Dişləri məhv edən zərərsiz vərdişlər nələrdir? Həkimdən AÇIQLAMA

29.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Braziliyalı stomatoloq Leonardo Açioli dırnaq yemə vərdişinin dişlər və ağız boşluğu üçün ciddi fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıq edib. 

Redaktor.az xəbər verir ki, o, bu barədə "Terra" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, dırnaqları tez-tez dişləmək dişlərə qeyri-təbii yük salır. Bu isə diş minasının daha sürətli aşınmasına, mikroyaralar, çatlar və qopmaların yaranma riskinin artmasına səbəb olur. Zamanla bu proses dişlərin həssaslığının yüksəlməsinə və daha kövrək hala gəlməsinə gətirib çıxara bilər. Bundan əlavə, belə bir vərdiş diş ətlərinin iltihabına və dişləmə (diş sırası) problemlərinə də yol aça bilər.

Açioli qeyd edib ki, dırnaqların altında çoxlu sayda bakteriya toplanır. Onların ağız boşluğu ilə təması infeksiyalara səbəb ola, xüsusilə selikli qişada xırda zədələr olduqda diş əti problemlərini daha da ağırlaşdıra bilər.

Stomatoloq dişlər üçün zərərli olan digər “zərərsiz” görünən vərdişlərə də diqqət çəkib. Onun sözlərinə görə, dişləri yad əşyalarla təmizləmək, qidanı daim yalnız çənənin bir tərəfi ilə çeynəmək və qablaşdırmaları dişlə açmağa çalışmaq travma və iltihab riskini artırır.

Həkim vurğulayıb ki, dişləri qorumaq üçün təkcə zərərli vərdişlərdən imtina etmək kifayət deyil, eyni zamanda ağız boşluğuna qulluq vasitələri düzgün seçilməlidir. Onun fikrincə, yüksək abrazivliyə malik diş pastaları və tərkibində çoxlu spirt olan ağız yaxalayıcıları diş minasını nazildə və ağız mikroflorasının balansını poza bilər ki, bu da dişləri daha həssas edir.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью