Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Psixoloji müharibənin əsası belə qoyuldu və bu günə qədər davam edir.
Məlumdur ki, bəşər tarixinin son 5 min ilinin cəmi 300 ili dinc keçib, qalan 4 min 700 il ərzində həmişə insanlar bir-birini öldürüb.
Bilirsiniz, insan yaşadığı Planetə, təbiətə daha çox ziyan vurub, daha çox şeyi məhv edib, nəinki heyvanlar, quşlar, başqa canlılar. Və insan özünü tanıyandan bəri öz həmcinsini öldürmək üçün daha çox və daha dəhşətli silah düzəldib, nəinki heyvanları, quşları ovlamaq üçün. İnsan nüvə silahını da heyvanları, quşları deyil, insanları öldürmək üçün yaradıb.
XXI əsrdəyik, hələ də insanlar bir-birini daha çox qırmaq, məhv etmək xəstəliyindən sağalmayıb. Bəşəriyyət çox xəstəliyin dərmanını tapmayıb, amma əlacını yapdığı dərdi də az olmayıb. Ancaq bir-birinə qarşı bu qədər sonsuz (həm də bəzən səbəbsiz) nifrətdən qurtulmağın çarəsini tapa bilməyib.
İndi nüvə silahı dünyada bir-birini vurmaq deyil, birinin o birini qeyri-nüvə silahları ilə məhv etmək üçün əsaslandırma vasitəsinə çevrilib.
Bəli, atom bombası keçən əsrin ortasında ABŞ-da yaradıldı. O vaxtdan indiyə qədər keçən 80 il ərzində cəmi bir dəfə həmin silahdan istifadə olunub; İkinci Dünya Müharibəsi çərçivəsində ABŞ Yaponiyaya - Hirosimaya və Naqasakiyə atom bombası atıb. Ondan sonrakı bütün "qaynar" müharibələr də, "soyuq" müharibəər də nüvə şantajının kölgəsində keçib. Bu gün isə artıq növbəti -nüvəsiz "nüvə müharibəsi" Azərbaycanın qonşuluğuna gəlib çatıb. Nüvə silahı yaratmaq cəhdinə görə İran indiyə qədər siyasi, iqtisadi və sair rıçaqlarla boğulurdu, indi isə artıq ABŞ-la hərbi qarşıdurma mərhələsinə yetişib.
İran nüvə silahından imtina etməmək üçün müharibə aparır, həm də elə öz vətəndaşları ilə. Hələ ABŞ-ı, İsraili qoyaq bir tərəfə. İran nüvə silahını niyə əldə etmək istəmişdi?! Özünü, xalqını qorumaq üçün?! İndi İrandakı kütləvi qətliamlardan belə məlum olur ki, hökumət nüvə silahı ilə qorumalı olduğu xalqı... özü qırır. İyirmi doqquz gündür, bu qırğın gedir. Molla rejimi öz xalqını guya ABŞ-dan, İsraildən qorumaq üçün kütləvi qırğın silahı yaratmağa çalışır, ancaq elə özü öz vətəndaşını ABŞ-dan, İsraildən və başqalarından çox öldürüb. Bir məlumata görə, minlərlə, başqa məlumata görə on minlərlə ölü var. Ali Dini Liderə bağlı SEPAH, Bəsic deyilən qüvvələr, başqa təhlükəsizlik, ordu birləşmələri, polis gücləri öz vətəndaşlarını kütləvi şəkildə qırır. ABŞ faktik olaraq döyüşmədən qalib gəlir. İran şəhərlərindəki o gənc insanlara Amerika əsgəri deyil, öz polisi atəş açır. Öz silahından. Əslində İran, bəli, nüvə silahından imtina etməlidir. Doğrudan da, bir siyasətçinin dediyi kimi, öz xaqını bu qədər amansızlıqla qıran, öldürən rejim nüvə silahı əldə etsə, onu kimə gəldi atar. Məncə, İran özü öz xalqını kütləvi qırmamaq və ABŞ-la müharibəyə girib, kütləvi qırğına verməmək üçün kütləvi qırğın silahı planlarından könüllü əl çəkməlidir. Onda nüvə silahı xəyalını öz xalqından da, özgədən də qorumaq məcburiyyətindən xilas olar.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info