Dost Pakistanda “ASAN xidmət”ə artan maraq

13.10.2026

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müxtəlif dövlət xidmətlərini bir arada təqdim edən “ASAN xidmət” modeli respublikamızda olduğu kimi, Azərbaycanın təcrübəsi əsasında oxşar qurumlar formalaşdıran digər ölkələrdə də yüksək vətəndaş məmnunluğu yaradır. Bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutan telefon söhbətində növbəti dəfə etiraf edib.

Dost ölkənin Baş naziri Azərbaycanın “ASAN xidmət” modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib, bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün Azərbaycan tərəfindən dəstəyin göstərilməsini xahiş edib.

Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını ifadə edib.

Pakistanın Baş naziri buna görə dövlətimizin başçısına təşəkkür edərək, Azərbaycanın bu dəstəyini ölkələrimiz arasında dostluğun və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.

Azərbaycanın intellektual brendi dünyanı fəth edir

Hazırda Azərbaycanda 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Vətəndaşlar paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və digər ünvanlarda da “ASAN xidmət” mərkəzlərinin  fəaliyyətindən bəhrələnirlər.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.  Paytaxtda və regionlarda hər gün “ASAN xidmət” mərkəzlərinə təxminən 40 min vətəndaş müraciət edir və onların məmmunluq səviyyəsi 99 faizin üzərində olur. Eyni zamanda, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir.

Azərbaycanın intellektual brendi sayılan “ASAN xidmət”ə dünyada da maraq getdikcə artır ki, bu da ölkəmizin böyük uğurudur. İndiyədək əlçatanlığı ilə yüksək vətəndaş məmnunluğu yaradan bu struktur bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Artıq ayrı-ayrı ölkələrdə də bu modelin tətbiqinə başlanıb. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.

Perspektivdə isə “ASAN xidmət” brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir. Bunu son vaxtlarda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrı-ayrı ölkələrdən əməkdaşlıqla bağlı artan müraciətlər də təsdiqləyir. Beynəlxalq əməkdaşlığa dair son nümunələrdən biri kimi İndoneziya və Azərbaycan arasında ötən ilin dekabr ayında onlayn formatda baş tutan dövlət xidmətləri üzrə Simpoziumu göstərmək mümkündür. İmzalanmış sənədlərə uyğun olaraq  hazırda İndoneziya Respublikasında “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.

Artıq Avropa İttifaqının üzv dövləti olan Rumıniya da “ASAN xidmət” modelinə böyük maraq göstərir. Ötən ilin dekabr ayında Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Hökumətinin Baş Katibliyinin dəvəti əsasında bu ölkəyə səfəri baş tutub. Səfər çərçivəsində “ASAN xidmət”in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb. Eyni zamanda, Rumıniya Hökumətinin Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorunda İnnovasiya Forumu”nda “ASAN xidmət”ə dair mükafat ilk dəfə olaraq Avropa İttifaqına üzv ölkənin nümayəndələrinə təqdim olunub. Xatırladaq ki, bundan öncəki dövrdə müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.

Həmçinin bir qədər bundan əvvəl Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidin rəhbərlik etdiyi nümayəndə heyəti  “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazir müavini “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öz ölkəsində tətbiqində maraqlı olduqlarını ifadə edib.

Cari ilin iyul ayında Azərbaycanın “ASAN xidmət” modeli BMT-nin “Dövlət institutlarının transformasiyası: İnnovasiyanın, iştirakın və inklüzivliyin inkişafı” mövzusunda Tbilisidə baş tutan Dövlət Xidməti Forumunda geniş təqdim olunub. Bundan əvvəl isə  “ASAN xidmət “ BMT-nin  Nyu-Yorkdakı mənzil-qərargahında Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə Konfransda diqqət mərkəzində olub.

“ASAN xidmət” Pakistanda

Cari il yanvarın 14-də isə  “ASAN xidmət”in sorağı daha bir uzaq ünvandan - bu dəfə dost Pakistandan gəlib. Bu ölkənin İslamabad şəhəri dünyada “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığı növbəti ünvan olub. İslamabadda baş tutan açılış mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Tədbirdə vurğulanıb ki, 2025-ci il sentyabrın 10-da Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.

“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmət təqdim olunur. Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir. Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.

“ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirən Pakistanın Baş naziri vurğulayıb: “Ötən il qardaş ölkəyə rəsmi səfərim zamanı Bakıda “ASAN xidmət” mərkəzini ziyarət etdik. Həmin mərkəz həqiqətən fenomenal idi, son dərəcə təsirli və nümunəvi bir təcrübə təqdim edirdi. Bunun ardından mən müraciət etdim ki, ilk mərhələdə İslamabadda oxşar bir mərkəz yaradılsın. Bu gün artıq buradayıq. “ASAN xidmət” rəhbərliyi və nümayəndə heyəti də buradadır. Onlar son dərəcə böyük dəstək göstəriblər. Bu əməkdaşlıq misilsizdir. Bütün bu texnologiya Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan tərəfindən bizə hədiyyə edilib”.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью