Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Manatın dollar qarşısındakı real dəyəri hazırkı mübadilə məzənnəsindən daha yüksəkdir.
Yeniavaz.com-un məşhur “Biq Mak” indeksinə əsasən apardığı hesablama göstərir ki, dolların real məzənnəsi 1,17 manat səviyyəsində olmalıdır.
Qeyd edək ki, “Biq Maq” indeksi Böyük Britaniyanın “The Economist” jurnalı tərəfindən 1986-cı ildən tərtib edilir. İndeks ABŞ-nin “McDonalds” şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur “Biq Mak” adlı hamburgerinin qiyməti əsasında hazırlanır.
“The Economist” jurnalının rəhbərliyi bu qənaətdədir ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də “Biq Mak”ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-də satılan “Biq Mak”ın qiyməti götürülür. Əgər hər hansı ölkədə “Biq Mak”ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə şişirdilib. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər ölkədəki “Biq Mak” ABŞ-dəki qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır.
Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən “McDonalds” restoranlarında satılan “Biq Mak” hamburgerinin qiyməti 4,26 dollara (7,25 manat) bərabərdir.
“The Economist” jurnalının açıqladığı sonuncu “Biq Mak” indeksinə görə ABŞ-də hamburgerin qiyməti 6,22 dollardır. Buradan belə görünür ki, Azərbaycanda hamburger ABŞ ilə müqayisədə 45,8% bahadır. Bu həm də o deməkdir ki, dolların manat qarşısındakı mövcud məzənnəsi (1,7AZN/$) 45,8% “şişirdilib”. “Biq Mak” indeksinə əsasən hesablama aparsaq o zaman, dolların real məzənnəsi 1,17 manat olmalıdır.
Elnur Əli