“Doğma şəhərimizdə final oynamaq istəyirik”

18.09.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkü atılıb.

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkatmasının nəticələri və həlledici matçın Gəncədə keçirilməsi qərarı ilə bağlı klubun rəsmi saytına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Azər Məmmədov klubun Media və Marketinq Departamentinə püşk barədə fikirlərini bölüşüb:

— Bu gün ölkə kubokunun yeni mövsümünün püşkatmasında “Kəpəz”in bəxtinə 2-ci təsnifat mərhələsində “Baku Sportinq” komandası düşüb. Püşkün nəticəsini “sarı-göylər” üçün necə dəyərləndirirsiniz?

— Püşkün nəticəsindən asılı olmayaraq, istənilən rəqibə qalib gəlməyə çalışacağıq. Kubok uğrunda yarışda bəzi futbolçulara, xüsusilə gənc oyunçulara forma geyinmək şansı verəcəyik. Bu turnirdə bacardığımız qədər irələmək niyyətindəyik.

— Çoxları komandanızın “Baku Sportinq”i asanlıqla keçəcəyini proqnozlaşdırır. Yəni, 1/8 finalda “Turan” — “Kəpəz” cütünün olacağını düşünürlər. Sizcə, 1/8 mərhələni adlamaq olarmı?

– Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Öncə 2-ci təsnifat mərhələsində uğur qazanmaq lazımdır. Ötən illərlə müqayisədə I Liqanın səviyyəsi yüksəlib. Həmin çempionatda yaxşı komandalarımız var. Güclü rəqabətin məvcud olduğu yarış keçirilir. “Baku Sportinq” isə ötən mövsüm I Liqada 4-cü yeri tutub. Düşünürəm ki, “Baku Sportinq” asan rəqib deyil. Təbii ki, meydançaya qələbə üçün çıxacağıq. Rəqibimizi məğlub edib, 1/8 finala yüksəlməyə çalışacağıq.

— Kubokun finalının Gəncədə keçiriləcəyi xəbərini necə qarşıladınız?

— Bu xəbər məni çox sevindirdi. Fikrimcə, kubokun final matçının Gəncəyə salınması ən düzgün, ən yaxşı qərardır. Çünki Gəncə sakinləri futbolu çox sevirlər. Gəncəli azarkeşlər kubokun finalına rəng qatacaqlar, şəhərimizdə əsl futbol bayramı yaşanacaq.

— Gəncəli fanatların daha bir arzusu var: “Kəpəz”i kubokun finalında görmək. Necə düşünürsünüz, bu arzunu reallığa çevirmək nə dərəcədə mümkündür?

— Əlbəttə, mən də gəncəli azarkeşlərin bu arzusuna qoşuluram. Çox istərdim ki, doğma şəhərimizdə, doğma meydançamızda finala vəsiqə qazanan komandalardan biri “Kəpəz” olsun. Bundan ötrü əlimizdən gələn heç nəyi əsirgəməyəcəyik, maksimum gücümüzü ortaya qoyacağıq. İnşallah, nəyə nail olacağımızı zaman göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью