Doğum evləri susanda gələcək səssizləşir

18.06.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin ilk dörd ayı ərzində 28 631 doğulan körpə qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9.4-dən 8.5-ə düşüb.

Doğulan körpələrin 53.6 faizi oğlan uşaqları, 46.4 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəmdir.

Bundan başqa, bu ilin yanvar-aprel aylarında ölkədə 21 277 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6.1-dən 6.3-ə qədər artıb.

Obrazlı desək, doğum evləri susanda, gələcək də səssizləşir.

Çünki statustuka heç vaxt heç də təkcə rəqəmlərdən ibarət olmur.

O, bəzən cəmiyyətin etiraf etmək istəmədiyi həqiqətlərin ən dürüst dilidir.

İlk dörd ayda doğulanların sayı azalıb, ölənlərin sayı isə artıb. Bu, təkcə demoqrafik dəyişiklik deyil. Bu, bir ölkənin gələcəyə olan inamının ölçüsüdür.

Uşaq dünyaya gətirmək bioloji hadisədir, amma uşaq böyütmək sosial qərardır. İnsanlar yalnız valideyn olmaq istədikləri üçün deyil, gələcəyə güvəndikləri üçün övlad sahibi olurlar. Sabahın bugündən yaxşı olacağına inanmayan ailələr isə bu qərarı ya təxirə salır, ya da ümumiyyətlə vermirlər.

Cəmiyyətlər silahla deyil, ümidsizliklə qocalır.

Əgər gənclər ev almağın, sabit iş tapmağın, keyfiyyətli təhsil və səhiyyəyə çıxışın əlçatmaz olduğunu düşünürlərsə, doğum statistikasının azalması təəccüblü deyil. Körpələrin sayı doğum evlərində deyil, iqtisadiyyatın, sosial siyasətin və ictimai etimadın içində formalaşır.

Digər tərəfdən, ölüm göstəricisinin artması da ayrıca siqnaldır. Yaşlanan əhali, həyat tərzi, səhiyyə problemləri və digər amillər burada rol oynaya bilər. Amma doğum azalanda və ölüm artırsa, məsələ artıq fərdi talelərdən çıxıb milli gələcəyin mövzusuna çevrilir.

Ən təhlükəlisi isə budur: biz bəzən yolların, binaların və körpülərin sayını inkişaf göstəricisi hesab edirik. Halbuki bir ölkənin ən böyük sərvəti beton deyil, insandır. Məktəblərdə boş qalan partalar, bağçalarda azalan uşaqlar və kəndlərdə bağlanan siniflər gələcəyin səssiz xəbərdarlığıdır.

Bir millət yalnız əhalisinin sayına görə böyümür. O, gələcəyə inamına görə böyüyür.

Əgər insanlar bu ölkədə övladının təhlükəsiz, azad, ləyaqətli və firavan yaşayacağına inanırsa, statistika bunu gec-tez göstərəcək. İnam yoxdursa, heç bir təşviq proqramı və birdəfəlik müavinət problemi kökündən həll etməyəcək.

Görünən odur ki, doğumun azalması sadəcə ailələrin qərarı deyil.

Bir sözlə, rəqəmlər yalan danışmır.

Onlar sadəcə soruşur:

gələcəyimizə kifayət qədər ümid verə bilirikmi?

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью