Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ən məşhur pul vahidi simvollarından biri olan dollar işarəsinin ($) yaranması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bu işarə yalnız ABŞ dollarını deyil, Kanada, Avstraliya və bir sıra digər ölkələrin valyutalarını da ifadə edir.
Lent.az xəbər verir ki, dollar işarəsinin mənşəyi ilə bağlı ən geniş yayılmış versiya İspaniya pesosu ilə əlaqələndirilir.
Dollar işarəsi necə yaranıb?
ABŞ yaranmazdan əvvəl Amerika qitəsində İspaniya pesosu geniş istifadə olunurdu. Bu gümüş sikkə “İspan dolları” və ya “səkkiz reallıq sikkə” adı ilə də tanınırdı. Tacirlər maliyyə sənədlərində peso sözünü “Ps” şəklində qısaldırdılar. Zaman keçdikcə bu hərflər üst-üstə yazılmağa başlayıb, “P” hərfi isə tədricən şaquli xəttə çevrilib. Beləliklə, müasir dollar işarəsinə bənzəyən simvol yaranıb.
Tarixi əlyazmalarda rast gəlinən bu cür yazılışlar həmin versiyanın daha inandırıcı hesab edilməsinə əsas verir.
Dollar işarəsinin ABŞ-la əlaqəsi varmı?
Digər məşhur versiyaya görə, dollar işarəsi “United States” (Birləşmiş Ştatlar) ifadəsinin baş hərfləri olan “U” və “S” hərflərinin birləşməsindən yaranıb.
Lakin bu nəzəriyyəni təsdiqləyən kifayət qədər tarixi sənəd yoxdur. Üstəlik, simvolun ilkin formalarının ABŞ-ın öz milli valyutasını qəbul etməsindən əvvəl istifadə edilməsi onun İspaniya pesosundan yaranması ehtimalını gücləndirir.
Niyə digər ölkələr də dollar işarəsindən istifadə edirlər?
Dollar işarəsi zamanla beynəlxalq səviyyədə tanınan pul simvoluna çevrilib. Bu işarədən ABŞ, Kanada, Avstraliya və digər ölkələrin dollarları, həmçinin bəzi peso valyutaları üçün istifadə olunur.
Valyutaları fərqləndirmək məqsədilə simvolun qarşısına əlavə hərflər yazılır. Məsələn, ABŞ dolları “US$”, Kanada dolları “C$”, Avstraliya dolları isə “A$” şəklində göstərilir.