Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi sahəsində yeniliklər məlum olub.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və vəzifə maaşına diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə əlavələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən inzibati-texniki xidmət əməkdaşlarının dövlət məvacibi “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq, dövlət qulluqçuları üçün nəzərdə tutulan vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdir.
Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət məvacibi fövqəladə və səlahiyyətli səfir, təmsilçilik ofisinin rəhbəri, daimi nümayəndə, nümayəndə vəzifələri üzrə tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq haqdır.
Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələri və onların (aparatlarının) işçiləri və diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən şəxslər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir.