Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, dünyada neft emalı zavodlarının çatışmazlığı qlobal dizel böhranına səbəb olur. O, həmçinin benzin qiymətlərinin artmasına Ukraynadakı vəziyyətin də təsir etdiyini qeyd edib.
Bəs qlobal dizel böhranı nə vaxta kimi davam edə bilər? Bu böhran daha çox hansı ölkələrə təsir edir?
Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətə neft azlığı deyil, hazır məhsul ehtiyatlarının çatışmazlığı gündəmdədir.
Onun sözlərinə görə, qlobal dizel böhranının nə vaxta kimi davam edəcəyi ilə bağlı müxtəlif proqnozlar var:
"Məsələn, ABŞ Enerji İnformasiya Administrasiyası Rusiyadakı emal zavodlarının fəaliyyətinin azalmasının qlobal bazara təsirinin 2027-ci ilin ilk yarısına qədər davam edə biləcəyini bildirir. EIA həmçinin, ABŞ-də dizel ehtiyatlarının 2027-ci ilin sonlarına qədər son beş ilin minimumundan aşağı qalacağını proqnozlaşdırır. Yaxın Şərqdəki neft və emal güclərinin tam bərpasının 2027-ci ilə qədər təxirə düşdüyü bildirilir. Məlumdur ki, Bəhreyn (Sitra), Səudiyyə Ərəbistanı (Ras Tanura), BƏƏ (Ruwais), Qətər (Pearl GTL) və s. kimi zavodlar hərbi münaqişələr zamanı zədələnib. Bu səbəbdən düşünürəm ki, böhranın əsasən 2027-ci ildə də davam etməsi mümkündür. Əgər Rusiya və Yaxın Şərqdəki emal gücləri bərpa olunarsa, bazarda nəzərəçarpacaq normallaşma ola bilər. Lakin müharibələr və logistika problemləri uzanarsa, bu müddət daha çox davam edəcək".
İqtisadçı alim Vüsalə Əhmədova
Böhranın hansı ölkələrə ciddi təsir edəcəyinə toxunan V.Əhmədova hesab edir ki, ABŞ və Avropa ölkələri ciddi şəkildə dizel idxalından asılıdır. Xüusən də ABŞ-də dizel ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib.
"Həmçinin Afrikanın bir sıra ölkələri də daxili emal gücləri məhdud olduğuna görə idxal olunan dizeldən ciddi asılıdır. Asiya ölkələri və Azərbaycan üçün isə ümumilikdə ciddi təsir göstərəcəyini düşünmürəm", - deyə iqtisadçı qeyd edib.
Gülşən Şərif