Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Qətərin paytaxtı Doha şəhərində keçirilən IX Ümumdünya İnvestisiya Forumu çərçivəsində “Gələcəyin qurucularına investisiya” mövzusunda sahibkarlıq üzrə nazirlərin dəyirmi masasında çıxış edib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) təşkilatçılığı ilə keçirilən tədbirdə gələcəyə hazır sahibkarlıq ekosistemlərinin formalaşdırılması, süni intellekt və rəqəmsallaşmanın yaratdığı imkanlar, innovasiya, inklüzivlik və dayanıqlı iqtisadi inkişaf məsələləri müzakirə olunub.
Çıxışda Azərbaycanın iqtisadi şaxələndirmə və rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Ölkəmizin enerji sektoruna cəlb olunan beynəlxalq investisiyaların infrastrukturla yanaşı, peşəkar bacarıqların, təcrübənin və beynəlxalq tərəfdaşlıqların inkişafına töhfə verdiyi vurğulanıb.
Qeyd olunub ki, Orta Dəhlizin, bərpaolunan enerji və rəqəmsal infrastruktur layihələrinin iqtisadi faydasının artırılması üçün yerli şirkətlərin bu layihələrdə iştirakı, yeni texnologiyaların tətbiqi və kadrların peşəkar bacarıqlarının inkişafı önəm daşıyır.
Kiçik biznesin inkişafı, investisiyaların cəlbi və ixracın təşviqi sahələrində aparılan institusional islahatların sahibkarların fəaliyyət və ixrac imkanlarını genişləndirməyə xidmət etdiyi qeyd olunub. Həmçinin UNCTAD və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində kiçik müəssisələrin beynəlxalq standartlara uyğunlaşmasının həyata keçirilməsi təklif olunub.
Yekunda sürətlə dəyişən qlobal iqtisadi mühitdə sahibkarlığın inkişafı üçün ölkələrin birgə səylərinin səfərbər edilməsinin, qabaqcıl təcrübə mübadiləsinin və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə UNCTAD-ın əlaqələndirici rolunun və birgə təşəbbüslərin sahibkarlar üçün yeni imkanların yaradılmasına və onların qlobal iqtisadi proseslərdə iştirakının genişləndirilməsinə töhfə verə biləcəyi bildirilib.
Qeyd edək ki, IX Ümumdünya İnvestisiya Forumu geosiyasi gərginlik, iqtisadi parçalanma və sürətli texnoloji dəyişikliklər fonunda qlobal investisiya məsələlərinin müzakirəsi üçün dövlət siyasətini formalaşdıran şəxsləri, investorları, biznes liderlərini və beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirmək məqsədilə təşkil olunub.
XQ