525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rafael HÜSEYNOV
Akademik
Cəfər təpədən-dırnağa türkçü, azərbaycançı idi. İlk gəncliyindən belə oldu, son nəfəsinəcən də bu cür qaldı və içərisində daim nəbz kimi çırpınan digər ümdə keyfiyyət isə onun bütün varlığıyla istiqlalçı olması idi.
Amma 21 yaşından elə bir cəmiyyətdə yaşayırdı ki, 1920-ci ilin 28 aprelindən etibarən hər yeni yazısıyla, hər təzə çıxışıyla yeni quruluşa sədaqətini ifadə və sübut etməyə nə qədər çalışsa da, bədxahları Cabbarlının müsavatçılığını da, istiqlalçılığını da daim qabartmağa, gözə soxmağa, unudulmağa qoymamağa, hətta yeni yazılarının hər birində köhnə siyasi məfkurəsini əl altından yeritdiyini iddia etməyə səy göstərdilər.
Məmməd Səid Ordubadinin (1872-1950) qələm qardaşı Cəfər Cabbarlı haqqında sovet dövründə xoş görünən, amma qayıtmış müstəqillik dönəmində diqqətlərdən kənarda saxlanmasına cəhd edilən xatirələri düşündürücüdür. İş ondadır ki, Ordubadi bu xatirələrində Cabbarlını bacardıqca müsavatçılıqdan aralamağa, əsl sovet adamı, bolşevik aşiqi kimi təqdim etməyə can atır.
Mahiyyətdən, dünənin sirlərindən bixəbərlər indi və gələcəkdə o xatirələri oxuyanda Məmməd Səid Ordubadi kimi böyük və müdruk yazıçının qələmindən çıxdığını görüb elə tamam həqiqət kimi də qəbul edər.
Ordubadi nə etdiyini, niyə o sayaq yazdığını yaxşı bilirdi və şəksiz ki, bəxtlərinə düşmüş zəmanə o qədər insanaqənim olmasaydı, heç vaxt həqiqətləri o təhər tərsinə çevirməzdi. Ancaq bu tərsəçevirmə zorən idi, haqqı şərdən qorumaq xatirinə idi.
Ordubadi sovet siyasi düşüncə şəbəkəsinin riyakarlığından cikinə-bikinə qədər hali idi və Cəfər ömrünü yaşayıb getmişdisə də, onun qorunmağa yenə ehtiyacı vardı. Səid əfəndi də nəcibliklə özünə mənəvi borc sayaraq yerinə yetirməli olduğu bu işi görürdü.
Ordubadi bütün faydalı işlərinə əncam çəkməklə yanaşı, 1920-1930-cu illərin siyasi repressiya cəngəlliklərindən salamat qurtarmış barmaqla sayılacaq qədər az söz sahiblərindən biri idi.
Müasirlərinin çoxundan eşitdiyim xatirələrə görə, Mərkəzi Komitənin qeyzli birinci katibi Mircəfər Bağırovun "Qoca" çağırdığı yazıçıya münasibəti bütün başqa yazıçılarla davranışlarından seçilirmiş və yetərincə yumşaqmış.
Ona görə də Bağırovun proqnozlaşdırılması çətin, dəyişkən ovqatını Məmməd Səid digərlərinə nisbətən daha tez tutar, hansı məqamda nəyi deyib, nəyi deməmək, nəyi necə söyləmək fəndlərinə də həssaslıqla riayət edərmiş. Yeri düşəndə Ordubadinin zirehi qalın, nə edəcəyi, nə deyəcəyi həmişə gözlənilməz olan Mircəfərin qılığına girmək məharəti də varmış. Sübutlarından biri elə bu hekayətdir ki, birinci dəfə Şəmsi Bədəlbəylidən eşitmişdim, sonra canlı şahidin özündən - Süleyman Rüstəmdən (1906-1989) də soruşdum və o da özünə xas dəqiqlik, həm də məzə ilə hekayəti mənə bir də nağıl etdi. Əhvalat 1941-1945-ci illər müharibəsi zamanı baş verib. Bir axşam respublikanın ovaxtkı "yiyəsi", ziyalıları nigaran, səksəkədə saxlamaqdan gizli ləzzət alan Mircəfər Bağırov bir qrup ədəbiyyat və mədəniyyət xadimini niyəsini irəlicədən xəbər vermədən qəbuluna çağırtdırıbmış. Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəm qəbul otağına girəndə görürlər ki, operanın iki solisti - Hüseynağa Hacıbababəyovla (1898-1972) Məmmədtağı Bağırov (1890-1961) da oradadırlar. Bunlar içəri keçir və həmin iki nəfər qalır.
Mircəfər istehza ilə: "O qapının ağzındakıları gördünüz də? - soruşur. - Ağızlarına gələni danışıblar. Deyiblər ki, bizim qəzetlərdə faşistlərin qaniçənliyi, qəddarlığı, vəhşilikləri haqqında yazılanlar yalandır. Almanlar mədəni xalqdır, böyük şairləri, yazıçıları, musiqiçiləri olub, onlar belə şey etməzlər.
Onları tutmaq istəyirlər, sizi yığdım ki, bu barədə fikrinizi öyrənim. Nə deyirsiniz, onlarla necə rəftar edək?"
Süleyman Rüstəm qayıdır ki, yoldaş Bağırov, mən teatrda direktor işləmişəm, onlar dili-ağzı olmayan adamlardır, bəlkə onların haqqında yazılanlar heç doğru deyil?
Taleyi tükdən asılı olan hər iki müğənnini içəri dəvət edirlər. Məmmədtağı Bağırov kabinetə daxil olan kimi aman diləmək üçün sadədilliklə əllərini Mircəfər tərəfə uzadaraq bəlağətlə qəzəl oxumağa başlayır: "Canlar verib sənin kimi cananə yetmişəm".
Mircəfər Bağırov təəccüblənir: "Bu nə deyir?"
- Yoldaş Bağırov, qəzəl oxuyur, Füzulinin şeirini deyir.
- Priçyom tut qəzəl?
(Yəni qəzəlin bura nə dəxli?!).
Hirslə "Eh" deyib əlini yelləyir.
Dəvət olunanlar hiss edir ki, bu iki nəfəri indiyəcən həbsə atmayıblarsa, Bağırov onlarla nə təhər davranmaq haqqında guya dəvət etdiklərinin rəyini öyrənmək istəyisə, demək, vəziyyət sən deyən qorxulu deyil, bunları yola vermək istəyir. Odur ki, cəsarətlənərək hərə gücü çatan qədər Hüseynağa Hacıbababəyovla Məmmədtağı Bağırovu müdafiə etməyə başlayır. Qəfildən Mircəfər çevrilir Ordubadiyə sarı: "Bəs sənin fikrin nədir?"
Ordubadi tərəddüd etmədən dərhal dillənir: "İkisi də güllələnsin".
Hamı donub qalır.
Mircəfər Bağırov qəhqəhə çəkir: "Yaxşı, hamınız durun gedin".
Kabinetdən çıxanda yazıçılar düşür Məmməd Səidin üstünə ki, o nə söz idi dedin? Görmürsən bu yazıqların ölüm-dirim məsələsi həll olunurdu?
Ordubadi sakitcə deyir: "Mən Bağırova yaxşı bələdəm. Nə desən, əleyhinə hərəkət edir. Desəydim ki, bağışlansın, ola da bilərdi ki, tam əks reaksiya versin. Ona görə elə dedim ki, yumşalsın, onları əfv eləsin".
Mircəfərin "dilini" bilmək elə onun dövrünün mətbuatının, cari siyasətin dilini bilməyə bərabərdi və Cəfər Cabbarlı haqqındakı bu xatirələrində Ordubadi məhz sürüşkən zəmanənin özünəməxsusluqlarını ustalıqla nəzərə almışdı.
"Mənim vəziyyətim 1923-cü ildən başlayaraq ağırlaşdı. Qəzet növbətlə Ruhulla Axundov (1897-1938 - R.H.) və Həbib Cəbiyevin (1899-1938 - R.H.) əlinə keçirdi. Onlar mənim vaxtilə idarələrdən qovduğum Xəlil İbrahimi (1892-1938 - R.H.) və məqaləsini çap etmədiyim Əhməd Bədi Triniçi (1893-1937; milliyyətcə alban olan Triniç Üsküp (indiki Skopye) şəhərində ziyalı ailəsində doğulmuş, 1912-ci ildə Balkan müharibəsi zamanı ailəsi ilə birlikdə Türkiyəyə köçmüş, daha sonra isə həyatı Makedoniya, Türkiyə, Suriya, Gürcüstan, Rusiyada davam etmiş, ömrünün son böyük parçası Azərbaycanla bağlı olmuşdu. Görüb-dinlədiyim müasirlərinin çox dillər bilən, yüksək savadlı, iti qələmli, amma həm də intriqan, kəskin bir şəxs kimi səciyyələndirdiyi Triniç "İttihad" qəzetində fəaliyyətə başlamış, sonra "Azərbaycan füqərası" qəzetində çalışmış, bu qəzet "Kommunist" adı ilə nəşrə başlayanda onun redaktoru olmuşdu. Cümhuriyyət dönəmində milli hökumətə rəğbətini ifadə edən Triniç sovetlər gələndən sonra bütün fəaliyyətləri və barışmaz qələmi ilə yeni quruluşun xidmətçisinə çevrilmişdi. Qısqanclıqdanmı, ya rejimə ifrat sədaqətlilik göstərmək cəhdlərinə görəmi Əhməd Triniç bir çox parlaq ziyalılarımızla arzuolunmaz dərəcədə sərt rəftar etmişdi. Müslüm Maqomayevin gündəliklərində də Əhməd Triniçlə bağlı şikayətli səhifələr çoxdur. Elə onun səhhətini laxladıb axırına çıxanlardan biri də bu Triniç olmuşdu. Xidmətçisi olduğu quruluş Triniçi bir müddət irəli çəkərək "Azərnəşr"in, Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifələrinə yüksəltmişdisə də, 1937-ci ildə onu da xarici kəşfiyyatların casusu damğası ilə məhv etdi - R.H.) idarədə məsul şöbələrə cəlb etmişdilər. Həbib Cəbiyevin azərbaycanca savadı yox idi. Məqaləni Cəfər Cabbarlı və Xəlil İbrahimə yazdırıb öz adının altına imzasını qoyardı" (Ordubadi xatirələrinin bu hissəsini əsas mətləbə keçməzdən əvvəl ona görə iqtibas edirəm ki, burada Cabbarlının altında öz imzasını qoymadığı yazılarının izi var).
"Mən Cəfər Cabbarlı ilə birinci gündən tanış oldum. Az müddət içərisində onun bolşeviklərlə maraqlandığını öyrəndim. O, Müsavat hökumətinin aparatında işləyən gənclər içərisində ən qanacaqlı, bilikli və uzaqgörən bir adam idi. O, birinci aylardan Şura hökumətinin bir hökumət kimi yaşaya biləcəyini anlamış və hökumət adamları ilə yaxınlaşmağa başlamışdı".
Əlbəttə ki, əsla belə deyil və belə olmamağını da ən yaxşı bilənlərin birincisi elə Ordubadinin özü idi. Başqasını qaralamaq, ləkələmək, gözdən salmaq, badalaq vurmaq üçün bədxahlıqla uydurulmuş şayiələrə, yalan söz-söhbətə "şər", "böhtan", "iftira" deyirlər. Amma mahiyyətcə elə quru böhtan, qırmızı yalan, əsl şər olan, lakin ən nəcib və ən xeyirxah məqsədlərlə, dost, əziz, vətən üçün qiymətli saydığı bir insanı mümkün müdhiş təhlükələrdən hifz etməkçün deyilmiş, yazılmış bu "saxtakarlığa" nə ad qoyasan - lütfkar şərmi, gözəl iftiramı, nəcib böhtanmı?!
1919-cu ilin 3 dekabrında "Müsavat"ın ikinci qurultayında kürsüdən içərisindəki alovu da səsinə qataraq "Hürr Vətəndə hər kəs hürr, məsud olmalıdır" söyləyən, 1920-ci ilin aprelində, artıq haçandan bəri Məclis-i Məbusanın içərisində olan bir adam kimi müstəqilliyin göz görə-görə əldən getdiyini, bu məqamda ümidin bircə ölməyə qaldığıyını deyən, həmin ilin 20 aprelində "Qurtuluş" jurnalının 2-ci sayında dərc edilən "Yaşamaq" şeirində ağlar misraları ilə xəbis göygözlərin zəhər qatılmış saxta, amma zahirən "şəfalı" sözləriylə bu yurda fəlakətlər gətirəcəyini yazan Cəfər Cabbarlı bolşeviklərə necə rəğbət bəsləyə bilərdi?
Gözümdə büsbütün aləm məzara bənzərkən
Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya,
Könül xərabəsi göz yaşlarında inlərkən
Gülər dumanlı fəzalarda bir mələksima.
...Nə var yalanla qızarmış şu cani yüzlərdə,
Nə var riyayi gülümsər şu mavi gözlərdə?
Nədir şu kölgəli, dolmuş yalançı qəhqəhələr?
Nə var şu zəhər qatılmış şəfalı sözlərdə?
Yəni Cəfər bolşeviklərin kimliyindən onlar Azərbaycanda taxta çıxmazdan xeyli əvvəldən agah idi və elə həmin səbəbdən də həmin məşum 27 aprel gecəsində mənzilində həmfikirləri, əqidə yoldaşlarını da toplayaraq gizli partiya fəaliyyətinə başlamaq haqqında qərar vermişdi.
Təcrübəli Ordubadi belə bir keçmişin Cabbarlı üçün hansı girdabları vəd etdiyini görürdü, ətrafdakı əleyhdarların da bu amillərdən həmişə istifadəyə hazır olduğunu duyurdu, ona görə "böhtan" atmağı, Cəfəri bolşeviklərəmail etməyi onun sağlığında da, ölümündən sonra da münasib və doğru hərəkət sayırdı, bunu vicdanının hökmü ilə edirdi.
"O, doğrudan da, bir Azərbaycan vətənpərvəri idi. Lakin Türkiyədən Bakıya gələn müəllimlər və yerli turançılar başqa gənclərlə bərabər Cabbarlını sapdırmağa çalışmışdılar. Məsələn, bolşeviklər zamanında "Almas", "Aydın", "Od gəlini" və "Beşinci ildə" kimi möhtəşəm əsərlər yaradan Cəfər Cabbarlı müsavat dövründə ancaq "Ədirnə fəthi", "Trablis hərbi" və sair bu kimi əsərlər yaratmışdır.
Heç yadımdan çıxmaz, günlərin birində Darülmüəllimində çıxan divar qəzetlərində bəzi uyğun olmayan yazılar çap olunduğu barəsində danışırdıq. Cəfər mənim qulağıma bir lətifə pıçıldadı. Lətifə bir qədər ədəbsiz olsa da, məna cəhətcə çox qiymətli idi. Cəfər haman lətifəsində bunu demək istəyirdi: "Nə qədər ki İsmayıl Hikmət (1889-1967 - R.H.), Akif Səfvət (XX əsrin əvvəllərində fəaliyyət göstərmiş pedaqoq, maarifçi - R.H.), Xəlil Fikrət (1892-1974 - R.H.) və Mühiddin (Muhittin Birgen; 1885-1959 - R.H.) kimi adamlar ali məktəblərdədir, tələbələr arasında bu cürə hadisələr çox baş verəcəkdir".
İsmayıl Hikmət böyük ədəbiyyatşünas idi, onun vaxtilə Azərbaycana gəlməsi, burada dərs deməsi, Bakının elmi-ədəbi-mədəni həyatında fəal iştirakından tədris və ziyalı mühitimiz çox qazanıb, yazdığı ikicildlik "Azərbaycan ədəbiyyatı tarixi" də ədəbiyyatşünaslığımızda bir hadisəyə çevrilib, bu gün də o kitab yüksək dəyərini saxlamaqdadır və Cəfər də onu çox sevər, tez-tez həmsöhbəti olarmış. Məmməd Əlilinin sözləri də xatirimdədir ki, Cəfər kitabları arasında "Türk ədəbiyyatında ilk mütəsəvviflər"i çox sevərmiş, deyibmiş, Köprülünün bu əsəri mənə İsmayıl bəyin hədiyyəsidir.
Ordubadi yeni hökumətə yaxın, dövlətin güdükçü, pusquçu, şübhəcil təbiətindən xəbərdar şəxs kimi agahdı ki, ziyalılarımızın türklərlə təmaslarına çekistlər həmişə pis baxıb, lazım bildikləri anda bunu casusluq, xarici kəşfiyyatla əməkdaşlıq kimi qələmə verməyə tərəddüdsüz gediblər. Odur ki, guya Cəfərin lətifə söyləyib bunu İsmayıl Hikmət və Bakıdakı digər Türkiyə türkləri ilə bağlaması haqqındakı sözlər də elə özlüyündə ayrı bir lətifədir.
Səid əfəndinn ruhu məni bağışlasın - yenə uydurur. Və yenə bunu xeyirxah məqsədlə edir. Bu da Cəfərin adını, xatirəsini, irsinin yaşarılığını qorumağa hesablanmış yalandır.
Olsun ki, Cəfərin sağlığında da Ordubadidən ondan bu barədə soruşulanda elə həmin təhər cavab veribmiş. Bu ehtimalım da səbəbsiz və əsassız deyil. Çünki çekistlərin ondan ayrı-ayrı adamlarla bağlı soruşub-maraqlanmaları az olmamışdı. Təkcə ondan yox ki! Elə yazıçıların hamısından bir-birləri haqqında müntəzəm xəbərlər alardılar. Kimin necə cavab verməsi artıq daxili ləyaqət, vicdan dürüstlüyü məsələsi idi.
O köhnə məxfi arxivlərdə yüzlərlə cildləri vərəqləmişəm.
Bilsəniz orada nə qədər çirkablar qalır! İnsan naqisliyindən deyən elə iyrənc donoslar, birinin üstünə beş qoyan elə evyıxıcı xəbərçiliklər ki, üzə çıxarılmasa yaxşıdır. Axı o cür ikrahdoğurucu yazıları da üyüdüb tökənlər elə bizim kimi azərbaycanlılar olub. Həm də sadə azərbaycanlılar yox - şeir, hekayə, məqalələr yazan, az-çox qələmi, istedadı da olan həmvətənlərimiz. Belə naqisliklərdən, bu cür sağalmaz mərəzlərimizdən daha çox xəbərdar olduqca adamın özündən də zəhləsi getməyə başlayar.
O təhər yazıları oxuyub Ordubadinin Cəfəri ocürlərdən qorumaq üçün qoşub-düzdüyü uydurmaları nəzərdən keçirəndə böyük ədibimiz Məmməd Səidin şəxsiyyətinə ehtiramımız daha da artır.
Cəfərin "Ədirnə fəthi", "Trablis müharibəsi" kimi əsərlərinin sonra yazdıqları ilə müqayisədə çox zəif olması, onların guya yanlış yola düşürülərək, yolundan azdırılaraq Bakıda işləyən türkiyəli müəllimlər, yerli turançıların təhriki ilə ortaya çıxmasını da Ordubadi bilərəkdən qabardır.
Məqsəd yenə həminkidir - Cəfəri dövrün siyasi baxımdan təhlükəli olan Türkiyə təsiri mövzusundan kənarlaşdırmaq, bu istiqamətə onun könüllü, öz seçimi və əqidəsi olaraq deyil, cavanlığı, təcrübəsizliyi ucbatından türk müəllimlərinin təsirinə düşərək üz tutduğuna inandırmaqdır.
Əslində isə o əsərlərin hər biri Cəfər üçün əziz idi, hər birini sevərək yazmışdı və sonrakı illərin sovet ideoloji məcburiyyəti olmasaydı, yəqin ki, həmin istiqamət onun yaradıcılığının aparıcı qanadlarından biri olaraq qalacaqdı.
Həm "Ədirnə fəthi", həm də "Tarblis müharibəsi" (ya digər adıyla "Ulduz") pyesləri Azərbaycanın teatr həyatında ciddi əks-səda doğurmuş, mətbuat da bu əsərlərə biganə qalmayaraq geniş yazılar həsr etmişdi.
Seyid Hüseynin "Kazımoğlu" imzası ilə "Azərbaycan" qəzetində 1919-cu il avqustun 14-ü və 17-də çıxan 251 və 253-cü saylarında dərc edilən müfəssəl məqalələri pyesin bir neçə gün öncə Hökumət teatrında tamaşaya qoyulmasından sonra isti-isti qələmə alınmışdı.
Belə məlum olur ki, pyesi haqqında tənqidi məqalə yazmağı, təhlil edərək yaxşısını-pisini göstərməyi Cəfər Seyid Hüseyndən özü xahiş edibmiş və bu da "müsəlmandan çıxmayan iş" kimi Seyid Hüseyni xeyli heyrətləndiribmiş. Axı tənqiddən hələ-hələ hər adamın xoşu gəlməz.
Fikriniz artıq bizim zamanların sifarişli mədhiyyə yazılarına getməsin. O çağlarda tənqidi məhz əsl tənqid kimi yazardılar (elə yeri gəlmişkən, çox adam bilmədiyindən "tənqid" nə deməkdirin də mənasını açaq. Tənqidi biz bu gün daha çox mənfi rəy, nöqsantutma kimi dərk edirik. Ərəbcədən gələn "nəqd" kəlməsi müasir dilimizə yatırılaraq həm "nağd" kimi işlənir, həm də "tənqid" sözünün nüvəsində əski səslənişindəki kimi. Mənası qiymətləndirmə, təhlil etmə, yaxşını pisdən ayırma, sözün bədii keyfiyyətini dəyərləndirmədir. Klassik Şərq poetikasında "nəqd-i şeir" (şeirin tənqidi) anlayışı şeirin məzmun, dil, üslub və vəzn baxımından araşdırılmasıdır).
"Bu əsər hər nə qədər bir-iki kərə Bakı səhnəsində oynanmışsa da, lakin acizlərinin birinci kərə gördüyü idi. Müəllif əfəndi, şu gənc mühərrir bizzat müraciətlə, bir qələm təcrübəsi olaraq ilk yazdığı şu əsəri haqqında bir mütaliə, mütalie-yi tənqidiyyə yazmamı arzu etdilər. Məlumdur ki, bizimkilər tənqiddən xoşlanmazlar. Zatən tənqiddə xoşa gedəcək bir şey yox ki!"
Seyid Hüseyn bunun niyəsini də izah etmədən ötmür: "Tənqidci bir əsərdə bir şeyi qəbul və iltizam edərsə, əvəzində beş yerə barmağını qoyar. Bəlkə müəllifincə möhkəm, yekdigərindən ayrılmaz və sökülməz bir surətdə tərtib edilmiş zənn edilən bir əsəri təhlil ediyorum deyə üzərində əməliyyat-i cərrahiyyə yapar, onu parça-parça edər. Sonunda da üstündən bir dik qələm çəkər. Tənqidçilərin zatən təbiətləri böylədir ki, onlar həp mənfi cəhətlərdən çox bəhs edərlər. Hələ bəziləri deyəcəyi sözlərini də mülayimət ilə söyləməzlər. Qarşılarındakını şiddət və qətiyyətləri altında əzərlər.
...Budur ki, kimsə tənqiddən xoşlanmaz. Fransız romancılarından ən məşhuru, realizm məslək-i ədəbisinin müəssisi Qüstav Floberin münəqqidi görəcək gözü yox idi. Əgər birisi onun yanında xüsusi surətdə olsa belə "filan fəqərə şöylə yazılsa idi..." deməyə cəsarət etsə idi, ən yaxın dostu və səmimi arqadaşı belə olsa, ondan inciyər, adəta kəndisilə duello edəcək dərəcəyə varardı. Məəmafih, tənqid nə qədər çəkilməz bir şey olsa da, yenə olmalıdır və olacaqdır. Ən çox tənqiddən qorxan, onu görmək istəməyən mühərrirlər belə tənqidcilərin o acı və zəhralud qələmlərindən yaxalarını qurtaramamışlardır".
Təbii, bütün bunları Cabbarlı nə qədər gənc olsa da, gözəlcə bilirdi və Seyid Hüseynin də güzəştsiz (amma hər halda ədalətli, düzünü yazan) qələminə şahiddi, əgər özü istəyirdisə ki, əsərinə Seyid Hüseyn tənqid yazsın, demək, bunun acısından, tikanından daha artıq faydası olacağına öncədən əmindi.
"Bu halları nəzərə alaraq, insan bəzən yazmaq istəyir, lakin mövqeyini sarsıtmamaq, arqadaşlarını, qələm arqadaslarını kəndisindən rəncidə etməmək, ülfət və məvəddətini qırmamaq üçün, sükutu iltizamla, ağrımayan başını ağrıtmaq istəməyir. Tənqidin ən münasib yolu bu idi ki, münəqqidi kimsə tanımaya idi. Onun kim olduğunu bir kəs bilməyə idi. Cəfər əfəndinin əsəri haqqında tənqid yazılmasını arzu etdikləri acizlərinə cəsarət verməklə, "Ədirnə fəthi" haqqında bir neçə söz söyləməyə müsaidət veriyor".
Bu parçanı ona görə gen-bol, səxavətlə gətirirəm ki, orada Seyid Hüseynin kimliyi, səviyyəsi, zəka və qələm gücü görünür.
Seyid Hüseyn "Ədirnə fəthi"nin məzmunundan xəbəsizlərçün, ya elə bilənlərin də bir daha yaddaşını təzələməkdən ötrü qabaqca pyesin qısa xülasəsini verir və keçir müəllifin ədəbi kimliyi məsələsinə: "Bir müəllif layiqincə tanınmazsa, hanki məktəb-i ədəbiyi qəbul etdiyi anlaşılmazsa, əsəri haqqındakı mütaliə də doğru çıxmaz.
...Romantik mühərrirlər heç bir qanuna tabe olmaq istəməzlər. Onların şəxsi zövqləri onlar üçün bir qanundur. O öz düşüncə və mühakiməsində sərbəstdir, onlar hər şeydə gözəlliyi güdərlər, bu yolda hissiyyat-i şədidəyə namütənahi bir surətdə qapılarlar. Hələ bəziləri tarixi simalara istədikləri təbiət və xasiyyətləri vermək, birisinin xilafına hərəkət etdirib söz söylətdir-mək səlahiyyətinə malik bulunurlar. Kimsə də onları məsləklərindən dolayı müaxizə edəməz. Romantiklər həyatı istədiyi təcəllidə görmək istərlər. Onu bir taqım rəngarəng əlbisələr ilə süslər-lər. Bu, onların təbiətləridir. Bu nöqteyi-nəzərlə də "Düxtəri-hindu" (Əbdülhaq Hamidin (1857-1937) əsəri - R.H.) yazılmısdır. Münəqqid isə onu realist bir əsər kibi qəbul etdiyindən, hər şeyi realist nöqte-yi nəzəri ilə təhlil etdiyindən ortada bir anlasmazlıq əmələ gəlmiş, "Çoban qızı nasıl oluyor ki, Yevropa təhsili görmüş bir adam kibi ifade-yi məram ediyor" denilir. Budur ki, hər şeydən əvvəl mühərriri tanımalı, onun məsləki-ədəbisini bilməli, o surətlə də bəyani-əfkar etməlidir. Cəfər əfəndinin "Ədirnə fəthi" əsərini müəyyən etmək bir qədər gücdür. Zira o nə romantik, nə də həyatın üryan tamaşasından zövq alan realistdir. Olsa-olsa, "Ədirnə fəthi" naturalist bir əsərdir. Daha doğrusu, bir az naturalist kibi görülür. İştə, biz də bu nöqteyi-nəzərdən "Ədirnə fəthi"nə baxmaq istəyiriz. Vəhdətdən uzaşmayalım. "Ədirnə fəthi"ndə iki vəqə cərəyan ediyor.
Birinci vəqənin qəhrəmanı Rüfət bəy, sevgilisi, təbiri-digərlə, məqsəd və qayəsi Zöhrə, aralıqdakı rəqibi də Xaliddir. Demək, adi bir roman. İkinci, vəqənin də qəhrəmanı Ənvər, qaye-yi amalı vətən, rəqibi Kamil Paşa kabinəsi. Bu iki vəqə yekdigərinə qarışdırılmış. Fəqət öylə bir surətdə qarışdırılıb bitişdirilmişdir ki, yek nəzərdə onun ayrı-ayrı şeylər olduğu sezilir, yəni bu iki vəqənin hankisi əsas olduğu, hankisi hankisinə qüvvət verdiyi anlaşılmayır. Çünki ikisi də bir bə-rabərdədir. Pək haqlı olaraq gənc mühərrir arqadaslardan birisi söyləyirdi:
- Bən anlayamadım ki, Ədirnə fəthi zamanında bir romanmı vaqe olmuş və ya roman cərəyan edərkən bir Ədirnə fəthi vüqu bulmusdur?!
Bu, pək doğru, həm də əsaslı bir mülahizə, tənqidi bir mülahizə idi: bu iki yekdigərindən ayrı olan mövzulardan gənc müəllif hankisini əsas qəbul etmişdir? Kim bilir, bəlkə kəndiləri burasını əvvəlcə heç təxmin belə etməmişlər. Əgər əsas Ədirnənin fəthi, vəqə qəhrəmanı Ənvər Paşa götürülmüş olsaydı, onda gərək Rüfət bəyin Zöhrə ilə müaşiqəsinə, Xalidin rəqabətinə, Kamalın intriqasına ikinci dərəcədə əhəmiyyət verilə idi. Həp qüvvət Ənvər Paşaya, Ədirnə süqutuna və fəthinə, onunla əlaqədar olan fəqərələrə verilə idi. Yəni lazım olan cizgilər ancaq Ədirnə fəthinə əsas ola biləcək bir dairədə çəkilə idi. Rüfətin müaşiqəsi Ədirnə fəthi zamanında vaqe olmuş bir roman kibi götürülməli idi. Və yaxud əsas ikincisi, yəni Rüfətlə Xalidin mübarizəsi və yekdigərilə rəqabəti olmuş olsaydı, Ədirnə fəthi, Ənvər Paşa, onunla əlaqədar olan Kamil Paşa kabinəsi, Nazim Paşanın qətli və sairə ikinci dərəcədə buraxılmalı idi.
Doğrudur ki, teatro kibi əsərlərin içərisində tamaşaçıları yormamaq, onları məşğul etmək üçün romanlar icad edilər. Müaşiqələr və şairanə təsvirlər ərz edilər. Fəqət bunların cümləsi ya əsasa qüvvət vermək üçün əsərə daxil edilər və yaxud vəhdətdən ayrılmamaq şərtilə əsasın ətrafında dolaşmaqla yapılar.
Habelə bunun əksini götürdükdə, romanların içərisində tarixi vəqələr keçirilər. Habelə bunda da əsas əgər roman olarsa, tarix ikinci dərəcəyə buraxılar.
Burada müəllif bir qədər romantik də ola bilər. Yəni tarixi vəqələri öz istək və arzularına görə təğyir və təbdil də edə bilər. Bunlar həp ikinci dərəcədə qaldığından bir o qədər əhəmiyyət verilməz. Yəni əsərinə və əsasına qüvvət vermək, istədiyi nəticəyi əldə etmək üçün bunu yapa bilər. Zatən romantik mühərrirlər həp bu surətlə tarixi vəqələri, tarixi simaları təğyir və təbdil etmək səlahiyyətinə malik bulunurlar. Çünki bu kibi əsərlərdə əsas tarix deyil, roman və romanın nəticəsidir".
Beləliklə, açıqca görünür ki, Seydi Hüseyn əslində Cabbarlını onun müəllif mövqeyini düzgün dərk etməmiş tənqidçilərdən müdafiə edərək bu pyesin fəlsəfəsini daha doğrı anlamağa və təhlil etməyə çağırır, əsərə də qiyməti bütövlükdə müsbətdir.
Seyid Hüseynin həmin "Azərbaycan" qəzetinin 1919-cu il noyabrın 13-də buraxılmış 321-ci sayında "Teatroçu" imzası ilə dərc edilmiş yazısı isə Cabbarlının "Trablis müharibəsi" ("Ulduz") pyesinə həsr edilmişdi. O, Cəfərin əlyazması yanıb məhv olmuş, yenidən işləyərək təzədən səhnəyə gətirdiyi bu əsəri uğurlu sayır, bu müvəffəqiyyətin yalnız özünün şəxsi müşahidəsi olmadığı, həm də tamaşaçı məmnuniyyəti ilə ifadə olunduğunu təsdiqləyirdi: "Cəfər Cabbarzadənin son "Bakı müharibəsi" faciəsindəki müvəffəqiyyətsizliyi onu qayət mütəəssir etmiş olmalıdır ki, mart hadisəsində "İsmailiyyə" binasında yaxılıb tələf olmaqla yenidən yazmaq məcburiyyətində olduğu "Yulduz" pyesəsində son dərəcə ehtiyatkar davranmış, əsərinin hər nöqtəsinə diqqət etmiş, tamaşaçılarının məmnuniyyətini mövcib ola biləcək sənətkaranə bir faciə yarada bilmisdir. "Yulduz" faciəsi Trablis müharibəsi zamanında vaqe olmuş bir faciəyi hekayə ediyor. Gənc müəllif vəqənin səlamətliyinə, şəxslərinin əhval-ruhiyyəsinə, cərəyan edən Trablis müharibəsilə əsas faciənin yekdigərilə münasibətinə artıq dərəcə əhəmiyyət vermiş, səyi də nəticəsiz qalmayaraq, müvəffəq olmuşdur".
Seyid Hüseyni və onun baxışınca elə tamaşaçıları narazı salan tək cəhətsə pyesin Cəfərin ümumən sadə, aydın olan dilinin bu əsərdə bir qədər qəliz kimi görünməsidir: "Yulduz" faciəsinin mənfi cəhəti yalnız onun lisanının bir qədər sadəlikdən uzaqlaşmasıdır ki, aktyorlar, xüsusən aktrisalar söylədikləri bəzi qeyri-mənus kəlmələrin mənasını bilmədiklərindən əksərən onların tərzi-tələffüzündə müşkülat çəkiyor və yaxud büsbütün basqa bir kəlmə söyləyirdilər ki, təbiətilə bu təsiri pozuyordu. Bununla bərabər, 2-nci pərdənin sonu da nəzər-i diqqəti cəlb etmə-yə bilməzdi. Ramiz kəndi sevgilisi Yulduzun kəndisinə xəyanət etdiyinə zahib olaraq, ortada bir taqım intriqalar çevirən ərəb Harisə onun qətlini tapşırıyor. Haris isə Yulduzu alıb başqa bir yerə götürür. Kəndisinin xətasını sonradan hiss edən, Yulduzun firaqında intihar etmək istəyən Ramiz uzun bir zamandan sonra birdən-birə Yulduzun salamat olmasını, kəndisi də özündən pək də uzaqda olmayıb, Benqazidə bulunduğunu eşidiyor. Kəmal-i həyəcanla Yulduzun yaşadığı evə qoşuyor. Yulduzu dərağuş edəcəyi yerdə onun təkrar başqa bir yerə qaçırıldığını görür. Faciənin ən calib-i məraq olan bu nöqtəsi bir qədər, daha doğrusu, olduqca zəif keçdi. Bu zəifliyə hər nə qədər aktyorların, xüsusilə Ramizin oyunu səbəb oldusa da, aktyora lazım gələn sözü söyləmək imkanı da, məəttəəssüf, verilməmisdi və yaxud aktyorlar tərəfindən əsərin orası ixtisar edilmişdi.
Aktyorların oyununa gəldikdə, baş rollarda Abbas Mirzə Şərifzadə Ramiz rolunda, Aleksandra Olenskaya Yulduz rolunda, Sidqi Ruhulla Haris rolunda, Rza Darablı Ənvər rolunda idilər. Abbas Mirzə 2-nci pərdənin sonundakı zəiflikdən başqa, Ramizi müvəffəqiyyətlə oynadı. Sidqi Ruhulla xain bir ərəb tipini yaratmaya çox səy ediyordu. Müvəffəq də oluyordu. Ancaq bəzən hərəkətlərində mübaliğəkarlıqda bulunduğundan, adəta bir şarj yapıyordu. Məəmafih, əsərin Haris kibi baş rolunu oynaya bildi.
Ümumiyyətlə, oyun yaxşı keçdi. Tamaşaçı çox idi. Teatroda söylənən sözlərin təsiri yavaş-yavaş görülməkdədir. Xalq özünü əvvəlkilərə nisbət yaxşı aparıyor".
Cəfər 20 yaşında idi və meydanda idi, nəinki kiminsə təsiri altında idi, əksinə, kütləni təsiri altında saxlayan idi, osmanlı gerçəklərindən bəhs edən əsərlərini də ürəyinin hökmü ilə yazmışdı, çünki bizi o coğrafiyadan ayrı hesab etmirdi, kül olmuş "Trablis müharibəsi"ni təzədən işləyərək səhnəyə qaytarması da bunun bir əlavə göstəricisi idi.
İndi adama əcaib gəlir ki, Cəfər Cabbarlıya çap olunmaq, kitablarını buraxmaq imkanı verilmirmiş, qarşısında bir-birinin ardınca yüz cür maneələr yaradılırmış. Amma bütün bunlar olub və şahid yenə elə həmin qoca Məmməd Səiddir: "Cəfərin əsərləri çap olunmayırdı. Lakin Cəfər teatrdan gələn qonorarla yaşayır və özünü Əhməd Bədinin təzyiqləri qarşısında sərbəst hiss edirdi.
Cəfər Cabbarlı özünə qarşı qoyulan yüzlərlə çıxışları cavabsız buraxdı. O, nə şifahi, nə də mətbuat vasitəsilə öz düşmənlərinə cavab verdi. Onun qəti cavabı daha qüvvətli və daha dəyərli əsərlər yazmaqdan ibarət oldu".
Bir ədib üçün çap olunmaq, əsərlərinin kitaba çevrilərək xalqa çatmasından üstün sevinc təsəvvürə gəlməz.
Cəfəri bundan məhrum edirlərmiş.
Nəşriyyat bir idi və dövlətinki idi. Cəfərin, lap köhnələrin hamısını qoyaq bir qırağa, sovet dövründə yazdıqları, yeni günün tələb və çağırışları ilə həmahəng olan şeirləri, hekayələri, pyesləri ard-arda nəşr olunardısa, bu, yazıçının özünü fərəhləndirməsi, aldığı qələm haqqı ilə güzəranının yaxşılaşması bir yana, həm də oxucu zövqünün müasirləşməsinə, inkişafına təsir göstərərdi və ikinci mənfəət Cəfərin şəxsi məmnunluğundan da qat-qat mühüm idi.
Belə çıxır ki, teatr olmasaydı, tamaşalarına aldığı çox da böyük olmayan puldan da məhrum qalsaydı, bu nəhənglikdə istedad və bu inanılmazlıqdakı məhsuldarlıq yiyəsi ac qalmalıymış.
Ordubadinin xatirlərindəki bu parça da təsirlidir. O, vaxtında müsavatçı olmuş Cəfəri artıq sovet dönəmində köhnə palan içi eşərək keçmişki müsavatçılığı ilə vurmağa çalışan, bu gün də həmin baxışların onun yaradıcılığında gizləndiyini iddia edən, sabah elə Məmməd Səidin özünün də üstünə istənilən oxşar həmlələr edə biləcək çılğın kommunist havalı cavanlardan da heç nədən çəkinməyərək, cəsarətlə, mərd-mərdanə qorumağa səy edirdi: "Gənc yazıçılardan, eyni zamanda indi taza-taza tənqidçi kimi tanınmağa başlayan Mehdi Hüseyn Cəfəri mikroskop altına qoyub onda müsavatçılıq mikrobları axtarmağa başladı, lakin Mehdi Hüseynin bu tənqidinə Cəfər Cabbarlı əhəmiyyət verməyirdi. Çünki Mehdinin boğazından çıxan bu səs Triniç Əhməd bəyin səsi idi".
Amma nə yaxşı ki, onu pisikdirmək, belə-belə nacins hərəkətlərlə həvəsdən, şövqdən salmaq istəyən Triniç və ona bənzərlərlə ağız-ağıza verməkdənsə Cəfər daha çox yazıb-yaratmaq yolunu seçibmiş.
Əsrlər, nəsillər, siyasətlər, cəmiyyətlər dəyişəndən, yazıldığı vaxtdan bir əsrə yaxın zaman keçirkən "Qılınc və qələm" müəllifi Məmməd Səid Ordubadinin qələmin başı üzərində qılıncın daim hazır dayandığı çağlardakı Cəfər Cabbarlı haqqında xatirələri həm təəssüf, nisgil yaradır, ürək sıyırır, həm də ehtiram oyadır. Həm Cəfər Cabbarlıya fırtınalı əyyamlarda sınmamasına, əyilməməsinə, vüqar və ləyaqətini qoruyaraq millətinə xidmətini davam etdirə bildiyinə görə, həm də Məmməd Səid Ordubadiyə ki, Cəfər haqqında yazdığı həqiqətlərdə uca görünür, həqiqəti məqsədli şəkildə təhrif edən xəbərlərində isə daha da yüksəklərdə.
Yazının sehri var - adamı ölməyə qoymur. Adi adama nə var, ölüb gedir, canı qurtarır, torpaq unutdurur. Yazınısa basdırmaq olmur. Nə aşkardakını, nə gizlisini. İmkan vermir ki, onu yazan əbədi yuxuya dalıb rahatlansın. Daim oyadır. Pis yazı pisi gələcəkdə də lənətlənmək üçün pis kimi diri saxlayır, yaxşı yazı yaxşıları sabahlarda da rəhmət və şəfqət sahibi olmaqçün yaxşı kimi yaşadır.
14 sentyabr, 2026