sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Səbail" I Liqanın ən imkanlı komandasıdır. Komandanın büdcəsinin 1 milyon manatdan çox olduğu bildirilir. Heyətdə 7 legionerin yer alması da klubun qarşısına ciddi hədəflər qoyduğunu göstərir.
Amma meydanda bunun qarşılığını görmək hələ mümkün deyil.
Çempionatın 6 turundan sonra "Səbail"in hesabında 11 xal var: 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət. Bu nəticə ilə Quba təmsilçisi turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Kağız üzərində faciəvi göstərici deyil. Amma məsələ rəqəmlərin özündə yox, büdcə ilə nəticə arasındakı böyük fərqdədir.
I Liqanın ən çox pul xərcləyən komandalarından biri 6 turdan sonra 4-cü yerdədirsə və əsas rəqibləri ilə oyunlarda gözlənilən nəticələri əldə edə bilmirsə, deməli, burada ciddi problem var.
"Səbail" 7 legioner futbolçu gətirib. Büdcə 1 milyon manatdan çoxdur. Bu qədər resursun qarşılığında isə azarkeş daha keyfiyyətli futbol, daha sabit nəticə və ən əsası, liderlik uğrunda mübarizə gözləyir.
Hələlik isə bunların heç biri yoxdur.
Komanda nə oyun, nə də nəticələr baxımından öz potensialını ortaya qoya bilir.
Bəs problem haradadır? Əsas suallardan biri baş məşqçi Elnur Abdullayevlə bağlıdır. Abdullayevin baş məşqçi kimi təcrübəsi kifayət qədər məhduddur. Belə böyük büdcəli, legionerlərlə zəngin və qarşısına yüksək hədəflər qoyulan komandanın idarə olunması isə tamam başqa məsuliyyətdir. Bu səbəbdən artıq sual yaranır: "Səbail" bu büdcə və heyətlə daha təcrübəli baş məşqçiyə ehtiyac duymurmu?
Klub daxilində Elnur Abdullayevin Rahid Əmirquliyevlə yaxın münasibətlərinə görə postunu qoruduğu barədə fikirlər də səslənir. Əgər belə bir yanaşma həqiqətən mövcuddursa, bu, ciddi idarəçilik sualıdır. Çünki futbol klubunda baş məşqçinin taleyini şəxsi münasibətlər deyil, nəticələr və komandanın nümayiş etdirdiyi oyun müəyyən etməlidir. Sponsorların Rahid Əmirquliyevə güvənməsi də ayrıca məsələdir. Etimad böyük üstünlükdür. Amma etimadın nəticəsi də olmalıdır.
Əks halda milyonluq büdcə, 7 legioner və böyük hədəflər sadəcə kağız üzərində qalır.
Üstəlik, rəhbərlikdə Sərxan İbrahimoğlu kimi təcrübəli futbol funksioneri var. Bu cümləni xüsusi vurğulamaq lazımdır: belə təcrübənin olduğu strukturda komandanın bu vəziyyətə düşməsi daha çox sual doğurur.
"Səbail"in qarşısında kifayət qədər resurs var. Pul var, Legionerlər var. Təcrübəli idarəçi də var. Sponsor dəstəyi də öz yerində... Amma nəticə yoxdur. 6 turdan sonra 4-cü pillə bu komandanın potensialına uyğun görünmür. Əsas rəqiblərlə mübarizədə xal itkiləri davam edərsə, "Səbail" mövsümün sonunda böyük büdcəsinin qarşılığını ala bilməyən komandalardan birinə çevrilə bilər.
Ən təhlükəlisi isə budur: vaxt gedir.
I Liqada mövsümün əvvəlində itirilən xallar sonradan çox baha başa gələ bilər. "Səbail" rəhbərliyi artıq nəticələri gözləmək əvəzinə səbəbləri araşdırmalıdır.
Çünki bu gedişlə 1 milyon manatdan artıq büdcə ilə yaradılan komanda nə oyun, nə də nəticə baxımından qarşısına qoyulan məqsədlərə çata biləcək görüntü yaradır.
Pul xərcləməklə güclü komanda qurmaq olar. Amma düzgün idarə etmədən uğur qazanmaq mümkün deyil. "Səbail"də isə hazırda ən böyük sual məhz budur: bu qədər imkan niyə bu qədər zəif nəticəyə çevrilir?