Dirilik cövhəri, yoxsa “zorən” təbiblik?

29.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Yaşadığımız dövrün acı həqiqətlərindən biri sosial şəbəkələrdə və televiziya kanallarında dərman maddələri və bioloji aktiv əlavələrin (BAƏ) reklam xarakterli təbliğidir. Maraqlıdır ki, əksər hallarda bu təbliğatı heç bir tibb və ya əczaçılıq təhsili olmayan, 1–2 ay naməlum özəl kurslar keçmiş və apteklərdə yanaşı xidmətə götürülmüş insanlar aparır.

Məlumdur ki, hazırda aptek marketinqini insan sağlamlığı deyil, gəlir maraqlandırır. Bu səbəbdən, reklam olunan dərman maddəsinin törədə biləcəyi fəsadları, ən əsası isə, bu işin hüquqi məsuliyyətini başa düşməyən təbliğatçılara satışdan əldə edilən gəlirin müəyyən faizi bonus şəklində verilir. Bu şirnikləndirmə mexanizmi belə halların kütləviləşməsinə yol açır. Bu da, öz növbəsində, insanların sağlamlığına ciddi təhlükə yaradır.

Bu fikirləri apteklərdə reseptsiz satılan və qəbulu həkim tövsiyəsi olmadan reklam olunan “dərmanlar”la bağlı söhbətimizdə tibb elmləri doktoru Musa Qəniyev bildirdi. Professor hazırda reklam olunan dərman və bioloji aktiv əlavələrin təhlükəsi, əlavə təsir və fəsadları haqqında məlumatları cəmiyyətə çatdırmağın zəruriliyini vurğuladı:

– Öncə daha çox stres əleyhinə reklam olunan 5-HTP, melatonin, maqnezium haqqında fikirlərimi söyləmək istəyirəm. 5-HTP (hidroksitriptofan) serotoninin sələfidir. Əgər xəstə klassik antidepressant, güclü analgetik (ağrıkəsici) və ya revmatoloji dərman qəbul edirsə, bu halda 5-HTF fonunda, həyat üçün son dərəcə təhlükəli, hətta ölümə səbəb olacaq “serotonin sindromu”nun baş verməsi qaçılmazdır.

Melatonin preparatının uzunmüddətli qəbulu, endogen yuxu hormonunun sintezini bəzən geridönməz şəkildə blok edir. Bu halda, melatonin qəbulunun dayandırılması yuxusuzluğa səbəb olur. Melatoninin hətta qısamüddətli, nəzarətsiz qəbulu belə, qonadotrop hormonların səviyyəsinin azalması depressiya və gündüzlər çox güclü yuxululuğa səbəb ola bilər.

Maqnezium isə kəskin diareya, dispepsiya, arterial təzyiqin enməsi, əzələ zəifliyi, ağır hallarda isə kəskin bradikardiya və ürək əzələsində (miokard) keçiriciliyi pozur.

– Apteklərdə insanlara mədə-bağırsaq sisteminə təsir göstərən preparatlar və hepatoprotektorlar da təklif olunur.

– Reklam olunan hepatoprotektorlar alaqanqal bitkisindən alınır və tərkibi silibinin, silikristin, silidianin kimi fenol birləşmələrindən ibarətdir. Bunlar çox güclü ödqovucu təsirə malikdir. Bunları qəbul edən şəxsdə gizli və diaqnozu dəqiqləşdirilməyən xolelitiaz (öd daşı xəstəliyi) varsa, öd daşının hərəkətə gətirən və öd yollarının tutulması ilə müşahidə olunan çox kəskin qaraciyər kolikinə (spastik dözülməz ağrı) səbəb ola bilər. Bu halda, yeganə çıxış yolu yalnız təcili operativ müdaxilədir.

Mədə-bağırsaq sisteminə təsirdən danışanda probiotik və prebiotikləri unutmamalıyıq. BAƏ qrupuna aid olan bu canlı bakteriya ştammları immun sistemi zəif və ya ciddi yanaşı xəstəliyi olan (məsələn, epitelial keçiriciliyin artması sindromu) şəxslərə təyin olunduqda, bakteremiya və ya funqemiyaya səbəb ola bilər. Bunun da müalicəsi çətin, uzun zaman və böyük maliyyə vəsaiti tələb edən prosesdir.

Yeri gəlmişkən, xondroprotektorlardan da (qlyukozamin, xondroitin) danışmaq yerinə düşər. Qlyukozamin kimyəvi quruluşca aminosaxariddir. Toxumaların insulinə rezistentliyini və mədəaltı vəzə düşən metabolitik yükü kəskin artırır. Odur ki, nəzarətsiz qəbulu diabetönü və 2-ci tip şəkərli diabeti olan şəxslərdə karbohidrat mübadiləsinin pozulması və müalicəyə tabe olmayan – dözümlü hiperqlikemiya ilə müşahidə olunur.

Xondroitin sulfat antikoaqulyant (qan durulaşdırıcı) təsirə malikdir. Onun antiaqreqant (kardio aspirin, klopidoqrel) və ya digər antikoaqulyant alan şəxslərə təyini mədə-bağırsaq və daxili qanaxma riskini kəskin şəkildə artırır. Bu halın nəyə səbəb ola biləcəyinin əlavə izaha ehtiyacı yoxdur.

– Bu preparatlar arıqlamaq məqsədilə də tövsiyə olunur. Onların yan təsirləri barədə nə deyə bilərsiniz?

– Doğrudur, metabolitik proseslərə təsir göstərən və “fəsadsız kilo itkisinə” səbəb olan BAƏ-lər var. Məsələn, “təbii ozempik” adlandırılan bioloji aktiv əlavənin tərkibi berberin və alfa-lipoy turşusudur. Bu tərkibə daxil olan berberin qara ciyərdə sitixrom p450 fermentlər sistemini inaktivləşdirir. Bu fermenti hazırda əksər insanların demək olar ki, gündəlik qəbul etdiyi hipotenziv preparatların, eləcə də statinlərin və antikoaqulyantların metabolizmi törədir. Odur ki, bu fermentin inaktivləşməsi məlum dərman maddələrinin qan plazmasındakı konsentrasiyasının kəskin artırar, hətta poliorqan çatışmazlığı və letal sonluqla (ölümlə) nəticələnər. Alfa-lipoy turşusu çox güclü insulinomimetikdir. İstifadə dozası korreksiya olunmadığı halda qanda şəkərin miqdarını kəskin azalda, çox ağır hipoqlikemiya, hətta hipoqlikemik komaya səbəb ola bilər.

– Yüksək dozada vitamin C, vitamin D3 və Sink qəbulunun əks-təsirləri nə dərəcədədir?

– Vitamin C-nin meqadozalarda uzunmüddətli qəbulu hiperoksaluriya və böyrəklərdə oksalat daşlarının əmələ gəlməsi (nefrolitiaz), eləcə də mədə selikli qişasının ciddi zədələnməsi ilə müşahidə olunur.

D3 vitamininin yüksək dozalarda nəzarətsiz qəbulu kumulyasiya və hiperkalsiemiyaya törədir. Kalsium damarların divarında, miokardda və böyrəklərin parenximasında (nefrokalsinoz) toplanır və bu orqanların funksiyasını pozur.

Sinkin artıq miqdarda qəbulu, misin bağırsaqlardan sorulmasını bloklayır. Odur ki, uzunmüddətli qəbulu orqanizmdə mis defisiti, anemiya və ağır nevroloji pozğunluq (mielopatiya) yaradır.

– Bəzən dəri xəstəliklərinin müalicəsində tərkibi məlum olmayan məlhəmlər də tövsiyə olunur.

– Müasir dövrdə etiopatogenetik mexanizminə görə, nozoloji vahid olaraq 4000-dən artıq müxtəlif dəri xəstəlikləri mövcuddur. Bunların hər birinin müalicəsi, yalnız ali təhsilli dermatoloqun düzgün diaqnostik dəyərləndirilmə və təyinatı əsasında aparılmalıdır. Əks halda faciə ilə nəticələnəcəyi qaçılmazdır. Hazırda qeyri-professionalların reklam etdikləri dərman maddələrinə dəri xəstəlikləri zamanı tövsiyə olunan müxtəlif məlhəm, pasta və krem halında olan dərmanlar da aiddir.

Son olaraq onu da deyim ki, istənilən dərman maddəsinin istər profilaktik, istərsə də müalicə məqsədilə təyinatı və istifadəsi yalnız həmin sahənin ixtisaslı klinik həkiminin göstərişi və nəzarəti altında aparılmalıdır. Digər tərəfdən, dərman maddələri və bioloji aktiv əlavələrin reklamını tənzimləyən qanun qəbul edilməlidir. Qanunun tələblərini pozanlar ciddi şəkildə cəzalandırılmalı və hüquqi məsuliyyət daşımalıdır.

Zərifə BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью