Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail Knesseti (parlament) qondarma erməni soyqırımının tanınması məsələsi üzrə səsverməni dayandırıb.
İsrail mediasının məlumatına görə, qərar Yaxın Şərqdəki həssas diplomatik vəziyyət və Ankara-Təl-Əviv münasibətlərindəki gərginlik fonunda qəbul edilib.
Məsələnin Azərbaycan üçün mümkün siyasi və diplomatik nəticələri də diqqət mərkəzindədir.
Bildirilib ki, səsvermənin təxirə salınması İsrail və Türkiyə arasında gərginliyin azaldılması istiqamətində aparılan beynəlxalq səylərlə bağlı ola bilər.
"Bundan əlavə, ötən ay Azərbaycan İsrail hökumətinin qərarını pisləyib və onu bu təşəbbüsdən imtina etməyə çağırıb", - deyə məlumatda qeyd edilib.
Maraqlıdır, İsrail parlamentində qondarma erməni soyqırımı ilə bağlı səsvermənin təxirə salınmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qondarma erməni soyqırımı ilə bağlı səsvermə Türkiyə-İsrail münasibətlərini daha da gərginləşdirə bilərdi, məhz Knessetdə səsvermənin təxirə salınması regionda gərginliyin qarşısını aldı.
O qeyd edib ki, bir müddət əvvəl Knessetdə belə bir məsələnin müzakirəyə çıxarılacağı ilə bağlı məlumatlar yayılmağa başlamışdı:
“Artıq bu istiqamətdə səsvermənin keçirilməsi planlaşdırılırdı. Bildirim ki, hazırda Türkiyə-İsrail münasibətlərində müəyyən gərginlik mövcuddur və bu gərginlik özünü bir çox istiqamət və sahələrdə göstərir.
Bu baxımdan, belə bir səsvermənin keçirilməsi münasibətləri daha da gərginləşdirə və regionda ciddi gərginlik yarada bilərdi. Azərbaycan da bu məsələ ilə bağlı öz narahatlığını bildirmişdi”.
Onun sözlərinə görə, hamıya məlumdur ki, İsrail parlamentində qondarma erməni soyqırımının tanınması məsələsi üzrə səsverməni dayandırılması istiqamətində Azərbaycan ciddi səylər göstərib:
“Xarici İşlər Nazirliyinin bəyanatı, eləcə də müvafiq dövlət qurumlarının qarş tərəflə apardıqları danşıqlar, atdığı addımlar sonda bu prosesə mühüm töhfə verdi.
Bəzən Azərbaycanın İsraillə münasibətləri ilə bağlı müxtəlif müzakirələrin şahidi oluruq. Hətta qardaş Türkiyə və bir sıra hallarda İranla da bu barədə müxtəlif fərqli müzakirələri görürük.
Lakin bu hadisə bir daha göstərdi ki, Azərbaycanın İsraillə münasibətlərinin yüksək səviyyəli olması ümumi maraqlarımıza və məqsədlərimizə xidmət edir.
Azərbaycan zərurət yarandıqda bu əlaqələrdən məharətlə və düzgün şəkildə istifadə edir. Bu məsələdə də ölkəmiz öz rolunu və mövqeyini ortaya qoyaraq prosesə mühüm töhfə verdi.
Hesab edirəm ki, bu, böyük nailiyyət və mühüm uğurdur. Bu proses Azərbaycanın nə qədər düşünülmüş və mühüm xarici siyasət həyata keçirdiyini bir daha nümayiş etdirdi".
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: diplomatıya Ceyhun Məmmədov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin