Diplomatiyadan rəqəmsal cəbhəyə

01.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gələcəyin beynəlxalq münasibətlər mütəxəssisi hansı biliklərə sahib olmalıdır?

Dünya siyasətinin dili sürətlə dəyişir. Dövlətlərin gücü artıq orduların sayı, enerji ehtiyatları və coğrafi mövqeyi ilə ölçülmür. Məlumat bazaları, süni intellekt, rəqəmsal infrastruktur, kritik sistemlərin təhlükəsizliyi və kiberməkanda təsir imkanları beynəlxalq münasibətlərin əsas sütunlarına çevrilir.

ADA Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə birinci təhsil ilini başa vuran Mikayıl Babazadə bu yeni reallığı erkən görən gənclərdəndir. O, diplomatiya və dünya siyasəti ilə yanaşı, kibertəhlükəsizlik sahəsinə böyük maraq göstərir, hazırda isə bu istiqamətdə Azərbaycanın və Şərqi Avropanın aparıcı şirkətlərindən biri olan BestComp Group-da təcrübə keçir. Mikayıl Babazadə ilə universitet həyatı, beynəlxalq münasibətlərin gələcəyi, kibertəhlükəsizliyin geopolitik əhəmiyyəti, gənclərin əmək bazarına hazırlığı və rəqəmsal dövrdə uğurun formulu haqqında danışdıq.

-Mikayıl, “Beynəlxalq münasibətlər” ixtisasını seçməyinizə hansı amillər təsir göstərdi?

-Dünya siyasəti, dövlətlər arasındakı münasibətlər, münaqişələrin səbəbləri və qərarların arxasında dayanan maraqlar məni uzun müddətdir düşündürürdü. Xəbərlərdə hər hansı hadisəni izləyərkən onun görünən tərəfi ilə kifayətlənmək istəmirdim. Həmin qərarın niyə verildiyini, hansı ölkələrin maraqlarına xidmət etdiyini, gələcəkdə hansı nəticələr doğura biləcəyini anlamağa çalışırdım. “Beynəlxalq münasibətlər” ixtisası insana dünyaya daha geniş prizmadan baxmaq imkanı verir. Burada tarix, siyasət, iqtisadiyyat, hüquq, diplomatiya və təhlükəsizlik bir-biri ilə əlaqəli şəkildə öyrənilir. Bu sahəni seçərkən əsas məqsədim hadisələri təhlil edə bilən, səbəb-nəticə əlaqəsini qura bilən mütəxəssis kimi yetişmək idi.

-ADA Universitetini seçərkən sizin üçün əsas meyar nə oldu?

-ADA Universiteti öz akademik mühiti, tədris standartları, tələbələrə təqdim etdiyi inkişaf imkanları və beynəlxalq düşüncə tərzi ilə seçilir. Burada tələbədən məlumatı əzbərləməkdən daha çox, düşünmək, müqayisə aparmaq, arqument irəli sürmək və fikrini əsaslandırmaq tələb olunur. Mənim üçün universitet diplom əldə edilən məkan qədər, insanın dünyagörüşünün formalaşdığı bir mühitdir. ADA-da müxtəlif baxışlara malik insanlarla ünsiyyət qurmaq, komanda şəklində işləmək, təqdimatlar hazırlamaq və aktual mövzular ətrafında müzakirələr aparmaq imkanı var. Universitetin ən mühüm üstünlüklərindən biri tələbəni rahatlıq zonasından çıxarmasıdır. Burada insan öz vaxtını idarə etməyi, məsuliyyət daşımağı və nəticəyə görə cavab verməyi öyrənir.

Bir şeyi qeyd etmək vacibdir ki, bütün bunlar ADA Universitetinin rəhbərliyinin illər ərzində formalaşdırdığı aydın inkişaf strategiyasının, sistemli yanaşmasının və təhsilə uzunmüddətli baxışının nəticəsidir. Xüsusilə rektorumuz, professor Hafiz Paşayevin zəngin diplomatik təcrübəsi, yüksək intellektual mövqeyi və müasir universitet modeli haqqında uzaqgörən düşüncəsi ADA-nın akademik fəlsəfəsinin əsasını təşkil edir. Rektorun rəhbərliyi ilə universitetdə tələbələr üçün müstəqil düşünməyə, təşəbbüs göstərməyə, məsuliyyətli və dünyaya açıq şəxsiyyət kimi formalaşmağa sövq edən mühit yaradılıb. Bu yanaşma ADA-nı ali təhsil müəssisəsi olmaqla yanaşı, gələcəyin peşəkarlarını, liderlərini və cəmiyyət qarşısında məsuliyyət hissi daşıyan vətəndaşlarını yetişdirən nüfuzlu bir akademik mərkəzə çevirib.

-Birinci təhsil ili gözləntilərinizi qarşıladımı?

-Birinci il mənim üçün həm akademik, həm də şəxsi inkişaf baxımından çox zəngin keçdi. Universitetə daxil olarkən qarşıda ciddi bir tədris prosesinin olduğunu bilirdim. Buna baxmayaraq, real universitet həyatı məktəb illərindən xeyli fərqlənir. Burada hər tapşırığın, təqdimatın və imtahanın arxasında fərdi məsuliyyət dayanır. Müəllim istiqamət göstərir, əsas işi isə tələbə özü görür. Vaxtın düzgün bölüşdürülməsi, mənbələrin araşdırılması, fikirlərin sistemləşdirilməsi və son tarixlərə əməl olunması gündəlik həyatın bir hissəsinə çevrilir. İlk il mənə göstərdi ki, universitetdə uğur yüksək qiymətdən daha geniş anlayışdır. Uğur düşüncə tərzinin dəyişməsi, insanın öz zəif tərəflərini tanıması və hər semestr əvvəlkindən daha hazırlıqlı olmasıdır.

-Tələbə həyatına uyğunlaşmaq çətin oldumu?

-İlk həftələrdə müəyyən çətinliklər təbii şəkildə yaranır. Yeni mühit, fərqli tədris sistemi, çoxsaylı tapşırıqlar və yeni insanlarla ünsiyyət tələbədən çeviklik istəyir. Əsas məsələ həmin mərhələdə çaşqınlığı uğursuzluq kimi qəbul etməməkdir. Adaptasiya müəyyən zaman tələb edir. Mən də tədricən öz iş rejimimi formalaşdırdım, tapşırıqları əvvəlcədən planlaşdırmağa və prioritetləri düzgün müəyyənləşdirməyə başladım. Universitet həyatı insana vacib bir həqiqəti öyrədir: motivasiya hər gün eyni səviyyədə qalmır, intizam isə nəticəyə aparan daha etibarlı vasitədir.

-Beynəlxalq münasibətlər tələbəsi olduğunuz halda kibertəhlükəsizliyə marağınız necə yarandı?

-Müasir dünyada beynəlxalq münasibətlərlə kibertəhlükəsizlik arasında sərhəd getdikcə zəifləyir. Dövlətlər arasındakı qarşıdurmalar artıq fiziki məkanla məhdudlaşmır. Hökumət qurumları, bank sistemləri, enerji infrastrukturu, nəqliyyat şəbəkələri, media platformaları və şəxsi məlumatlar rəqəmsal hücumların hədəfinə çevrilə bilir. Bir ölkənin informasiya sisteminə edilən hücum bəzən ənənəvi hərbi əməliyyatdan daha böyük iqtisadi və siyasi nəticələr yaradır. Bu səbəbdən kibertəhlükəsizliyi texniki sahə kimi görmək kifayət etmir. Burada milli təhlükəsizlik, diplomatiya, hüquq, iqtisadiyyat və insan davranışı birləşir. Məni cəlb edən əsas məqam da budur: kiberməkan həm texnologiyanın, həm siyasətin, həm də strateji düşüncənin kəsişdiyi sahədir.

-Beynəlxalq münasibətlər üzrə təhsil kibertəhlükəsizlik sahəsində sizə hansı üstünlükləri verə bilər?

-Texniki bilik sistemin necə işlədiyini anlamağa kömək edir. Beynəlxalq münasibətlər isə həmin sistemə qarşı hücumun hansı siyasi məqsədə xidmət edə biləcəyini göstərir. Məsələn, kiberhücumun arxasında maliyyə qazancı, kəşfiyyat fəaliyyəti, siyasi təzyiq, ictimai panika yaratmaq və ya dövlətin nüfuzuna zərbə vurmaq məqsədi dayana bilər. Texniki mütəxəssis hücumun mexanizmini araşdırır, siyasi analitik isə onun strateji mənasını və mümkün nəticələrini qiymətləndirir. Gələcəyin təhlükəsizlik mütəxəssisi hər iki dili anlamalıdır: texnologiyanın dili və siyasətin dili. Mən də təhsilimi bu iki istiqamətin kəsişməsində qurmağa çalışıram.

-Hazırda BestComp Group-da təcrübə keçirsiniz. Bu imkan sizin üçün nə ifadə edir?

- Cənubi Qafqaz və Mərkəzi Asiyanın aparıcı şirkətlərindən olan BestComp Group-un nəzdində fəaliyyət göstərən B&B Security Alliance şirkətində öz təşəbbüsümlə təcrübə keçmək mənim üçün universitetdə qazandığım nəzəri düşüncə ilə real iş mühiti arasında körpü rolunu oynayır. Təcrübə zamanı korporativ mühitin necə işlədiyini, komandalar arasında koordinasiyanın necə qurulduğunu, texniki proseslərdə dəqiqliyin və məsuliyyətin hansı əhəmiyyət daşıdığını görmək mümkündür. Burada hər qərarın, hər prosedurun və hər təhlükəsizlik tədbirinin konkret məqsədi var. Mənim üçün ən qiymətli məqam peşəkarların düşüncə tərzini müşahidə etməkdir. Təcrübəli mütəxəssis problemlə qarşılaşarkən dərhal nəticəyə qaçmır, əvvəlcə məlumat toplayır, riskləri qiymətləndirir, səbəbləri müəyyən edir, sonra həll yolu seçir. Bu yanaşma siyasətdə də, kibertəhlükəsizlikdə də böyük əhəmiyyət daşıyır. Fürsətdən istifadə edərək, BestComp Groupda mənim üçün təcrübə keçmək şəraiti yaradan şirkət rəhbərliyinə öz dərin təşəkkürümü bildirmək istərdim.

-Təcrübə sizə universitet dərslərində görünməyən hansı reallıqları göstərdi?

-Universitet əsas bilikləri və analitik düşüncə vərdişlərini formalaşdırır. İş mühiti isə qərarların zaman, resurs, məsuliyyət və risk çərçivəsində verildiyini göstərir. Real layihədə nəzəri cəhətdən ideal görünən həll hər zaman ən uyğun seçim olmaya bilər. Bəzən təhlükəsizlik, istifadə rahatlığı, maliyyə imkanları və mövcud infrastruktur arasında balans tapmaq tələb olunur. Digər mühüm məsələ kommunikasiya bacarığıdır. Texniki biliyə sahib olmaq çox vacibdir, amma həmin biliyi komanda üzvlərinə aydın şəkildə çatdırmaq, problemi düzgün izah etmək və ortaq qərara gəlmək də peşəkarlığın bir hissəsidir.

-Kibertəhlükəsizlik haqqında ilkin təsəvvürünüzlə indiki baxışınız arasında fərq varmı?

-Əvvəllər kibertəhlükəsizliyi daha çox kompüter sistemlərinin qorunması, viruslar və şifrələrlə əlaqələndirirdim. Bu sahəni dərindən öyrəndikcə gördüm ki, ən zəif nöqtə bəzən texnologiya yox, insanın öz davranışıdır. İstifadəçinin diqqətsizliyi, zəif parol seçimi, şübhəli keçidə daxil olması və ya məxfi məlumatı səhv şəxslə paylaşması ən güclü sistemdə belə risk yarada bilər. Kibertəhlükəsizlik davamlı düşüncə, diqqət və davranış mədəniyyətidir. Bir dəfə proqram quraşdırmaqla təhlükəsizliyi tam təmin etmək mümkün olmur. Əminliklə deyə bilərəm ki, təhdidlər dəyişdikcə müdafiə üsulları da yenilənməlidir.

-Sizcə, gələcək diplomat və siyasi analitik kibertəhlükəsizlik haqqında nə qədər məlumatlı olmalıdır?

-Gələcək diplomatın proqramçı səviyyəsində texniki biliyə sahib olması vacib şərt sayılmaya bilər. Buna baxmayaraq, kiberhücumların məntiqini, rəqəmsal suverenlik anlayışını, məlumat təhlükəsizliyini və texnologiyanın siyasi təsirini başa düşməsi zəruridir. Məsələn, diplomatik yazışmaların sızması dövlətlərarası münasibətlərə təsir göstərə bilər. Sosial şəbəkələrdə aparılan manipulyasiya seçki prosesinə və ictimai rəyə yön verə bilər. Süni intellekt vasitəsilə hazırlanan saxta görüntülər böhran və qarşıdurma yarada bilər. Bu mövzuları anlamayan diplomat gələcəyin siyasi proseslərini tam qiymətləndirməkdə çətinlik çəkəcək. Ona görə rəqəmsal savadlılıq yaxın illərdə xarici dil bilmək qədər əhəmiyyətli bacarıqlardan birinə çevriləcək.

-Süni intellekt kibertəhlükəsizliyə daha çox imkan, yoxsa risk gətirir?

-Hər iki istiqamətdə böyük təsir göstərir. Süni intellekt təhlükələri daha sürətli müəyyənləşdirə, böyük həcmdə məlumatı təhlil edə və şübhəli davranışları aşkar edə bilir. Eyni zamanda, hücum edən tərəflər də bu texnologiyadan istifadə edir. Daha inandırıcı saxta mesajlar, avtomatlaşdırılmış hücumlar, süni görüntülər və manipulyativ informasiya kampaniyaları təhlükələrin miqyasını genişləndirir. Burada əsas məsələ texnologiyanın özü ilə yanaşı, onu kimin, hansı məqsədlə və hansı etik çərçivədə istifadə etməsidir. Süni intellekt güclü alətdir. Onun nəticəsi istifadəçinin niyyətindən və cəmiyyətin müəyyən etdiyi qaydalardan asılıdır.

-Universitetdə oxumaqla yanaşı yeni sahəni öyrənmək vaxt baxımından çətinlik yaratmır?

-Düzünü desəm, hələ tətil vaxtıdır və bu barədə danışmaq hələ tezdir. Amma düşünürən ki, düzgün planlama ilə idarə etmək mümkündür. Əlbəttə, bir neçə sahəni eyni anda dərindən öyrənməyə çalışmaq insanı tez yorur. Buna görə məqsədləri mərhələlərə bölmək daha səmərəlidir. Çox güman ki, sentyabr ayında dərslər başlayanda mən əsas akademik tapşırıqları vaxtında yerinə yetirməyə, sonra kibertəhlükəsizlik üzrə əlavə materiallara və praktiki məşqlərə vaxt ayırmağa çalışacağam. Bəzən plan tam işləməyə bilər. Belə hallarda əsas məsələ prosesi dayandırmamaq və yenidən ritmə qayıtmaqdır. Məncə inkişaf özü də hər gün edilən kiçik və ardıcıl addımların nəticəsidir.

-Sizcə, müasir tələbənin universitet proqramı ilə kifayətlənməsi mümkündürmü?

-Universitet proqramı möhkəm təməl yaradır. Əmək bazarı isə daim dəyişir və tələbədən əlavə təşəbbüs gözləyir.

Tələbə dərslərlə yanaşı, xarici dillərini inkişaf etdirməli, araşdırma aparmalı, texnologiyaları izləməli, təcrübə proqramlarında iştirak etməli və peşəkar ünsiyyət qurmağı öyrənməlidir. Bu gün işəgötürən üçün diplomla yanaşı, insanın hansı problemləri həll edə bildiyi, komandada necə işlədiyi və öyrənməyə nə qədər açıq olduğu da böyük əhəmiyyət daşıyır.

-Gənclərin ixtisas seçərkən ən çox yol verdiyi yanlışlıq nədir?

-Ən geniş yayılmış yanlışlıq ixtisasın adını peşənin özü ilə eyniləşdirməkdir. “Beynəlxalq münasibətlər” oxuyan hər kəs diplomat olmur. Kibertəhlükəsizlik öyrənən hər kəs bütün gün kod yazmır. Hər ixtisasın daxilində müxtəlif istiqamətlər mövcuddur. İnsan seçim etməzdən əvvəl dərs proqramını, gələcək fəaliyyət sahələrini və həmin peşənin gündəlik iş rejimini araşdırmalıdır. Digər yanlışlıq seçim zamanı ətrafdakı insanların fikirlərini şəxsi maraqlardan üstün tutmaqdır. İnsan illərlə davam etdirəcəyi sahədə daxili maraq tapmadıqda motivasiyanı qorumaq çətinləşir.

-Beynəlxalq münasibətlər və kibertəhlükəsizlik arasında gələcək karyeranızı necə təsəvvür edirsiniz?

-Mən özümü rəqəmsal təhlükəsizliyin siyasi və strateji tərəflərini anlayan mütəxəssis kimi inkişaf etdirmək istəyirəm. Bu istiqamət kiber siyasət, rəqəmsal diplomatiya, informasiya təhlükəsizliyi strategiyası, risk analizi və kritik infrastrukturun müdafiəsi kimi sahələri əhatə edə bilər. Hazırda konkret və dəyişməz bir peşə adı müəyyənləşdirməyə çalışmıram. Qarşıdakı illərdə biliklərimi artırmaq, müxtəlif layihələrdə iştirak etmək və hansı istiqamətdə daha çox fayda verə biləcəyimi anlamaq istəyirəm. Gələcəyin peşələri çox zaman mövcud sahələrin kəsişməsində yaranacaq. Mənim üçün beynəlxalq münasibətlərlə kibertəhlükəsizliyin birləşməsi məhz belə perspektivli istiqamətlərdən biridir.

-Sizcə beş-on ildən sonra dövlətlər arasındakı münasibətlərdə əsas mübarizə sahəsi hansı olacaq?

-Enerji, nəqliyyat yolları, ərazi və iqtisadi resurslar öz əhəmiyyətini qoruyacaq. Bununla yanaşı, məlumat, texnologiya, süni intellekt və rəqəmsal infrastruktura nəzarət uğrunda rəqabət daha da güclənəcək. Gələcəkdə dövlətin suverenliyi onun sərhədlərini qorumaqla yanaşı, vətəndaşlarının məlumatlarını, rabitə sistemlərini, enerji şəbəkələrini və rəqəmsal platformalarını müdafiə etmək qabiliyyəti ilə ölçüləcək. Kiberməkan görünməyən cəbhədir. Orada baş verən hücumların səsi eşidilməyə bilər, nəticələri isə milyonlarla insanın həyatına təsir göstərə bilər.

-Birinci kursu başa vurmuş tələbə kimi abituriyentlərə hansı tövsiyəni verərdiniz?

-Universiteti və ixtisası seçərkən adlara, reytinqlərə və ümumi təsəvvürlərə baxmaqla kifayətlənməsinlər. Proqramı araşdırsınlar, tələbələrlə danışsınlar, gələcək dərslərə və iş imkanlarına nəzər salsınlar. Universitetə qəbul olunmaq böyük və vacib mərhələdir, lakin əsas yol qəbuldan sonra başlayır. Heç bir universitet tələbənin əvəzinə öyrənə, təcrübə toplaya və məqsəd müəyyənləşdirə bilməz. Gənc insan özünü bir istiqamətə həbs etməməlidir. Əsas ixtisasla yanaşı, texnologiya, kommunikasiya, dil, iqtisadiyyat və analitika kimi əlavə bacarıqlar qazanmaq gələcək imkanları genişləndirir.

-Sizin üçün uğurun formulu nədir?

-Məncə, uğur maraq, intizam və səbrin birləşməsidir. Maraq insana istiqamət verir, intizam hərəkəti davam etdirir, səbr isə nəticənin zaman tələb etdiyini xatırladır. Bu gün sürətli nəticələr çox cəlbedici görünür. Sosial şəbəkələrdə insanların uğur anını görürük, həmin nəticənin arxasında dayanan illəri, uğursuz cəhdləri və yorğunluğu isə çox vaxt görmürük. Mən öz yolumun başlanğıcındayam. Öyrənməli olduğum mövzular, qazanmalı olduğum təcrübə və cavabını axtardığım suallar çoxdur. Bunun özü mənə motivasiya verir. 

Müsahibəni apardı:

Səbuhi Məmmədov

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью