Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlayıb.
İxtisas seçimi avqustun 28-dən sentyabrın 2-si saat 23:59-dək aparılır.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Subbakalavrlar da bu tarixlərdə qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər. Onlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun ixtisasları “Abituriyent” jurnalının 7-ci sayından seçə bilərlər.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər və subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Orta ixtisas təhsili müəssisə¬lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se¬çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.
Bəs boş plan yerlərinə qəbul şansını artırmaq üçün ixtisas seçimi necə edilməlidir? Abituriyentlər ən çox hansı səhvlərə yol verirlər?
Mövzu ilə bağlı “Bakupost”a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, ali təhsil müəssisələrində qəbul faizi 97 faizdən yuxarı olub və plan yerlərinin təxminən 3 faizi boş qalıb.
Onun sözlərinə görə, boş plan yerləri üzrə seçim zamanı rəqabət kifayət qədər yüksək olacaq:
“Ən gərgin keçən boş qalan yerlərin ixtisas seçimi 3-cü qrup üzrədir ki, cəmi 5 plan yeri var– kitabxanaçılıq və informasiya təminatı ixtisasıdır. Bu ixtisas Bakı Dövlət Universitetində tədris ingiliscədir. Düşünürəm ki, bununla bağlı yalnız balı 300-400-dən yuxarı olan abituriyentlər seçim etsələr, bəlkə şansları ola bilər.
Ümumi şəkildə 100 nəfərdən çox gəncimiz yüksək bal toplamalarına baxmayaraq, yanlış seçim etdiklərinə və ya istəmədikləri ixtisasda oxumaq istəmədiklərinə görə müsabiqədən kənarda qalıblar. Nəzərə almaq lazımdır ki, boş qalan plan yerlərində bu gənclər də iştirak edəcəklər və ona görə müsabiqə daha da gərgin keçəcək.
1-ci ixtisas qrupunda riyaziyyat-informatika alt qrupunda vəziyyət 3-cü ixtisas qrupundakı kimidir. Bakı Ali Neft Məktəbində qalan ixtisaslar var və orada da bu ixtisasların keçid balı 600 balın üzərindədir. 1-ci və 2-ci ixtisas qrupunun riyaziyyat-kimya alt qrupunda isə vəziyyət digər qruplara nisbətən yaxşı olsa da, yenə də abituriyentlərimiz ciddi şəkildə seçim etməlidirlər. 28 min nəfərə yaxın abituriyent ümumi şəkildə müsabiqə vəziyyətindən kənarda qalıb və bunların hər biri ixtisas seçimində boş qalan plan yerlərində iştirak edəcəklər. Həmçinin abituriyentlər universitetdə olan boş qalan plan yerlərini yazmaqla yanaşı, 11 illik təhsil bazasında kolleclərə ixtisas seçimini də portal vasitəsilə edə, oranın ixtisaslarını da yaza bilərlər.
Ümumilikdə müsabiqə vəziyyəti nə qədər gərgin keçsə də, düşünürəm ki, qəbul faizi artıq 1,5 faiz də arta bilər".
Ə.Həsənli qəbul prosesində başqa bir uyğunsuzluğun da olduğunu bildirib:
“28 avqustdan 8 sentyabra qədər ali təhsil müəssisələrinə qəbul olan gənclərin “my.gov” platforması üzərindən qeydiyyatı aparılır və nəzərə alsaq ki, xaricdəki universitetlərə qəbul olan gənclər olacaq, yaxud ödəniş məsələsinə görə universitetlərdən imtina edən gənclər olacaq. Və bu imtinadan qalan həqiqi boş yerlər yanıb gedəcək. Çünki boş plan yerlərinə müsabiqə 2 sentyabra qədər davam edəcək. Ona görə artıq imtina səbəbindən boş qalan yerləri abituriyentlər seçim edə bilməyəcəklər.
Fikrimcə, Dövlət İmtahan Mərkəzi bu mexanizmə də düzəliş etməlidir. Yüzlərlə gənc imtina etsə, boş qalan yerlərə digər abituriyentlər və ya subbakalavrlar üçün müəyyən şanslar yaradıla bilərdi. Yəqin ki, bu, vaxt məhdudiyyəti səbəbindən həyata keçirilmir. Amma nə qədər olmasa, bu prosesdə öz-özlüyündə müəyyən boşluqlar var. Düşünürəm ki, bu boşluqlar bu il də olmasa, gələn il aradan qaldırılmalıdır”.