DOST sosial siyasətin əlçatanlıq modelidir

09.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmizin iqtisadi qüdrətinin artması, ilk növbədə, vətəndaşların rifahının yaxşılaşmasına, sosial müdafiə sisteminin inkişafına xidmət edir.Dinamik inkişaf edən Azərbaycanda dövlət xidmətlərinin keyfiyyətinin innovativ həllərin tətbiqi vasitəsilə yüksəldilməsi davamlı xarakter alıb. Bu istiqamətdə ən mühüm layihələrdən biri DOST modelidir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə xidmətlərin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verir. 2019-cu ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk DOST Mərkəzi istifadəyə verilib və DOST xidmətləri şəbəkəsi ölkə boyu genişləndirilib.

Prezident İlham Əliyev çıxışlarının birində bildirib: “Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz elə bir sistem yaratmalıyıq ki, orada şəffaflıq, ədalət və operativlik tam təmin olunsun. DOST mərkəzlərinin yaradılması bu istiqamətdə atılmış mühüm addımdır. Vətəndaş məmnunluğu bizim fəaliyyətimizin əsas meyarıdır və hər bir dövlət qurumu öz işini bu prinsiplər üzərində qurmalıdır”.

DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya və əlillik sahələrində 14 istiqamət üzrə 162 xidmət təqdim edir. İndiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filiallarının yaradılması üçün təmir-tikinti işləri aparılır. 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub.

DOST “Qarabağ və Şərqi Zəngəzur”da

Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində sosial infrastrukturun qurulması prioritet vəzifə kimi müəyyən edilib. Bu kontekstdə “Böyük Qayıdış” proqramının sosial dayaqlarından olan “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramının icrası strateji əhəmiyyət kəsb edir.

2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi açılıb. 2023-cü ilin avqustunda dövlət başçısının iştirakı ilə Bərdədə açılışı olan Qarabağ Regional DOST Mərkəzi Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə rayonları və Xankəndi şəhərinin sakinlərinə xidmət göstərir. 2024-cü ilin iyun ayında isə Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb. Sonralar Kəlbəcər və Füzulidə DOST məntəqələri, Tərtərdə DOST filialı fəaliyyətə başlayıb.

DOST mərkəzləri, filial və məntəqələrdə təkcə doğma yurdlarına qayıdan insanlara yox, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində çalışan, qeydiyyat yerindən asılı olmayaraq hər kəsə vahid platformadan xidmət göstərilir.

Beynəlxalq uğurlar

DOST konsepsiyası qısa zamanda təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də yüksək etimad qazanaraq Azərbaycanın brendinə çevrilib. Qurum bu günədək 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub və bu gün bir sıra ölkələr DOST təcrübəsinə böyük maraq göstərirlər. Bu, sosial sahədə xidmətlərin göstərilməsi istiqamətində Azərbaycanın artıq qabaqcıl ölkələrlə eyni sırada olduğunun və öz uğurlu təcrübəsini digər ölkələrə də təqdim etməsinin sübutudur. Hazırda DOST Agentliyi BMT, Avropa Sosial Şəbəkəsi, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) kimi mötəbər beynəlxalq qurumlarla, o cümlədən yerli təşkilatlar, ali təhsil müəssisələri ilə də fəal əməkdaşlıq edir. Qurum öz fəaliyyətini, həmçinin Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ən yüksək tələbləri əsasında quraraq “İnteqrəedilmiş menecment sistemi”ni uğurla tətbiq edir. Son nailiyyətlər sırasında Böyük Britaniyanın “GCL International” və Türkiyənin “MSC” təşkilatları tərəfindən təqdim edilən ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 10002:2018 (Müştəri məmnunluğu və şikayətlərin idarə edilməsi) və ISO 37001:2025 (Anti-korrupsiya idarəetmə sistemi) sertifikatları yer tutur.

DOST Çağrı Mərkəzi – 142

DOST modelinin vətəndaş məmnunluğuna hədəflənən fəaliyyətinin əsas həlqələrindən birini də DOST Çağrı Mərkəzi – 142 təşkil edir. Müasir kommunikasiya texnologiyaları üzərində qurulan mərkəz ötən dövr ərzində 8,3 milyondan çox, təkcə 2025-ci ildə isə 1,5 milyon vətəndaş müraciətini yüksək peşəkarlıqla cavablandırıb. Göstərilən xidmətlərin operativliyi statistik rəqəmlərdə də təsdiqini tapır. Belə ki, orta gözləmə müddəti cəmi 51 saniyə, xidmət müddəti isə 3 dəqiqə 7 saniyə təşkil edir. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 95 faiz olması idarəetmə mexanizminin effektivliyindən xəbər verir.

Son illər tətbiq edilən IVR (interaktiv səsli cavablandırma) sistemi, sosial bot, onlayn çat və SMS vasitəsilə müraciətlərin cavablandırılması imkanları DOST Çağrı Mərkəzi 142-nin fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Xidmət sahəsində innovativ həllərin tətbiqini beynəlxalq ekspertlər də yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, DOST Çağrı Mərkəzi 142 Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı”na layiq görülüb, həmçinin nüfuzlu “CCW Excellence Awards 2025” müsabiqəsinin finalında “Customer Contact Week Portfel” sertifikatı ilə təltif olunub.

DOST modelinə qlobal maraq

Bu gün Azərbaycan sosial sahədəki innovativ islahatları ilə qabaqcıl ölkələrə öz təcrübəsini təqdim edir. Artıq Özbəkistanda DOST təcrübəsi əsasında ilk mərkəzlər fəaliyyətə başlamış, Moldova ilə pilot layihələr üzrə işlərə start verilmişdir.

Serbiya və Rumıniya kimi Avropa ölkələri isə sosial xidmətlərin elektronlaşdırılmasında məhz Azərbaycanın tətbiq etdiyi mexanizmlərə üstünlük verirlər. Agentliyin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası və Avropa Sosial Şəbəkəsi ilə qurduğu sıx əməkdaşlıq əlaqələri bu modelin universal cəlbediciliyini daha da artırır.

“Könüllü DOST” proqramı

DOST modelinin uğur salnaməsində “Könüllü DOST” proqramının və bu hərəkata qoşulan minlərlə gəncin xüsusi payı var. Bu proqram, sadəcə, sosial layihə deyil, dövlət–vətəndaş münasibətlərinin inkişafına, yüksək xidmət mədəniyyətinin formalaşmasına və gənclərin əmək bazarına hazırlanmasına xidmət edən unikal platformadır. Hazırda agentlikdə könüllülük fəaliyyəti cəmiyyətin bütün təbəqələrini və müasir rəqəmsal trendləri əhatə edən 7 fərqli istiqamət üzrə təşkil olunub:

– “Gənc DOST” altproqramı 16-29 yaşlı gənclərin işgüzar vərdişlər qazanması və fərdi inkişafı üçün mühüm təməl rolunu oynayır.

– “Gümüşü DOST” yaşlı nəslin nümayəndələrinin (55 yaşdan yuxarı) aktiv həyat tərzini dəstəkləyir, onların zəngin həyat təcrübəsinin gənc nəslə ötürülməsinə şərait yaradır.

– “İnklüziv DOST” vasitəsilə əlilliyi olan şəxslərin sosial inteqrasiyası və yaradıcılıq potensialının reallaşdırılması təmin olunur.

– “Distant DOST” və “DigiDOST” layihələri müasir texnoloji imkanlardan istifadə edərək onlayn formatda xidmət göstərmək və rəqəmsal savadlılığın artırılmasına töhfə vermək məqsədi daşıyır.

– “TeleDOST” və “Korporativ DOST” istiqamətləri isə müvafiq olaraq media sahəsində təcrübənin artırılmasına və özəl sektorla ictimai məsuliyyət çərçivəsində tərəfdaşlığın qurulmasına hədəflənib.

Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyət, birlik və əməkdaşlıq kimi ali dəyərləri ehtiva edir. Könüllülər mərkəzlərdə vətəndaşların qarşılanması, onlara elektron sistemlərdən istifadə üzrə köməklik göstərilməsi və rəy sorğularının keçirilməsi kimi mühüm proseslərdə aktiv iştirak edirlər. Bu fəaliyyət gənclərə həm peşəkar vərdişlər qazandırır, həm də onlarda əhalinin həssas təbəqələrinə qarşı xüsusi qayğı və yardımsevərlik hissini formalaşdırır. Proqramı uğurla başa vuran hər bir könüllüyə təqdim olunan sertifikat isə onların gələcək karyera yolunda mühüm rol oynayır.

Rəqəmsallaşan DOST

DOST Agentliyinin təşəbbüsü ilə ötən il Bakıda keçirilən “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans sosial xidmətlərin inkişafı, yeni idarəetmə yanaşmaları və beynəlxalq təcrübənin paylaşılmasına imkan verib. Bu mühüm platforma yerli və beynəlxalq ekspertləri bir araya gətirdi və sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiqi ilə gələcək inkişaf yollarının müəyyən edilməsində önəmli rol oynadı.

20 ölkənin ekspertlərinin iştirakı ilə keçirilən bu platforma sosial xidmətlərin gələcəyini – rəqəmsal dövlət, süni intellekt alətlərinin tətbiqi və proaktiv xidmətlərin genişləndirilməsi perspektivlərini müəyyən etdi. Agentliyin 2026-cı il üçün əsas hədəfləri də məhz xidmətlərin tam rəqəmsallaşdırılması, süni intellektin xidmət prosesinə inteqrasiyası və vətəndaş müraciətlərinin cavablandırılma sürətinin maksimallaşdırılmasıdır.

DOST modeli dövlətin öz vətəndaşına olan doğma münasibətinin, qayğısının və etimadının real mənzərəsidir. Vətəndaş məmnunluğunu ali meyar hesab edən bu missiya, dövlət–vətəndaş münasibətlərində yeni şəffaflıq etalonu yaradaraq, ölkəmizin dayanıqlı inkişafının parlaq nümunələrindən biridir.

Sosial siyasətin əlçatanlıq modeli

Dövlət başçısının “Sosial sahə həmişə dövlət siyasətinin ana xəttini müəyyən edən istiqamətdir” tezisi bu gün real icraat mexanizmləri, xüsusilə inklüziv cəmiyyət quruculuğu sahəsində həyata keçirilən mühüm təşəbbüslərlə təsdiqini tapır. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bu strateji xəttin ən uğurlu praktik təzahürlərindən biridir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və 2021-ci ildə açılan müəssisə, həssas qrupların cəmiyyətə inteqrasiyasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət beş milli prioritetdən biri kimi müəyyən edilib. DOST İİYM–nin yaradılması bu sahədə mühüm nailiyyətlərdəndir.

Geniş profilli mərkəzin əsas məqsədi sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedad və bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir. Mərkəzdə 14 fəaliyyət istiqaməti – floristika, bağçılıq və landşaft dizaynı; bədii oyma; xalçaçılıq, toxuma və tikmə; dərzilik, modelyer; fotoqrafiya; musiqi; dulusçuluq; təsviri incəsənət; rəqs; səhnə ifaçılığı, aktyor sənəti; kulinariya üzrə təlimlər keçirilir. Həmçinin təlim alan şəxslər mərkəzdə yaradılmış multidissiplinar qrup tərəfindən sosial pedaqoji və psixoloji dəstək proqramlarına cəlb olunurlar.

Xidmətin təşviqi

Bu gün mərkəzin xidmət şəbəkəsi təkcə paytaxtla məhdudlaşmır, İsmayıllı rayonunda “DOST Evi” filialı, Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində Qarabağ “DOST Evi” şöbəsi regionlarda inklüzivliyin təşviqini genişləndirir. Mərkəzin fəaliyyət konsepsiyası unikal həmrəylik modelinə əsaslanır. Burada 5 həssas kateqoriyadan olan şəxslər – əlillər, şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrin üzvləri bərabər imkanları paylaşaraq, vahid mühitdə fəaliyyət göstərirlər.

Ötən il ərzində mərkəz və onun filialları həssas qrupların yaradıcı potensialının inkişafı və sosial adaptasiyası məqsədilə 170-ə yaxın tədbir təşkil edib. Fəaliyyəti dövründə mərkəzin və onun filiallarının xidmətlərindən həssas qruplara aid 920 nəfərdən çox vətəndaş faydalanıb. 2025-ci ildə 154 nəfər mərkəzə, 34 nəfər İsmayıllı “DOST Evi” filialına, 73 nəfər yeni benefisiar Qarabağ “DOST Evi” şöbəsinə qəbul olunub.

Hazırda mərkəz və filiallarda ümumilikdə 5 həssas kateqoriyadan olan 274 nəfər müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdədir. Onlardan 167-si mərkəzdə, 68-i Qarabağ “DOST Evi” şöbəsində, 39-u İsmayıllı “DOST Evi” filialında xidmətlərdən yararlanır.

Yalnız yaradıcılıq deyil, həm də peşəkar sosial-psixoloji dəstək də diqqət mərkəzindədir. Ötən il mərkəzin sosial pedaqoji inkişaf və psixoloji dəstək departamenti 839 seans (psixoloji, psixo-pedaqoji, defektoloji-loqopedik) keçirib, 221 valideynlə məsləhətləşmə aparılıb.

Məşğulluq əməkdaşlığı

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsinə dəstəyi də hədəfləyir. Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi ilə mütəmadi əməkdaşlıq həyata keçirilir.

Ötən il mərkəz və onun filialları Bakı və regionlarda təşkil olunan 6 əmək yarmarkasında fəal təmsil olunub. Bundan əlavə, həssas qruplardan olan şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində DOST İİYM ilə Dövlət Məşğulluq Agentliyi arasında qurulmuş əməkdaşlıq çərçivəsində bir sıra mühüm addımlar atılıb. Mərkəzin benefisiarları agentliyin həyata keçirdiyi müxtəlif məşğulluq proqramları çərçivəsində təlimlərə cəlb olunub, bir neçə şəxs kiçik bizneslərini qurmaq üçün avadanlıqlarla təmin ediliblər.

Benefisiarların peşəkar inkişafı statistik rəqəmlərdə...

20-yə yaxın benefisiar ali məktəblərə, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunaraq təhsil hüquqlarını reallaşdırıb. 10-dan çox benefisiar mərkəz və filiallarda təlimçi kimi öz təcrübələrini digər üzvlərlə bölüşürlər. Qürurverici məqamlardan biri istedadlı üzvlərin dövlət səviyyəsində qiymətləndirilməsidir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mərkəzin 3 istedadlı üzvü Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

Mərkəzin fəaliyyətində mühüm yeniliklərdən biri dostart.az satış platformasının istifadəyə verilməsidir. Bu pilot layihə - həssas qrupların əl işlərinin təqdim edilməsi onların iqtisadi müstəqilliyinin və maddi rifahının gücləndirilməsinin təminatıdır. Həmin platforma vasitəsilə həyata keçirilən elektron ticarət zamanı əlillər vergi güzəştlərindən istifadə edəcəklər. Dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, əl işlərinin satışı zamanı onlar məcburi dövlət sosial sığorta haqqından azad ediləcək, yalnız 2 faiz vergi tutulacaq.

Üç dildə fəaliyyət göstərən portal təkcə satış platforması deyil, həm də hər bir əl işinin arxasında dayanan orijinal həyat hekayələrini böyük auditoriyaya tanıdan pəncərədir. Bu gün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, sadəcə, bir xidmət müəssisəsi deyil, dövlətin öz vətəndaşına olan qayğısının, humanizminin və müasir inkişaf modelinin canlı modelidir.

Mərkəzin sədası beynəlxalq ünvanlarda

Mərkəz Azərbaycanın inklüziv cəmiyyət quruculuğundakı rolunun beynəlxalq səviyyədə təbliğinə xidmət edən mühüm platformaya çevrilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Yaponiyanın Osaka şəhərində keçirilən “Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisində mərkəzin heyəti “Hər kəs üçün harmoniya” adlı geniş proqramla çıxış edərək, musiqi mədəniyyətimizi və milli dəyərlərimizi uğurla nümayiş etdirib.

Heydər Əliyev Fondunun dəstəyi ilə ötən il mərkəzin iki istedadlı təlimçi əməkdaşı İtaliyanın Korbetta və İspaniyanın Barselona şəhərlərində ustad dərslərində iştirak edərək, solo konsert proqramı ilə tamaşaçıların rəğbətini qazanıb. Cənubi Koreyanın Pyonqtek şəhərində, Cenevrədəki Millətlər Sarayında, Malayziyada, Qırğızıstanda keçirilən beynəlxalq layihələr çərçivəsində mərkəzin fəaliyyəti, burada istedadlarını təkmilləşdirən həssas qruplardan olan şəxslərin yaradıcılıq nümunələri və bu sahədə əldə olunan nailiyyətlər tanıdılıb.

Hazırda mərkəzlə Özbəkistanın “Beynəlxalq İnklüziv HUB” beynəlxalq əsaslı peşəkar inklüziv təhsil mərkəzi ilə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi davam etdirilir. Təcrübə mübadiləsi qurumlar arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında sənədə əsasən həyata keçirilir. Bu çərçivədə həssas qruplardan olan şəxslərin cəmiyyətdə fəal iştirakı və sosial inteqrasiyası, yaradıcılıq potensialının inkişafı və həyat hekayələrinin işıqlandırılmasını dəstəkləyən birgə layihələrin təşkili də nəzərdə tutulur.

DOST İİYM fiziki məhdudiyyətlərin yaradıcılıq qarşısında maneə olmadığını bütün dünyaya sübut edir.

Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi mərkəzin fəaliyyətində yeni istiqamət açıb. Bu çərçivədə şəhərimizin memarlıq ansamblı və tarixinin əl işlərində təzahürü və inklüziv dizayn konsepsiyalarının təşviqi ilə bağlı layihələrin icrası nəzərdə tutulur.

DOST İİYM fəaliyyət miqyasını genişləndirərək yaxın dövr üçün əhəmiyyətli layihələrə start verir. Xüsusilə, BMT-nin Məskunlaşma Proqramının Azərbaycan nümayəndəliyi ilə birgə silsilə layihələrin təşkili nəzərdə tutulur. Bu layihələr inklüzivliyin daha geniş beynəlxalq müstəvidə təşviqi, mərkəzin benefisiarlarının məşğulluq imkanlarına çıxışının genişləndirilməsi işinə töhfəsini verəcək.

Bütün bu addımlar bir daha sübut edir ki, Azərbaycanın sosial inkişaf modeli dinamikdir, yenilikçidir və ən əsası – heç kəsi diqqətdən kənarda qoymur.

Zərifə BƏŞİRQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью