Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsi müzakirə mövzusuna çevrilib.
Ermənistan prezidentinin Davosdakı çıxışını İlham Əliyevə yönəlik diplomatik jest kimi qiymətləndirmək mümkündür, amma bunu birbaşa siyasi dönüş kimi yox, daha çox hesablanmış mesajlaşma kimi oxumaq daha realdır.
Əlbəttə ki, hazırkı kontekst daha çox regional balansın dəyişməsi ilə bağlıdır, burada Azərbaycanın mövqeləri xeyli möhkəmlənib və Ermənistan yeni status-kvoya uyğunlaşmağa çalışır.
Davos kimi qlobal platformalar rəsmi danışıqlardan çox simvolik siqnalların verildiyi məkanlardır. Burada işlədilən dil, vurğular və hətta görüşlərin formatı klassik diplomatiyadan fərqli olaraq daha çevik və çoxqatlı olur. Ermənistan tərəfinin belə bir tribunadan verdiyi mesajlar həm Bakıya, həm Qərb auditoriyasına, həm də yeri gəlsə, Rusiyaya ünvanlanır.
Lakin buna ehtiyatlı yanaşmaq lazımdır.
Çünki Ermənistan daxilində siyasi balanslar zəifdir və Davosda deyilənlər daxili auditoriya üçün eyni formada təkrarlanmır. Praktik addımlar (kommunikasiyaların açılması, sülh müqaviləsinin detalları) hələ də danışıqlar masasında qalıb. Üstəlik, Davos mesajları çox vaxt konstruktiv tərəf kimi görünmək üçün Qərbə yönəlik imic siyasəti daşıyır. Avropa İttifaqı yolunu tutan İrəvan üçün bu görüntü olduqca vacibdir.
Rəsmi İrəvanın praktikadan çox sözlərlə oynadığını bir misalla izah etmək mümkündür: Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında TRIPP layihəsindən danışıb.
"TRIPP layihəsi ilə biz Asiyadan Xəzər dənizi üzərindən, Azərbaycan, Ermənistan, Azərbaycanın bir hissəsi olan Naxçıvan, Türkiyə və Gürcüstandan keçən mövcud dəhlizlərə əlavə olaraq yeni bir nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, marşrutlar nə qədər çox olarsa, istehlakçılar, təchizatçılar, tranzit ölkələr üçün bir o qədər yaxşıdır. Beləliklə, biz bir ölkə olaraq həmişə regional gündəliyimizə diqqət yetiririk", - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan tərəfi haqqında danışdığı məsələləri reallaşdırır, yəni praktiki addımlar atır. Necə deyərlər, sözümüz imzamızdır".
Məlum olduğu kimi, Azərbaycan TRIPP-in birinci mərhələsini tamamlayır və Naxçıvanda ikinci mərhələ üzərində işə başlayıb. Bu arada, İrəvan amerikalılarla "Tramp marşrutu" ilə bağlı danışıqlar aparır. Maraqlıdır ki, bu fonda İrəvan olduqca qəribə açıqlamalar verərək "suyu bulandırır". Bir tərəfdən Rusiyanın layihədə iştirak etməyəcəyi deyilir, digər tərəfdən isə Nikol Paşinyan Rusiyadan Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan sərhədinə və Türkiyə ilə sərhədə qədər dəmir yolunu bərpa etməsini tələb edir. Bütün bunların praktikada necə baş verəcəyi hələlik məlum deyil. Nəticədə qarşı tərəfdə hələlik potensial görünmür.
Bakının mövqeyi isə dəyişməz olaraq qalır: Söz yox, sənəd və əməl lazımdır!
Bu mənada, Davosdakı çıxış da Azərbaycana qarşı nə düşmənçilik, nə də strateji yaxınlaşma jestidir. Daha çox, Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiyini dolayı yolla etiraf edən diplomatik tonlama kimi görünür.
2026-cı il Azərbaycan və Ermənistan sülh prosesi kontekstində həlledici mərhələdir. Ermənistanda keçiriləcək parlament seçkiləri bu prosesin mərkəzində olmalıdır. Çünki bununla Bakı və İrəvan tarixi sülh müqaviləsini imzalayıb dövlətlərarası münasibətlər qura biləcəyini müəyyən edəcəklər. Əks halda, rəsmi Bakı qarşısında yenə Köçəryan, Sarkisyan kimilərin şüuru ilə qarşılaşa bilər. Revanşist müxalifət Paşinyanın qələbə qazanmasının qarşısını almaq üçün əlindən gələni edəcək. Bu düşüncə ilə də nəinki sülh imzalamaq, hətta danışıqlar masasına oturmaq belə mümkün deyil. 30 illik nəticəsiz qalan, tozlanmış danışıqlar masası buna nümunədir.
Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası seçkilərdə qalib gələrsə, bu, sülh prosesi üçün müsbət nəticə hesab edilə bilər. Çox güman ki, Baş nazir Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ölkənin əsas qanunundan çıxararaq konstitusiyaya düzəliş etmək üçün referendum keçirəcək. Referendum uğurlu olarsa, iki ölkənin sülh müqaviləsi imzalamaması üçün heç bir səbəb qalmayacaq.
Seçkilərdə qalib gəlmək üçün isə Paşinyan ciddi işlər görməli olacaq. Və burada Ermənistan-Avropa Birliyi məsələsi ilə bərabər, Azərbaycan faktoru da ön plana çıxır. Çünki son zamanlarda Bakının hazırkı Ermənistan hakimiyyətini dəstəklədiyini görürük. Ermənistan Prezidentinin Davosdakı "həssas" çıxışının arxasında Azərbaycanın daha çox dəstəyini almaq istəyinin durduğunu desək, yanılmarıq.
Başqa sözlə, 2026-cı ildə Ermənistan və Azərbaycan üçün ən azı üç əhəmiyyətli hadisə gözlənilir ki, bu da müəyyən dərəcədə nəinki iki ölkənin, həmçinin bütün regionun gələcəyini müəyyən edəcək. Təbii ki, sülh müqaviləsinin imzalanması, Azərbaycan və Ermənistan arasında müxtəlif sahələrdə, xüsusən də ticarətdə əməkdaşlığı ideal şəkildə stimullaşdıracaq. Buna uyğun olaraq, sülh müqaviləsinin imzalanmasından sonra vacib bir vəzifə iki ölkənin ictimaiyyəti arasında münasibətlərin yaxşılaşdırılması üçün bir çərçivə hazırlamaq olacaq.
Əsl cavab isə Davos səhnəsində deyil, növbəti konkret addımlarla verilməlidir. Çünki Bakı boş vədlərə inanmır.
Ağarza Elçinoğlu