Dollar zəifləyir: Pulumuzu hara yatıraq? İqtisadçıdan açıqlama

31.01.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qlobal maliyyə sistemində baş verən dəyişikliklər son dövrlər həm beynəlxalq bazarların, həm də fərdi investorların diqqət mərkəzindədir. Xüsusilə əsas ehtiyat valyutası statusuna malik olan dolların mövqeyində müşahidə edilən dalğalanmalar təkcə iqtisadi deyil, eyni zamanda institusional və siyasi faktorlarla əlaqəli müzakirələri gündəmə gətirir. Belə bir şəraitdə valyuta siyasətinə təsir edən qərarların mahiyyəti, bu qərarların bazarlara mümkün təsirləri və fərdi əmanətlərin qorunması baxımından optimal yanaşmaların müəyyənləşdirilməsi aktuallıq qazanır. 

Məhz bu kontekstdə mövcud proseslərə daha rasional yanaşmaq və riskləri nəzərə almaq zərurəti yaranır.

Moderator.az mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirovun mövqeyini öyrənib.

 İqtisadçının fikrincə, qlobal maliyyə proseslərində baş verən dəyişikliklərə emosional deyil, rasional yanaşma daha məqsədəuyğundur və bu proseslərin mahiyyəti düzgün təhlil olunmadan verilən qərarlar riskləri daha da artıra bilər:

"Dolların qlobal mövqeyinin zəifləməsi təbii şəkildə baş vermir. Dollar məqsədli şəkildə zəiflədilir. Bu addımı atan və bu məqsədi ortaya qoyan isə məhz Tramp administrasiyasıdır.

Belə ki, hazırda ABŞ-da Federal Ehtiyat Sisteminin rəhbərliyinə təzyiqlər göstərilərək yeni rəhbərin təyin olunması məsələsi müzakirə olunur. Bunun əsas səbəbi FED rəhbərliyinin hazırkı mərhələdə ucuz faiz siyasətini dəstəkləməməsidir. Bir sözlə, bu məsələ uzunmüddətli və dərin təhlil tələb edən bir mövzudur.

Hazırda ABŞ-da Federal Ehtiyat Sistemi rəhbərliyi ilə ölkə rəhbərliyi arasında dollara yanaşmada iki fərqli istiqamət mövcuddur. FED dolların ucuzlaşmasının tərəfdarı deyil, Tramp administrasiyası isə bunun tərəfdarıdır. Təbii ki, ölkə rəhbərliyi daha böyük siyasi və institusional gücə malik olduğu üçün öz mövqeyini reallaşdırmaq istiqamətində irəliləyir.

Məhz belə bir mühitdə dollar digər valyutalar qarşısında ucuzlaşır. Lakin uçot dərəcəsinin artırılması yolu ilə bu ucuzlaşmanı qısa müddətdə bərpa etmək mümkündür".

Eldəniz Əmirov əlavə olaraq bildirib ki, dolların mövcud zəifləməsini nə təbii proses, nə də uzunmüddətli və davamlı tendensiya kimi qiymətləndirmək doğru olmaz:

"Təcrübədə risklərin düzgün idarə edilməsi məsələsinə yanaşdıqda, geniş yayılmış bir prinsip mövcuddur: yumurtaları bir səbətə yığmazlar. Çünki səbətin biri düşdükdə yumurtaların hamısının qırılma riski yaranır.

Bu fəlsəfə ilə məsələyə yanaşdıqda, əmanətlərin yalnız bir valyutada saxlanılması da doğru hesab edilmir. Əmanətlərin diferensial şəkildə, yəni bir neçə valyutada qorunması daha məqsədəuyğundur. Eyni zamanda, mövcud vəsaitin həcminə uyğun olaraq digər maliyyə alətlərinə də yönəlmək mümkündür. Bu alətlərə qızıl, gümüş, manat, dollar, daşınmaz əmlak və digər investisiya vasitələri aid edilə bilər.

Nəticə etibarilə, diferensiallıq — yəni vəsaitin bölüşdürülərək idarə edilməsi risklərin düzgün idarə olunması baxımından həm praktikada, həm də nəzəriyyədə özünü ən yüksək səviyyədə doğrultmuş bir yanaşma kimi qəbul olunur".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью