Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Azərbaycanda evdən və məsafədən iş rəsmiləşir.
Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.
İşçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib.
Yeni dəyişikliyə əsasən, məsafədən (distant) iş dedikdə əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsini nəzərdə tutur.Qeyd edək ki, Azərbaycanda “distant” sözü təhsillə bağlı yayılmış bir termindir.
Bu isə onunla bağlıdır ki, COVID-19 pandemiyası qlobal miqyasda təhsil sistemlərində böyük bir transformasiyaya səbəb oldu.
Bu dövrdə məktəblər, ali təhsil ocaqları sürətlə onlayn platformalara keçdilər və distant təhsili yalnız "alternativ" deyil, həm də əsas təlim modeli halına gətirdilər.
Pandemiyadan sonrakı dövrdə bu sistem daimi hala gəldi. Azərbaycanda distant təhsil dedikdə, ancaq orta məktəb nəzərdə tutulur.
Ancaq dünyada distant təhsilin bir neçə forması mövcuddur ki, buraya - Qısamüddətli Onlayn Kurslar, Sertifikat Proqramları, Diplom Proqramları, Bakalavr Proqramları, Magistr və Aspirantura Proqramları da daxildir.