525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Distant və hibrid iş modeli Azərbaycanda yeni anlayış deyil və pandemiyadan sonra özəl sektorda geniş tətbiq olunmağa başlayıb. Qanunvericilikdə dəyişikliklər edilməzdən əvvəl də özəl sektorda distant iş praktikasından istifadə olunurdu. Pandemiyadan sonra həm təhsil, həm də müxtəlif iş yerlərində hibrid iş rejimi tətbiq edilməyə başladı və son illər bu modeldən istifadə edənlərin sayı artıb. Hibrid iş modeli işəgötürənlər üçün xərclərin optimallaşdırılmasına imkan yaradır. Qanunvericilik bazasının formalaşması növbəti dövrdə evdən işləyənlərin sayının artmasına gətirib çıxaracaq. Bunun üstünlüyü yalnız işəgötürənlərin xərclərinin azalması deyil. Bu model bəzi hallarda vətəndaşlara eyni vaxtda bir neçə iş yerində çalışaraq daha çox gəlir əldə etmək imkanı da yaradır".
Bu fikirləri iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hazırda distant və hibrid iş modeli əsasən özəl sektorda tətbiq edilir və növbəti mərhələdə bu təcrübənin dövlət sektorunda da genişləndirilməsi vacibdir: "Əsas məsələ dövlət sektorunda da bu modelin daha geniş yayılmasına nail olmaqdır. Çünki hazırda özəl sektor hibrid iş rejimindən daha fəal istifadə edir. Gözləntilər ondan ibarətdir ki, dövlət sektorunda da həm ofisdən, həm də evdən işləyənlərin sayı artsın".
V.Bayramovun fikrincə, yaxın illərdə əmək bazarında yeni məşğulluq modellərinin tətbiqi sürətlənəcək və bu dəyişikliklər yalnız hibrid iş rejimi ilə məhdudlaşmayacaq. Yeni yanaşmalar əmək münasibətlərinin daha çevik və müasir tələblərə uyğun təşkilinə şərait yaradacaq.
İqtisadçı-ekspert Elman Sadıqov deyir ki, bu əmək forması artıq bir sıra şirkətlər tərəfindən tətbiq olunur. İşçi hər gün işə gedib-gəlmədiyi üçün əlavə yorğunluq yaşamır, nəqliyyat və evdən kənar nahar xərcləri azalır ki, bu da həm sosial komfort, həm də maliyyə baxımından üstünlükdür. Ekspertin sözlərinə əsasən, distant iş modelinin digər müsbət tərəfi şəhər yükünün azalmasıdır. Yəni işə gedib-gələnlərin sayı azaldıqca, tıxaclar da qismən azalır ki, bu da ümumi iqtisadi effektivliyə müsbət təsir edir. Eyni zamanda, şirkətlər də ofis, kommunal və digər xərclərə qənaət etmiş olur.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun fikrincə, burada ən ciddi sual məsafədən işləyənlərin əməyinin mühafizəsinin necə təmin olunacağı ilə bağlıdır: "İşəgötürən işçinin sağlamlığına dəyən hər bir zərərə görə həm maddi, həm də hüquqi məsuliyyət daşıyır. İş yeri təhlükəsiz olmalı, texniki təhlükəsizlik qaydalarına riayət edilməli, ədalətli və əlverişli əmək şəraiti yaradılmalıdır. Amma bu tələblərin məsafədən iş şəraitində real şəkildə təmin olunub-olunmayacağı ilə bağlı sualların açıq qalır. Müvafiq qanunvericiliyə əsasən, məsafədən işləyən işçi də istehsalatda baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortalanmalıdır. Bu tələb yerinə yetirilmədikdə, işəgötürənə 5 min manatadək cərimə tətbiq edilə bilər. Lakin əsas sual elə burada ortaya çıxır. Məsafədən fəaliyyət göstərən işçi iş saatlarında hər hansı bədbəxt hadisə ilə qarşılaşarsa, bu qəza sığorta hadisəsi kimi qəbul ediləcəkmi? Bu, açıq qalan məsələlərdəndir".
Sevinc QARAYEVA