Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Azər Rəşidoğlu
Fizikada Doppler effekti deyilən maraqlı bir hadisə var. Səs mənbəyi müşahidəçiyə yaxınlaşdıqca səsin tezliyi artır, uzaqlaşdıqca azalır. Məsələn, təcili yardım maşını bizə yaxınlaşanda səs kəskinləşir, yanımızdan eçib uzaqlaşanda isə alçalır. Halbuki sirena dəyişməyib. Dəyişən məsafədir, hərəkətin istiqamətidir, müşahidəçinin mövqeyidir.
Bəlkə də siyasətin ən böyük paradokslarından biri budur ki, hadisələr dəyişməmişdən əvvəl onların səsləri dəyişir. Dünən dostluq kimi eşitdiyimiz bəyanat bu gün xəbərdarlığa çevrilir, dünən təhdid hesab etdiyimiz ritorika sabah əməkdaşlıq təklifinə bənzəyir. Sözlər eyni qalır, mənalar dəyişir. Çünki siyasətdə həqiqət çox vaxt deyilənlərdə deyil, deyilməyənlərin arxasında gizlənir.
Doppler effekti bizə bir həqiqəti xatırladır - eşitdiyimiz səs hadisənin özünü deyil, hadisə ilə aramızdakı məsafəni də ifadə edir. Siyasətdə isə bu məsafə kilometrlərlə ölçülmür. O, maraqlarla, qorxularla, ambisiyalarla, tarixi yaddaşla ölçülür.
Bu gün dünya siyasəti qəribə bir akustik məkana çevrilib. Vaşinqtondan gələn səslər dünənki müttəfiqləri narahat edir, Moskvanın ritorikası keçmiş imperiyanın əks-sədasını xatırladır, Pekin isə səsini yüksəltmədən təsir dairəsini genişləndirməyə çalışır. Avropa təhlükəsizlik axtarışındadır, Yaxın Şərqdə düşmənçiliklə tərəfdaşlıq arasındakı sərhədlər hər gün yenidən cızılır.
Dünya dəyişir, amma siyasi şüur həmişə bu dəyişikliklərin sürətinə çatmır. Bəzi liderlər hələ də Soyuq müharibənin xəritəsi ilə XXI əsrin problemlərini həll etməyə çalışırlar. Bəziləri isə dünənin qələbələrini sabahın təminatı hesab edirlər. Tarixsə heç kəsin nostaljisinə hörmət etmir.
SSRİ-nin süqutundan sonra birqütblü dünya haqqında danışılırdı. Hətta tarixin sonuna gəldiyimizi iddia edənlər də vardı. Sonra İraq, Əfqanıstan, “Ərəb baharı”, Ukrayna müharibəsi, Yaxın Şərq böhranları gəldi. Tarix sona çatmadı, sadəcə səhnə dəyişdi. Köhnə aktyorların bəziləri səhnədə qaldı, bəziləri getdi, yeniləri meydana çıxdı.
İndi Trampın siyasi ritorikasında, Putinin geosiyasi iddialarında, Si Cinpinin səbirli strategiyasında eyni bir qanunauyğunluq görünür, hər kəs dünyanı öz hərəkət trayektoriyasına uyğun dəyişdirmək istəyir. Lakin heç kim başqalarının hərəkətini tam idarə edə bilmir. Bəlkə də müasir siyasətin əsas böhranı elə budur: hamı danışır, amma heç kim dünyanın hansı istiqamətə getdiyinə əmin deyil.
Kiçik dövlətlər üçün bu akustik xaos daha təhlükəlidir. Çünki böyük güclərin səsi yüksələndə onların öz səsləri eşidilməz ola bilər. Müvəqqəti yaxınlaşmanı əbədi müttəfiqlik, diplomatik təbəssümü strateji təminat, siyasi bəyanatı dəyişməz öhdəlik kimi qəbul etmək ağır səhvlərə gətirib çıxara bilər.
Azərbaycan kimi mürəkkəb geosiyasi məkanda yerləşən dövlətlər üçün bu, nəzəri məsələ deyil. Şimaldan, cənubdan, qərbdən və şərqdən gələn səslərin hər birinin öz tezliyi, öz məqsədi var. Bəzən eyni hadisə müxtəlif paytaxtlarda tamamilə fərqli eşidilir. Birinin təhlükəsizlik adlandırdığı proses digəri üçün təhdid, birinin əməkdaşlıq təklifi hesab etdiyi təşəbbüs başqası üçün təsir dairəsini genişləndirmək cəhdi ola bilər.
Əsl strategiya elə burada başlayır- eşitdiyin səsə aldanmamaq, onun mənbəyini, istiqamətini və arxasındakı marağı müəyyənləşdirmək. Çünki siyasətdə ən böyük səhv başqasının məqsədini öz arzularınla qarışdırmaqdır.
Doppler effektində uzaqlaşan səs yox olmur. Sadəcə tezliyi dəyişir. Siyasətdə də zəifləyən güc mərkəzi mütləq tarixdən silinmir, yüksələn güc isə əbədi hökmranlığa zəmanət qazanmır. Bu gün alqış kimi eşidilən səs sabah matəm marşına çevrilə bilər. Tarix belə çevrilmələrin qəbiristanlığıdır.
Bəlkə də siyasətin ən böyük faciəsi ondadır ki, böyük dövlətlərin liderləri çox vaxt öz səslərinin əks-sədasını xalqın səsi hesab edirlər. Hakimiyyət özünü eşitdikcə gücləndiyini düşünür, halbuki bəzən eşitdiyi yalnız uzaqlaşan dünyanın son əks-sədasıdır.
Səsin gurultusuna yox, istiqamətinə baxmaq lazımdır. Çünki tarixdə bəzən ən böyük dəyişikliklər gurultulu bəyanatlarla deyil, heç kimin fərq etmədiyi səssiz yerdəyişmələrlə başlayır.
Dünya bizə nə dediyinə görə deyil, hara getdiyinə görə dəyişir. Siyasətin əsl Doppler effekti də budur - gələcəyin səsini eşitmək üçün keçmişin əks-sədasından xilas olmaq lazımdır…