Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qələbə azadlıq kimidir, verilmir, alınır, qazanılır. Azərbaycan xalqı olaraq Qarabağ zəfərini mübaliğəsiz Prezident İlham Əliyev xalqımıza yaşatdı. Ağrılı-acılı işğal günlərində bizi bir sual düşündürürdü. Görəsən, işğal olunmuş ərazilərimizi azad görə, doğma torpaqlarımızda gəzə, gözəl Qarabağımızın qoynunda qürurla dolaşa biləcəyikmi?
Bəzi hallarda mümkünsüz görünən arzuları ölkə başçımız xalqımız üçün reallığa çevirdi və illərin həsrətini vüsala qovuşduraraq sevgi ünvanı oldu. Bu torpaq bizim idi, liderimizin böyüklüyü ilə yenidən bizim oldu.
Çoxəsrlik tariximizin ən böyük sərkərdəsinin Zəfər Günü ərəfəsində işğaldan azad olunmuş ərazilərimizə səfəri, burada təhlükəsiz və qayğısız yaşayan insanların əhatəsində olması, Xankəndində doğma torpağın nəfəsini yenidən duyması milli xoşbəxtlikdir. Ölkə başçımız qətiyyətli hərbi və quruculuq qərarları ilə sübut etdi ki, qələbə tarixdir, işğaldan sonra həmin torpaqlarda yenidən yaşamaq isə o tarixin davamıdır. Zəfərin ən böyük mükafatı da budur. İllərlə bizdən uzaq düşmüş Vətənə artıq həsrətsiz, sevinclə, qürurla baxırıq.
Xankəndidə, Zəfər Günündə Prezident İlham Əliyevin xalqı təbrik etməsi olduqca xoş və qürurverici hadisə oldu. Dövlət başçısının bu tarixi yurdumuzdan səsləndirdiyi fikirlər Zəfərimizin siyasi, hərbi və mənəvi gücünü bir daha nümayiş etdirdi. Prezidentin Xankəndidən verdiyi mesaj Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi mübarizənin təntənəsi oldu. Bu gün azad Qarabağda aparılan quruculuq işləri, Böyük Qayıdış və Xankəndidə Zəfər Muzeyinin yaradılması Qələbəmizin gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olacağını göstərir. Çünki Azərbaycan ləyaqətli ölkə kimi qələbəsini də ləyaqətlə qazandı. Milli birlik, xalqımızın vahid amal uğrunda yumruq kimi birləşməsi bu yumruğun gücünü və ağırlığını düşmənə nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın ideoloji təməlini təşkil etdi. Tarixi Zəfərimizi də məhz bu birlik, həmrəylik və ümummilli amal ətrafında sıx birləşmək sayəsində əldə etdik. Prezident İlham Əliyev çıxışında iftixarla bildirdi ki, Zəfər bayramını qeyd edərkən hər birimiz haqlı olaraq qürur hissi keçirir, bu tarixi qələbə naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Dövlət başçısının səsləndirdiyi fikirlərdə gələcəyə hesablanmış mühüm bir çağırış da öz əksini tapdı.
Azərbaycan elə güclü olmalıdır ki, bundan sonra ölkəmizə zərər vurmaq heç kimin ağlından belə keçməsin. Prezident əminliklə bəyan etdi ki, bu məqsədə də nail olacağıq. Çünki bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi qüdrəti ilə heç kimdən asılı olmayan, müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə qoruyan dövlət kimi bütün maneələr qarşısında əzmini və gücünü nümayiş etdirir.
Beləliklə, Prezidentin Zəfər Günündə işğaldan azad edilmiş, bu gün həyatın öz axarına qayıtdığı torpaqlara səfəri qələbəmizin yaratdığı mənzərəni bir daha göz önünə gətirdi. Vaxtilə dağıntıların hökm sürdüyü bu ərazilərdə indi quruculuq işləri aparılır, yurd həsrəti ilə yaşayan ailələr doğma ocaqlarına qayıdır. Bu da xalqımızın sevincini daha da artırır. Öz tarixi torpaqlarında yenidən yurd salmaq, doğma ocaqlarını yaşatmaq sevincini yaşayan soydaşlarımız bir daha əmin olurlar ki, onların arxasında güclü dövlət, qətiyyətli rəhbərlik dayanır. Onların təhlükəsizliyi dövlətin etibarlı təminatı altındadır. Güclü dövlətin yaratdığı xoşbəxtliyin ən aydın ifadəsi də məhz budur.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı