Doğma yurda qayıdışdan iqtisadi dirçəlişə: Böyük Qayıdış

13.11.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”; 

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və həmin bölgələrdə dayanıqlı həyatın təmin edilməsidir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların geri qayıtması yalnız tarixi ədalətin bərpası deyil, həm də həmin ərazilərin sosial, iqtisadi və mədəni həyatının yenidən canlandırılması deməkdir. Bu proses yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. İnsanların doğma yurdlarında daimi yaşaması, işləməsi, təhsil alması və sosial xidmətlərdən yararlanması üçün zəruri şəraitin yaradılması da xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan, Böyük Qayıdış proqramı təkcə humanitar və sosial layihə deyil, həm də Azərbaycanın uzunmüddətli inkişafı, milli təhlükəsizliyi və ərazilər üzərində faktiki idarəetməsinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan dövlət proqramıdır. Proqramın əhatə dairəsi demoqrafik vəziyyətin bərpasından iqtisadi potensialın reallaşdırılmasına, yeni iş yerlərinin yaradılmasından regional nəqliyyat əlaqələrinin genişləndirilməsinə qədər bir sıra mühüm istiqamətləri özündə birləşdirir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Böyük Qayıdışın önəmindən Bakıvaxtı.az-a danışarkən bu proqramının iqtisadi əhəmiyyətinə diqqət çəkib.

Onun sözlərinə görə, proqramın həyata keçirilməsi öz-özlüyündə mühüm tarixi hadisədir. Bu prosesin mənəvi, siyasi və hüquqi tərəfləri ilə yanaşı, iqtisadi əhəmiyyəti də var.

"Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları Azərbaycan iqtisadiyyatının böyüməsi üçün mühüm resurslara malikdir. Şərqi Zəngəzurun su ehtiyatları, münbit torpaqları və tarixən burada formalaşmış kənd təsərrüfatı münasibətləri hazırda yenidən bərpa olunur. Bu, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər.

Hazırda qida təhlükəsizliyi dünyanın ən qlobal problemlərindən biridir. Bu kontekstdə qida məhsullarının, eləcə də kənd təsərrüfatı məhsullarının emalı və əlavə dəyərin yaradılması aktual məsələlərdəndir. Şərqi Zəngəzur iqtisadi rayonu bitkiçilik, taxılçılıq və meyvəçilik sahələri üzrə mühüm iqtisadi göstəricilərə və potensiala malikdir".

Hikmət Babaoğlu: Bu, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər

Hikmət Babaoğlu vurğulayıb ki, bu prosesdə əmək qüvvəsinin iştirakı da vacib məsələdir:

"Böyük Qayıdış eyni zamanda əmək qüvvəsinin istehsal münasibətlərinə cəlb olunması üçün imkanlar yaradır. Bütün bunlar Azərbaycan iqtisadiyyatına yeni inkişaf tempi gətirmək baxımından əhəmiyyətlidir".

Politoloq Rəşad Bayramov isə Bakıvaxtı.az-a danışarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı mərhələdə Böyük Qayıdışın ölkəmiz üçün strateji əhəmiyyətindən söz açıb:

"Böyük Qayıdışın birinci strateji istiqaməti demoqrafik və sosial həyatın bərpasıdır. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların geri qayıtması tarixi ədalətin bərpasının mühüm mərhələsidir. Lakin qayıdış yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. Əhalinin doğma yurdlarında daimi yaşaması üçün məktəblər, xəstəxanalar, kommunal xidmətlər, sosial infrastruktur və məşğulluq imkanları yaradılmalıdır. Başqa sözlə, əsas strateji məqsəd insanların həmin ərazilərdə müvəqqəti deyil, daimi məskunlaşmasını və normal həyat şəraitinə malik olmasını təmin etməkdir".

Rəşad Bayramov qeyd edib ki, növbəti istiqamət iqtisadi potensialın bərpası və regional inkişafın sürətləndirilməsidir:

"Qarabağ və Şərqi Zəngəzur zəngin kənd təsərrüfatı, sənaye, turizm və təbii ehtiyatlar potensialına malikdir. Yol və dəmir yolu şəbəkələrinin, hava limanlarının, enerji və kommunikasiya infrastrukturunun qurulması bu imkanların reallaşdırılmasına şərait yaradır. Sənaye parklarının yaradılması, sahibkarlığın təşviqi və investisiyaların cəlb edilməsi bölgədə yeni iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. Bu proses ölkə iqtisadiyyatının coğrafi baxımdan daha balanslı inkişafına, yerli istehsalın genişlənməsinə və regionların iqtisadi dövriyyəyə yenidən qoşulmasına xidmət edir. Digər mühüm istiqamət milli təhlükəsizliyin və suverenliyin möhkəmləndirilməsidir. Ərazilərin minalardan təmizlənməsi, müasir infrastrukturun qurulması, dövlət xidmətlərinin təşkili və əhalinin daimi məskunlaşması təhlükəsiz mühitin formalaşdırılmasına xidmət edir. Yaşayış məntəqələrinin iqtisadi və sosial baxımdan canlanması həmin ərazilərdə idarəetmə imkanlarını gücləndirir".

Rəşad Bayramov: Qarabağ və Şərqi Zəngəzur zəngin kənd təsərrüfatı, sənaye, turizm və təbii ehtiyatlar potensialına malikdir

Analitin fikrincə, Böyük Qayıdışın strateji əhəmiyyətlərindən biri də Azərbaycanın regional mövqeyinin gücləndirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda nəqliyyat infrastrukturunun inkişafı ölkənin daxili iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, regional nəqliyyat və logistika imkanlarını da artırır:

"Bu ərazilərin iqtisadi cəhətdən fəal bölgələrə çevrilməsi Azərbaycanın regional əməkdaşlıq təşəbbüsləri üçün əlavə imkanlar yaradır. Eyni zamanda, mədəni irsin bərpası və tarixi yaşayış məntəqələrinin yenidən dirçəldilməsi milli-mədəni yaddaşın qorunması baxımından əhəmiyyət daşıyır. Beləliklə, Böyük Qayıdış ərazi bütövlüyünün bərpasından sonra əldə olunan nəticələrin möhkəmləndirilməsi, insanların doğma yurdlarına qayıdış hüququnun reallaşdırılması və Qarabağla Şərqi Zəngəzurun ölkənin dayanıqlı inkişaf sisteminə inteqrasiyası baxımından mühün strateji əhəmiyyət kəsb edir".

Günəş Mərd 

Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью