Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard səlahiyyət müddətinin başa çatmasına təxminən doqquz ay qalmış, 2027-ci il fevralın 7-də vəzifəsindən istefa verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Laqard qərarı barədə AMB-nin İdarəetmə Şurasına və Avropa Şurasının prezidenti Antonio Kostaya məlumat verib. Tənzimləyici qurumun açıqlamasında İdarəetmə Şurasının Laqarda təşəkkür etdiyi və onu ayaqüstə alqışladığı bildirilib. Onun vaxtından əvvəl istefa verməsinin səbəbi açıqlanmayıb.
Laqard qərarını belə şərh edib: “İşin yaxşı görüldüyü və AMB-nin gələcəyə hazır olduğu hissi ilə ayrılıram”.
Qeyd edək ki, Kristin Laqard əvvəllər Fransanın maliyyə naziri və Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru vəzifələrində çalışıb. O, 2019-cu ilin noyabrında AMB-yə rəhbərlik etməyə başlayıb.
“Le Monde” qəzetinin yazdığına görə, Laqardın vaxtından əvvəl istefa verəcəyi ilə bağlı şayiələr fevral ayından yayılırdı. Bu ehtimallar onun varisinin Fransa prezident seçkilərindən əvvəl müəyyənləşdirilməsi istəyi ilə əlaqələndirilirdi.
Nəşr İspaniya Bankının keçmiş rəhbəri Pablo Hernández de Kosu və Niderland Mərkəzi Bankının keçmiş rəhbəri Klaas Notu AMB-yə rəhbərlik üçün əsas namizədlər sırasında göstərib. Bundesbankın prezidenti Yoahim Nagelin də mümkün namizədlər arasında olduğu bildirilir.
Yeni rəhbərin namizədliyi Avropa İttifaqı maliyyə nazirlərinin tövsiyəsi əsasında Avropa Şurası tərəfindən ixtisaslı səs çoxluğu ilə təsdiqlənəcək.
Murad İsmayıl