Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Amerikanın Səsi” söndürüldü ABŞ-ın prezident komandası ilə “Amerikanın Səsi” (VOA) arasında davam edən gərginlik pik həddə çatıb.
2025-ci ilin əvvəlində ABŞ Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətini məhdudlaşdırmaqla həm VOA-nı, həm də onun üzv olduğu media şəbəkəsini maliyyə yardımından məhrum edən Donald Tramp 3 gün öncə hədəfə daha bir zərbə vurub.
“The New York Times” qəzeti ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Kari Leykə istinadən yazıb ki, ABŞ administrasiyası “Amerikanın Səsi”nin 6 xarici ölkə bürosunu və 4 marketinq ofisini bağlayıb.
Nəşrin məlumatına görə, ixtisarlar Cakarta, İslamabad, Nayrobi və Praqadakı ofisləri, həmçinin Almaniya və Tailandda yayımlanan bir neçə radio stansiyasını əhatə edir.
Düzdür, USAGM rəhbərliyinin açıqlamasına görə, bağlanan strukturlar “artıq” sayılır və onların ləğvi 30 milyon dollardan çox vəsaitə qənaət imkanı yaradır.
Amma uzun müddət davam edən bu prosesin gedişində üzə çıxan detallar deməyə əsas verir ki, məsələ təkcə “büdcə qənaəti” ilə bağlı deyil.
Nəhəng “media imperiyasının” çökdürülməsi ABŞ üçün tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.