dövlətlərinin Rusiyaya qarşı daha sıx birləşməsinə zəmin yarada bilər”.
Zeynal Əmrəliyev
Politoloq bildirib ki, bir müddət əvvəl Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sərt sanksiyalar paketi açıqlayıb:
“Moskva buna cavab olaraq müxtəlif vasitələrdən istifadə edir. Lakin mövcud vəziyyətdə Rusiyanın ayrıca cavab addımlarına ehtiyac da görünmür. Çünki Avropa hazırda ABŞ-la münasibətlərdə ciddi çətinliklərlə üzləşib. ABŞ-ın Qrenlandiya məsələsində israrı Avropa ölkələri üçün əlavə gərginlik yaradır. Belə bir şəraitdə Rusiyanın diplomatik qalmaqallar yaratması Avropa daxilində parçalanma riskini daha da artıra bilər. Ümumilikdə isə proseslər göstərir ki, Moskva və Vaşinqton müxtəlif müstəvilərdə hərəkət etsələr də, nəticə etibarilə Avropa ölkələrini siyasi baxımdan sıxışdıran bir vəziyyət formalaşdırırlar”.
Ləman İmran
Globalinfo.az