Donald Trampı impiçment gözləyirmi?

27.01.2026

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq hüquq normativlərinin və idarəetmə sisteminin çökməsi

Donald Trampın ABŞ-də ikinci dəfə prezident seçilməsi dünya siyasətində və normal dünyagörüşlü siyasətçilərdə maraqdan çox heyrət oyatmışdı. Çox keçmədi ki, o, siyasətçiyə xas olmayan qeyri-ciddi hərəkətləri ilə bu “heyrəti” doğrultdu.  Tramp dövlət siyasətinə biznes prizmasından (bazar psixologiyası) baxaraq ABŞ-nin beynəlxalq siyasi imicinə zərbələr vurdu. Heç bir müqavimətlə — nə daxili, nə də beynəlxalq — qarşılaşmayan Prezident öz səlahiyyətlərini dünya miqyaslı şəkildə göstərməyə başladı. 

Trampın “diplomatik dili”nin tez-tez sərt, qeyri-siyasi və qeyri-rəsmi olması diqqət çəkir. Siyasi peşəkarlığının olmaması və qeyri-ciddi addımları cəmiyyət daxilində qütbləşməni dərinləşdirir. Onun beynəlxalq sazişlərdən (Paris İqlim Razılaşması, İran nüvə sazişi) çıxması isə ABŞ-nin qlobal liderlik imicinə zərbə vurdu.

Tramp demək olar ki, bir siyasətçi kimi institutlaşdırılmış diplomatiyadan çox şəxsi siyasi üsluba söykənən, populist, lakin milli maraqları sərt müdafiə edən lider kimi özünü göstərir. O, sistemi dəyişməyə çalışdı, amma bu dəyişikliklər bəzən xaotik formada baş verir.

Hər kəsin diqqətini cəlb edən Venesuela böhranı da Birləşmiş Ştatların qeyri-standart yanaşması nəticəsində yarandı.

Venesuelada vəziyyətin mahiyyəti:

- Uzunmüddətli avtoritar idarəçilik, iqtisadi kollaps (neft gəlirlərinin yanlış idarə olunması), humanitar böhran və siyasi legitimlik böhranı (Maduro ilə müxalifət arasında).

- ABŞ-nin maraqları ilə uyğun gəlməyən xarici siyasət; Çin, İran və Rusiya ilə həm siyasi, həm də iqtisadi əməkdaşlıq.

Tramp dövründə ABŞ siyasəti:   

- Maduro hökumətinə qarşı sərt sanksiyalar.

- Juan Guaidonun legitim prezident kimi tanınması.

- İqtisadi və diplomatik təzyiq yolu ilə rejim dəyişikliyinə cəhd.

Lakin sanksiyalar rejimi zəiflətmədi, əksinə əhalinin vəziyyətini daha da ağırlaşdırdı. ABŞ-nin açıq müdaxiləyə yaxın ritorikası Latın Amerikasında anti-Amerika hisslərini gücləndirdi. Rejim dəyişikliyi baş vermədi, Maduro hakimiyyətdə qaldı. Demək olar ki, Tramp administrasiyasının Venesuela siyasəti təzyiqə əsaslanan, lakin strateji nəticə verməyən yanaşma oldu. Diplomatiya və regional konsensus zəif qaldı. Tramp status-kvonu sarsıtdı, amma uzunmüddətli və sistemli alternativ qura bilmədi. Güc siyasəti effektiv ola bilər, lakin diplomatiya və regional balans olmadan davamlı nəticə verməz.

Analoqu olmayan Venesuela əməliyyatı: Maduronun həbsi

3 yanvar 2026-cı ildə ABŞ Hərbi Qüvvələri dünyada analoqu olmayan bir əməliyyat həyata keçirərək Venesuela prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə öz yatağında ələ keçirib Amerikaya gətirdi. Heç bir beynəlxalq hüquqa əsaslanmayan, BMT-nin və ya Beynəlxalq Cinayət Məhkəməsinin qərarı olmadan bir ölkənin prezidenti iqamətgahında ələ keçirilir və “həbs” edilərək başqa ölkəyə aparılır. Tramp tərəfindən Venesuelada hərbi vəziyyət elan edilir, müvəqqəti prezident təyin olunur və ölkənin idarə edilməsini ABŞ öz üzərinə götürür. Sözün bitdiyi an...

ABŞ bu hadisəni demokratiyanın qələbəsi kimi təqdim edir, Rusiya və Çin isə Qərbin təsir dairəsini qeyri-qanuni güc vasitəsi ilə genişləndirməsi kimi dəyərləndirir. Qlobal güclərin qarşıdurmasında Venesuela yeni geosiyasi alətə çevrilir. Latın Amerikası və bütün dünya üçün bu əməliyyat avtoritar rejimlərə açıq mesaj verir: artıq “cəzasızlıq dövrü” bitə bilər. Eyni zamanda, solçu hökumətlərdə təhlükə və narahatlıq yarada, regionda ideoloji qütbləşməni dərinləşdirə bilər.

Maduronun həbsi təkcə bir şəxsin azadlıqdan məhrum edilməsi deyil, eyni zamanda Venesuelada avtoritar idarəçiliyin hüquqi-siyasi müstəvidə sona çatdırılması cəhdidir. Lakin bu proses hüquqi legitimlik, daxili konsensus və beynəlxalq balans olmadan həyata keçirildi. Bu isə demokratiyaya yox, xaosa xidmət edir.

Əslində, bu əməliyyatın bütövlükdə uğurla “baş tutması” Maduronun öz razılığı olmadan inandırıcı görünmür. Güman edirəm ki, Maduro Qəddafinin, Səddamın başına gələn faciələri və ya Əsədin aqibətini yaşamamaq üçün Tramp administrasiyası ilə bu əməliyyatın həyata keçirilməsinə “razılaşmışdır”. Necə oldu ki, Amerikaya meydan oxuyan, ən zəngin neft ölkəsinin (Venesuela hər hansı bir qəbilə dövləti deyil) prezidentini evindən oğurlayırlar və heç bir nəfərin də “burnu qanamır”?

Baş verən hadisələr fonunda  Trampı qəhrəman hesab etmək olarmı?

235 ildən çox dövlətçilik təcrübəsi və ənənəsi olan ABŞ hökumətində hamı Trampla eyni fikirdədirmi? İnandırıcı deyil. ABŞ-də yüz illərlə dünya siyasətini idarə edən siyasi institutlar və sağlam düşüncəli siyasətçilər mövcuddur. Trampın “kaprizlərinə” hələ ki, münasibət bildirməyib gözləmə mövqeyində duran siyasi elitanın gözləntiləri var. Görünür, bu gözləntilər özünü doğrultmur. Əksinə, ABŞ-nin qlobal liderlik və etibarlı tərəfdaşlıq imici çox aşağı səviyyəyə düşməkdə davam edir. Buna görə də yaxın zamanda Trampın “dayandırılması” prosesinə start veriləcəyini güman edirəm.

Tramp indiyə qədər komanda ilə deyil, “etdiklərini” fərdi analiz edib. Hərçənd ki, ondan analiz gözləmək çətindir. Çox güman ki, ABŞ-nin dövlət və milli maraqlarına zidd olmayan yeni siyasi kursa keçməsə, Parlamentdə Trampa qarşı “impiçment” prosedurunun başlanması qaçılmaz olacaq. Beləliklə, yuxarıda qeyd etdiklərimi nəzərə alsaq, 2026-cı il dünya siyasətində “ən qeyri-ciddi” prezident sayılan Donald Trampın impiçmenti ilə tarixi, əlamətdar hadisə kimi yadda qala bilər.

Elman Bağırov,

Ədalət Partiyasının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью