Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı–Daşkənd xətti Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirir
Noyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan ilə Özbəkistan arasında Əbədi dostluq haqqında Müqaviləni ratifikasiya etməsi Cənubi Qafqaz və Mərkəzi Asiya geosiyasi məkanında strateji müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirdi.
Sənədin 23 avqust 2026-cı ildə Daşkənddə dövlət başçıları səviyyəsində imzalanmasından qısa müddət sonra parlament tərəfindən təsdiqlənməsi Bakı və Daşkəndin bu istiqamətdə nümayiş etdirdiyi siyasi iradənin göstəricisidir. Bu qərar formal diplomatik prosedurdan daha geniş məna daşıyır. O, Avrasiyanın mərkəzində yerləşən iki qardaş dövlətin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizlik maraqlarının qarşılıqlı dəstək əsasında qorunmasına yönəlmiş münasibətlərin yeni mərhələsini müəyyənləşdirir. Qlobal güc mərkəzləri arasında rəqabətin və qarşıdurmaların kəskinləşdiyi, beynəlxalq hüququn mühüm prinsiplərinin ciddi sınaqlarla üzləşdiyi indiki şəraitdə Azərbaycan və Özbəkistanın əbədi dostluq münasibətlərini qanunvericilik səviyyəsində təsbit etməsi regional sabitliyin və strateji əməkdaşlığın möhkəm təməlini formalaşdırır.
Parlament tərəfindən yekdilliklə qəbul edilən 11 maddəlik müqavilə iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini hüquqi müstəvidə müəyyənləşdirir. Sənədə əsasən, tərəflər əlaqələrini beynəlxalq hüququn norma və prinsipləri, strateji tərəfdaşlıq, qarşılıqlı etimad və müttəfiqlik əsasında qururlar. Müqavilənin mühüm müddəalarından biri tərəflərin digər dövlətin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə xələl gətirə biləcək hərbi-siyasi ittifaqlarda iştirak etməmək öhdəliyidir. Eyni zamanda, hər iki ölkə öz ərazisinin qarşı tərəfin təhlükəsizliyinə və suverenliyinə qarşı istifadəsinə yol verməyəcəyini bəyan edir. Bu müddəalar qarşılıqlı təhlükəsizlik təminatlarını gücləndirməklə yanaşı, regional sabitliyin qorunmasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış yüksək siyasi etimad və strateji baxışların uzlaşması ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Şavkat Mirziyoyevin Türk Dövlətləri Təşkilatının inkişafına və türk xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə İlham Əliyevə minnətdarlığını bildirməsi bu münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Dövlət başçılarının müntəzəm görüşləri, qarşılıqlı səfərləri və beynəlxalq platformalarda nümayiş etdirdikləri həmrəylik Bakı ilə Daşkənd arasındakı əməkdaşlığı dərinləşdirir.
Əbədi dostluq haqqında Müqavilə TDT çərçivəsində siyasi həmrəyliyin və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Türk dünyasının iki mühüm dövləti olan Azərbaycan və Özbəkistanın strateji müttəfiqliyi təşkilat daxilində inteqrasiya proseslərinə yeni dinamika verir. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar və Özbəkistanın Mərkəzi Asiyada artan siyasi nüfuzu TDT-nin beynəlxalq mövqeyinin möhkəmlənməsinə imkan yaradır.
Bu əməkdaşlığın geosiyasi əhəmiyyəti Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında formalaşan əlaqələrdə də özünü göstərir. Xəzər iki ölkəni nəqliyyat, iqtisadiyyat və təhlükəsizlik baxımından birləşdirən strateji körpüdür. Azərbaycanın və Özbəkistanın müstəqil xarici siyasət kursu, milli maraqlara və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan yanaşması Avrasiyada əməkdaşlığın genişlənməsinə, regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Beynəlxalq təşkilatlar çərçivəsində aparılan ardıcıl koordinasiya əbədi dostluq müqaviləsinin praktiki effektivliyini aydın nümayiş etdirir. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində rəsmi Bakı ilə Daşkəndin daim eyni mövqedən çıxış etməsi diplomatik cəbhənin sarsılmazlığını sübuta yetirir. Özbəkistan Azərbaycanın 30 ilə yaxın davam edən işğala son qoyaraq ərazi bütövlüyünü və dövlət suverenliyini hərbi-siyasi yolla tam bərpa etməsini ilk gündən qətiyyətlə dəstəkləyən ölkələrin önündə gəldi.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında həyata keçirilən bərpa işlərində Özbəkistanın göstərdiyi mənəvi-siyasi dəstək qardaşlıq münasibətlərinin praktiki təcəssümünə çevrildi. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb iki xalqın sarsılmaz həmrəyliyinin əbədi rəmzi kimi ucalır. Həmin addım Özbəkistan dövlətinin və xalqının Azərbaycanın qələbəsinə bəslədiyi səmimi qardaşlıq sevgisinin, qürur hissinin və siyasi dəstəyinin bariz sübutudur.
Parlament diplomatiyası Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığının institusional dayaqlarından biridir. Hər iki ölkənin qanunvericilik orqanları – Azərbaycan Milli Məclisi və Özbəkistanın Ali Məclisi (Oliy Majlis) arasında müntəzəm təmaslar, parlamentlərarası dostluq qruplarının fəaliyyəti və komitələr səviyyəsində əməkdaşlıq hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edir. TÜRKPA çərçivəsində nümayiş etdirilən həmrəylik isə türk dövlətlərinin parlamentlərarası əlaqələrini daha da gücləndirir. Müqavilənin parlamentdə operativ şəkildə ratifikasiya olunması da dövlət başçılarının siyasi iradəsinin qanunvericilik səviyyəsində təsdiqinin göstəricisidir.
Azərbaycan–Özbəkistan müttəfiqliyi Avrasiyanın təhlükəsizlik arxitekturasında da mühüm sabitləşdirici amil kimi çıxış edir. Hər iki ölkənin beynəlxalq terrorizmə, dini ekstremizmə, separatizmə və digər transmilli təhdidlərə qarşı əməkdaşlığı regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Təhlükəsizlik qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi və birgə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı və Daşkəndin regional problemlərin ilk növbədə birbaşa dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinə üstünlük verməsi isə dövlətlərin suverenliyinə və milli maraqlarına əsaslanan əməkdaşlıq modelini ön plana çıxarır.
Qlobal Cənub ölkələri arasında əməkdaşlığın genişləndiyi indiki mərhələdə Azərbaycan və Özbəkistanın beynəlxalq mövqeləri də möhkəmlənir. İnkişaf etməkdə olan dövlətlərin hüquqlarının müdafiəsi, beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması və neokolonializmə qarşı mübarizə məsələlərində hər iki ölkənin prinsipial mövqeyi ortaq diplomatik yanaşmanın formalaşmasına töhfə verir. Bakı və Daşkəndin beynəlxalq platformalarda nümayiş etdirdiyi həmrəylik çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və beynəlxalq hüququn bərabər tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq haqqında Müqavilənin ratifikasiyası türk dünyasının qlobal güc mərkəzinə çevrilməsi prosesində tarixi dönüş mərhələsidir. Sənədin təsdiqi iki dövlətin suveren hüquqlarını qorumaq, regional sabitliyi təmin etmək və beynəlxalq arenada milli maraqları müştərək müdafiə etmək qətiyyətini nümayiş etdirdi.
Yusif Şərifzadə
XQ