Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
Bina və qurğular layihələndirilərkən yalnız memarlıq həllərini deyil, həm də tikinti konstruksiyalarının və materiallarının akustik xüsusiyyətlərini nəzərə almaq vacibdir. Laborator tədqiqatlar onların səsizolyasiya və səsudma xüsusiyyətlərini müəyyən etməyə, akustik baxımdan rahat məkanların yaradılması üçün zəruri məlumatlar əldə etməyə imkan verir.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Bakıda keçirilən Beynəlxalq Akustika Mühəndisliyi Forumunda iştirak edən Nijni Novqorod Dövlət Tikinti-Memarlıq Universitetinin rektoru, texnika elmləri üzrə fəlsəfə doktoru (PhD) Dmitri Şeqolev belə deyib.
“Akustika mühəndisi, memar və layihəçi üçün layihədə istifadə olunacaq materialların və konstruksiyaların xüsusiyyətlərini bilmək vacibdir. Bu parametrləri müəyyən etmək üçün laboratoriya ölçmələri aparılmalıdır”, – deyə müsahibimiz bildirib.
Dmitri Şeqolevin sözlərinə görə, birgə tədqiqatlar yalnız divarların, tavanların və digər konstruksiyaların səsizolyasiya xüsusiyyətlərini deyil, həm də zalların akustik tərtibatında istifadə olunan elementlərin, o cümlədən oturacaqların səsudma xüsusiyyətlərini nəzərə alır.
Əldə olunan məlumatlar müəyyən akustik tələblərə cavab verən bina və məkanların layihələndirilməsi ilə məşğul olan mütəxəssislər üçün praktiki əhəmiyyət daşıyır. Materialların və konstruksiyaların xüsusiyyətlərinin obyektiv qiymətləndirilməsi layihənin hazırlanma mərhələsində əsaslandırılmış mühəndislik qərarlarının qəbuluna imkan verir.
Forumun Bakıda keçirilməsindən danışan Dmitri Şeqolev Azərbaycan paytaxtına yenidən səfər etmək imkanından məmnun olduğunu vurğulayıb. O, Bakıda ilk dəfə 2018-ci ildə olub.
“Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir. Burada çoxlu tikinti işləri aparılır, maraqlı memarlıq nümunələri var. Xüsusilə “Alov qüllələri” kompleksi məni heyran edir. Məncə, bu kompleks, həqiqətən də şəhərin simvollarından biridir”, – deyə o bildirib.
Müsahibimizin sözlərinə görə, forum təcrübə mübadiləsi və elmi tədqiqatların nəticələrinin müzakirəsi üçün də şərait yaradır. O qeyd edib ki, Nijni Novqorod Dövlət Memarlıq-Tikinti Universiteti “Acoustic Group” ilə birgə təşkil olunan tədbirlərdə mütəmadi iştirak edir. 2024-cü ildə forum Nijni Novqorodda keçirilib və həmin tədbirdə akustik mühəndisliyin aktual məsələləri müzakirə olunub.
Müxbir – Lalə Minasazova
Foro – Səfiyar Məcnun