Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"The Walt Disney Company" minlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır. Şirkət rəhbərliyi idarəetmə heyətinə illik xərcləri 20% azaltmaq tapşırığı verib. Oxuməni.az xəbər verir ki, bu barədə "Bloomberg"in mənbələrə istinadən verdiyi məlumatda deyilir.
Xərclərin azaldılması tədbirləri həm işçi ixtisarlarını, həm də digər xərc istiqamətlərindəki azalmaları əhatə edəcək (konkret sahələr açıqlanmayıb). İxtisarlar əsasən Disney-ə məxsus televiziya kanallarına, kino studiyalarına və əyləncə parklarına təsir edəcək.
Disney rəhbərlərindən biri Coş D'Amaro, əldə edilən qənaətin bir hissəsini kino və televiziya məzmununun inkişafına, əyləncə parklarına və şirkətin kruiz biznesinə yönəltməyi planlaşdırır.
Son illərdə Disney artıq xərclərini milyardlarla dollar azaldıb və minlərlə iş yerini ləğv edib. Bu optimallaşdırma tədbirləri şirkətin bütün bölmələrini, o cümlədən "ABC" və "ESPN" televiziya şəbəkələrini, kino studiyalarını (məsələn, "Pixar" və "Disney") və əyləncə layihələri bölməsini əhatə edib.
Ötən maliyyə ilinin sonuna olan məlumata görə, Disney-də təxminən 231 000 nəfər çalışırdı.
"Bloomberg"in qeyd etdiyi kimi, Disney-in rəqibləri — o cümlədən "Netflix", "Sony Pictures", həmçinin "Paramount" və "Warner Bros." şirkətlərinin müvafiq bölmələri də iş yerlərini ixtisar edirlər. Buna səbəb ənənəvi televiziyadan əldə edilən gəlirlərin azalması və striminq xidmətlərində abunəçi artımının yavaşlamasıdır.
Əziz MUSTAFA