Diş çürüməsinin qarşısını alan təbii üsul kəşf edildi

25.01.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Danimarkalı alimlər diş çürüməsinin qarşısını alan təbii üsul kəşf ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Science Daily” jurnalında dərc olunan araşdırmada qeyd olunub.

Bildirilib ki, Orxus Universitetinin tədqiqatçıları təbii amin turşusu olan argininin dişlərdə çürümə və daş əmələ gəlməsi riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən ediblər. Araşdırma aktiv diş çürüməsi olan xəstələr üzərində aparılan sınaqlara əsaslanıb.

Məlumata görə, təcrübə zamanı xüsusi hazırlanmış protezlərin bir tərəfi arginin məhlulu, digər tərəfi isə adi su ilə təmizlənib. Cəmi 4 gündən sonra aparılan analizlər göstərib ki, argininlə işlənən sahələrdə turşuluq səviyyəsi kəskin şəkildə aşağı düşüb.

Qeyd olunub ki, arginin diş lövhəsindəki zərərli bakteriyaların sayını azaldır, eyni zamanda ağız boşluğundakı turşu mühitini neytrallaşdıran faydalı mikroorqanizmlərin inkişafına kömək edir.

Tədqiqatın rəhbərlərindən olan Yumi Del Rey qeyd edib ki, arginin təbii olaraq insan tüpürcəyində mövcuddur və ət, balıq, süd məhsulları, qoz-fındıq kimi qidalarda bol miqdarda tapılır. Bu kəşf gələcəkdə daha effektiv diş məcunlarının və ağız yaxalayıcılarının hazırlanmasına yol aça bilər.

Xatırladaq ki, bir müddət əvvəl aparılan digər araşdırmalar sarımsaq ekstraktının da diş çürüklərinə qarşı effektiv müdafiə təmin etdiyini ortaya qoymuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью