Doğulduğu günə Zəfər yazılan xanəndə Qədir Rüstəmov

20.11.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahanə MÜŞFİQ

Bir insanın doğulduğu günün illər sonra doğma şəhərinin bayramına çevrilməsi taleyin qəribə və düşündürücü təsadüflərindəndir. Azərbaycan muğam sənətinin əvəzsiz nümayəndəsi, Xalq artisti Qədir Rüstəmovun ömür təqvimində 20 noyabr belə bir tarixdir. O, 1935-ci il noyabrın 20-də Ağdamda dünyaya göz açıb. İllər sonra, 2020-ci ilin həmin günündə isə doğulduğu şəhər işğaldan azad edilib. Beləcə, Qədir Rüstəmovun doğum günü ilə Ağdamın Zəfər tarixi eyni təqvim səhifəsində birləşib. Məncə, bu, adi təqvim təsadüfündən daha çox sənətkarın taleyi ilə doğulduğu torpağın taleyi arasında yaranan mənəvi bağlılığın təsirli ifadəsidir.

Qədir Rüstəmovun adı çəkiləndə ilk növbədə onun səsi yada düşür. Təkrarsız, geniş diapazonlu, coşqulu, eyni zamanda qəribə bir kövrəklik daşıyan səs... Bu səsdə Qarabağın musiqi ruhu, muğamın minillik yaddaşı, xalq mahnılarının doğmalığı yaşayırdı. Onun ifasını dinləyərkən yalnız bir xanəndənin sənətkarlığını deyil, bütöv bir bölgənin musiqi dünyasını duymaq mümkün idi.

Qədir Rüstəmov Ağdamda dünyaya gəlmişdi. Əsilləri Şuşadan olan ailəsi musiqiyə bağlı idi. Onun uşaqlıq illəri də musiqinin gündəlik həyatın ayrılmaz hissəsi olduğu bir mühitdə keçmişdi. Həyat yoldaşı Fatma Rüstəmovanın xatirələrindən məlum olur ki, yaşadıqları küçədə Bahadur Mehrəliyev, Əbülfət Əliyev kimi sənət adamları vardı, evlərdə tar çalınar, məclislərdə musiqi səslənərdi. Xan Şuşinski və Seyid Şuşinski kimi böyük sənətkarların da həmin mühitdə olması gənc Qədirin musiqi dünyasının formalaşmasına təsir göstərmişdi.

Bu mənada Ağdam onun üçün yalnız dünyaya gəldiyi şəhər deyildi. Ağdam onun ilk musiqi məktəbi, ilk dinləyiciləri, ilk sənət təəssüratları, musiqinin canına hopduğu uşaqlıq xatirələri idi. Qədirin xanəndə kimi yetişməsində Qarabağ mühitinin, el məclislərinin, muğam ənənələrinin xüsusi yeri vardı. Sonralar Bakıda ustad xanəndə Hacıbaba Hüseynovdan aldığı dərslər onun sənətini daha da püxtələşdirsə də, heç şübhəsiz, bu sənətin təməlində doğulduğu torpağın musiqi nəfəsi dayanırdı.

Qədir Rüstəmovun sənətini fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri onun heç kimə bənzəməməsi idi. O, muğamı özünəməxsus şəkildə duyur, səsinin imkanlarından qeyri-adi ustalıqla istifadə edirdi. Uzun və coşqulu zəngulələri, yüksək diapazonlu səsi, ifa zamanı nümayiş etdirdiyi sərbəstlik onu Azərbaycan xanəndəlik sənətində fərqli mövqeyə yüksəltmişdi. Onun ifasında "Rast", "Çahargah", "Mirzə Hüseyn segahı" kimi muğam nümunələri milli musiqi xəzinəmizin qiymətli incilərindəndir.

Ancaq Qədir Rüstəmovun adını geniş dinləyici auditoriyasına sevdirən, onu nəsillərin yaddaşına həkk edən ifalardan danışarkən "Sona bülbüllər"i xüsusi qeyd etməmək mümkün deyil.

Bu mahnı onun ifasında, demək olar ki, ayrıca bir sənət taleyi yaşadı. Qədirin səsi mahnının hər misrasına, hər avazına elə bir ruh verirdi ki, dinləyici özünü musiqinin sehrindən ayıra bilmirdi. "Sona bülbüllər" onun ifasında yalnız sevilən xalq mahnısı deyil, milli musiqimizin tanınan simvollarından birinə çevrildi. Həyat yoldaşı Fatma xanımın müsahibəsində maraqlı bir məqam da var: Qədir bu mahnını özü seçmiş və cəmi üç saata lentə yazdırmışdı. Sənətkarın təbii istedadını, musiqini necə dərindən duyduğunu göstərən bu xatirə onun yaradıcılığının özünəməxsusluğunu bir daha təsdiqləyir.

"Apardı sellər Saranı", "Laçın", "Ay dili-dili", "Neyçün gəlməz" kimi mahnılar da onun ifasında xüsusi ovqat qazanıb. Bu ifaların hər birində xalq musiqisinə bağlılıqla fərdi sənətkar təfəkkürü birləşir. Qədir Rüstəmov unudulmaqda olan bir sıra xalq mahnılarını öz ifası ilə yenidən dinləyicilərə sevdirib. Onun sənəti yalnız öz dövrünün deyil, gələcək nəsillərin də musiqi yaddaşında silinməz iz qoyub və yaşamaqda davam edir.

Lakin bu böyük xanəndəni tanımaq üçün onun ifalarını dinləmək qədər Ağdamla bağlı xatirələrinə nəzər salmaq da vacibdir. Çünki sənətkarın həyatında doğma torpaq xüsusi yer tuturdu. Yaxınlarının sözlərinə görə, Qədir müəllim Qarabağla nəfəs alırdı. Ağdam onun ən böyük dərdi, ən böyük arzusu idi.

Hətta o öz ailəsi ilə bir neçə il Ağdamda müharibə şəraitində yaşamağa davam edib, öz doğma torpağını, evini qoyub çıxmaq istəməyib, ən son ana qədər orada qalmaq üçün israr edib. Fatma xanımın sözlərinə görə, raket onların evinin önünə, arxasına düşəndə də onlar orada yaşamağa davam ediblər. Mərhum xanəndə deyirmiş ki, ayıbdır, sonra deyərlər Qədirgil evi qoyub qaçdı. Amma neyləyəsən ki, tale öz yazdığını yaşamağı tələb edir...

Şəhərin işğalından sonra Qədir Rüstəmovun həyatında ağır bir sükut dövrü başlayıb. Hətta Ağdam işğal olunandan sonra sənətkar uzun müddət oxumayıb, toylara, məclislərə getməyib. Sanki doğma yurdunun itkisi onun səsini də susdurmuşdu. Bu, adi bir sənət fasiləsi deyildi. Bir xanəndənin öz musiqi dünyasının mühüm parçasını itirməsi, ruhən doğma torpağından - bu səsin, bu sənətin mayasından ayrı düşməsi idi.

Qədir Rüstəmov Ağdamdan ayrı yaşasa da, bu şəhərdən qopmamışdı. Tez-tez Quzanlıya gedir, əsgərlərlə görüşür, onlar üçün oxuyur, onları ruhlandırırdı. Onun üçün Qarabağ yalnız xatirələrdə yaşayan bir məkan deyildi. O, doğma torpağa qayıdacağına inanırdı. Ağdamdakı evini, həyətini, ağaclarını, ata-babasının məzarlarını unuda bilmirdi.

Fatma Rüstəmovanın danışdığı bir xatirə isə Qədirin Ağdamla bağlılığını sözlərdən daha təsirli ifadə edir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyularkən insanlar xatirə üçün özlərinə doğma olan əşyaları binanın özülünə atırdılar. Qədir Rüstəmov da Ağdamdakı evlərinin bir topa açarını ora atmışdı. O açarlar artıq istifadə edilməyəcək bir evin yox, geri qayıdacağına inandığı bir yurdun xatirəsini daşıyırdı. Bu kiçik əşyanın arxasında bütöv bir ömürlük həsrət, bir evin, bir həyətin, bir şəhərin nisgili dayanırdı.

Onun Ağdam sevgisinin başqa bir ifadəsi də işğaldan sonra yaşadığı mənəvi sarsıntı idi. Həyat yoldaşı müsahibəsində deyir ki, Ağdam işğal olunanda Qədir günlərlə yemək yeməyib, özünə baxmayıb. Doğma şəhərinin itkisi onu dərindən sarsıtmışdı. Fatma xanımın sözləri ilə desək, Qədir müəllim elə həmin dərdlə də dünyasını dəyişdi.

2020-ci il noyabrın 20-də Ağdamın azad olunması xəbəri yayılanda isə Qədir Rüstəmov artıq həyatda deyildi. Lakin bu xəbərin onun doğum gününə təsadüf etməsi ailəsi üçün xüsusi məna daşıyırdı. Fatma xanım sonralar bu hadisəni böyük sevinc və kövrəkliklə xatırlayaraq həmin günün sanki Qədirin ruhuna Allah tərəfindən hədiyyə edildiyini söyləmişdi.

Bəlkə də, bu tarixlə bağlı ən təsirli xatirə sənətkarın ömrünün son günlərinə aiddir. Qədir Rüstəmov ağır xəstəlik səbəbindən komada olarkən yaxın dostu yazıçı Aqil Abbas onun yanına gəlib qulağına Ağdamın azad edildiyini pıçıldayıb. Həyat yoldaşının danışdığına görə, bu sözlərdən sonra Qədirin barmaqları tərpənib. Hətta ömrünün son anlarında da Ağdamın azadlıq xəbərinin onun ruhuna necə toxunduğunu düşünmək belə insanı kövrəldir.

Fatma xanım müsahibənin sonunda bir arzusunu da dilə gətirmişdi: Qədir sağ olsaydı, ona astadan "Gözün aydın, Qədir, Ağdam azaddır" demək istəyərdi.

Bu cümlə əslində bütöv bir ömrün mənəvi yekunudur. Çünki Qədir Rüstəmovun Ağdamla bağlılığını bundan daha təsirli ifadə etmək çətindir.

Sənətkarın ömrü 2011-ci il dekabrın 14-də İstanbulda başa çatdı. Amma onun Ağdam arzusu yarımçıq qaldı. O, doğma şəhərinin azadlığını öz gözü ilə görə bilmədi. Bununla belə, 20 noyabr tarixi hər il gələndə Qədir Rüstəmovun adı da Ağdamın adı ilə birlikdə xatırlanır. Şəhərin Zəfər bayramı həm də bu böyük xanəndənin doğum günüdür.

Bu tarixdə Qədir Rüstəmovu xatırlamaq yalnız onun sənətinə ehtiram göstərmək deyil. Bu, həm də bir sənətkarın doğulduğu torpağa sevgisini, yurd həsrətini, Qarabağla nəfəs alan həyatını xatırlamaqdır. Qədir Rüstəmovun səsində Ağdamın musiqi yaddaşı yaşayırdı. Onun ifasında Qarabağın özünəməxsus nəfəsi, elinin-obasının ruhu vardı. Bu gün həmin səs yenidən doğma torpağa qayıdan insanların sevincinə qarışır.

20 noyabr Qədir Rüstəmovun doğum günüdür. 20 noyabr Ağdamın Zəfər günüdür. Bir tarixdə bir sənətkarın dünyaya gəlişi, bir şəhərin azadlığa qovuşması birləşir. Qədir Rüstəmovun taleyinə yazılan bu qəribə uyğunluq onu doğulduğu torpaqla daha da ayrılmaz edir.

Bu gün Ağdamın səmasında onun səsini eşitmək istərdik. "Sona bülbüllər"in o unudulmaz avazı ilə Qədir müəllim sanki illərdir gözlədiyi doğma şəhərinə qayıdardı. Bu dəfə həsrətlə deyil, sevinclə oxuyardı...

Ağdamda dünyaya göz açan bu böyük sənətkar Qarabağın musiqi yaddaşına çevrildi. Doğum gününə Zəfər yazılan ölməz xanəndənin səsi isə indi də doğma torpağının üzərində dolaşır: Ağdam azaddır, Qədirin səsi əbədidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью