Dnepr üzərində ölümcül zərbələr: Kiyevin strateji körpüləri hədəfdə

20.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın paytaxtı Kiyevdə Dnepr çayı üzərində yerləşən üç körpü Rusiya tərəfindən ballistik raket zərbələrinə məruz qalıb. Nəticədə üç nəfər həlak olub, təxminən 15 nəfər yaralanıb. Bu barədə “Reuters” agentliyi Kiyev meri Vitali Kliçkonun açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr Podilsko-Voskresenski, Darnitski və Pivdenni körpülərinə endirilib. Hadisə nəticəsində paytaxtın müxtəlif ərazilərində yanğınlar baş verib, mühüm infrastruktur obyektlərinə və binalara ziyan dəyib. Şəhərin sol və sağ sahillərini birləşdirən əsas nəqliyyat xətlərində hərəkət məhdudlaşdırılıb, bəzi istiqamətlər üzrə körpülər bağlanıb.

Agentliyin məlumatına əsasən, hücumlar Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın Krım körpüsünə həmin həftə ərzində üçüncü dəfə hücumundan sonra cavab tədbirləri görəcəyi barədə bəyanatından sonra baş verib. Bununla belə, agentlik hadisələrlə bağlı tərəflərin açıqlamalarını müstəqil şəkildə təsdiqləyə bilmədiyini də qeyd edib.

Dnepr çayı Kiyevin nəqliyyat və şəhər infrastrukturu baxımından mühüm coğrafi xəttidir. Çay üzərindəki körpülər paytaxtın iki sahilini birləşdirməklə yanaşı, gündəlik həyatın, iqtisadi əlaqələrin və şəhər nəqliyyatının fasiləsiz fəaliyyətində mühüm rol oynayır. Bu obyektlərin zədələnməsi təkcə nəqliyyat hərəkətinə deyil, həm də şəhərin ümumi infrastruktur təhlükəsizliyinə təsir göstərir.

Davam edən müharibə fonunda strateji infrastruktur obyektlərinin hədəfə alınması mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır. Kiyevdə baş verən son hadisə bir daha göstərir ki, müharibənin ağır nəticələri yalnız cəbhə xətti ilə məhdudlaşmır, şəhərlərin gündəlik həyatına və insanların təhlükəsizliyinə də ciddi təsir edir.

N.Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью