Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur oyun və ünsiyyət platforması “Discord”un fəaliyyətində qlobal kütləvi şəbəkə çökməsi baş verib.
“Qafqazinfo” “TechRadar” nəşrinə istinadla xəbər verir ki, dünyanın bir çox ölkəsində istifadəçilər tətbiqə daxil ola bilmədiklərini bildirirlər.
Problem hazırda xüsusilə Böyük Britaniya və ABŞ-də daha kəskin hiss olunur. Böyük Britaniyada platformanın masaüstü (kompüter) versiyası tamamilə dayansa da, mobil tətbiqin hələ ki işlədiyi və mesajlaşmanın mümkün olduğu bildirilir. ABŞ-də isə istifadəçilər tətbiqin işləməməsi ilə bağlı “X” sosial şəbəkəsində minlərlə şikayət paylaşırlar.
Problemin ilk dəqiqələrində “Discord”un rəsmi status səhifəsində bütün serverlərin qaydasında olduğu göstərilsə də, az sonra məlumat yenilənib. Şirkətdən “sessiya əlçatanlığı” ilə bağlı texniki problemin yarandığı təsdiqlənib və hazırda araşdırma aparıldığı qeyd olunub.
Xatırladaq ki, bu, “Discord”da son günlər baş verən ikinci böyük çökmədir. Sentyabrın 11-də də platformada səsli zənglərlə bağlı kütləvi nasazlıq yaranmış, “Downdetector” xidmətinə 14 mindən çox şikayət daxil olmuşdu. Şirkət həmin vaxt dəqiq səbəbi açıqlamasa da, yenilənmə verərək sistemin bərpa olunduğunu elan etmişdi.