Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ildə məktəb direktorlarının işə qəbulu müsabiqəsində 9 mindən çox namizəd iştirak etmək üçün müraciət edib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, onlardan 2 minə yaxın namizəd müsahibə mərhələsinə qatılıb, 463 nəfər isə müsabiqənin yekun nəticələrinə əsasən uğur qazanıb.
Bildirilib ki, direktorların işə qəbulu müsabiqəsi ölkə üzrə geniş namizəd auditoriyasını əhatə edən, çoxmərhələli və kompleks qiymətləndirmə prosesidir. Müsabiqənin ayrı-ayrı mərhələlərində iştirak edən namizədlərin sayının çoxluğu və yekun nəticələrin təhlili müəyyən vaxt tələb edir.
"Müsahibə mərhələsində namizədlərin qiymətləndirilməsi müvafiq qaydalarla müəyyən edilmiş meyarlar çərçivəsində həyata keçirilib. Müsahibələrin əsas məqsədi namizədlərin yalnız nəzəri biliklərini deyil, eyni zamanda idarəetmə bacarıqlarını, strateji və analitik düşünmə qabiliyyətlərini, qərarvermə və situasiyaları təhlil etmək bacarıqlarını qiymətləndirmək olub.
Bu çərçivədə namizədlərə ünvanlanan suallar onların məktəb rəhbəri kimi fəaliyyətə hazırlıq səviyyəsinin, təhsil müəssisəsinin inkişafına dair yanaşmalarının və mümkün idarəetmə qərarlarının qiymətləndirilməsinə xidmət edib".
Qeyd edək ki, müsabiqənin yekun nəticələrinə əsasən 463 nəfər uğur qazanıb. Yəni, müsabiqəyə müraciət edənlərin sayı ilə müqayisədə uğur qazananların sayı xeyli az olub: hər 100 müraciətçidən təxminən 5-i seçimdən keçib.
Fəridə, Bizim.Media