Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
30 İyul Beynəlxalq Dostluq Günüdür
Artıq 15 ildir ki, iyul ayının 30-u dünyada Beynəlxalq Dostluq Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqlar, ölkələr və mədəniyyətlər arasında dostluq körpüləri yaratmaq, sülh ideyalarını təşviq etmək məqsədi daşıyır.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2011-ci ildə rəsmi olaraq elan etdiyi Dostluq Gününün əsas hədəfi gənclərin və gələcək nəsillərin sülhsevər ruhda böyüməsində dostluğun rolunu önə çəkməkdir. BMT ona üzvü olan dövlətlərə bu nəcib hissi fəal təbliğ etməyi tövsiyə edir. Əlamətdar günün qlobal həmrəylik şüarı dünyanın müxtəlif yerlərindəki insanları bir-birinə dəstək olmağa səsləməkdir.
Baş Assambleyanın həmin müraciəti Beynəlxalq Dostluq Gününü hər ökənin öz adət və ənənələrinə uyğun olaraq, o cümlədən ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılmasına yönəlmiş tədbirlər vasitəsilə keçirməyi ehtiva edir. Dövrü-qədimdən babalarımız dostluğu ən gözəl mənəvi nemət sayıblar. “Baş-başa verməyincə daş yerindən tərpənməz” atalar sözü də mahiyyətini elə dostluq və birlik duyğularından götürüb. Bu gün zərurət olan səmimi baxışların, qırılmayan tellərin, zaman və məsafəyə baxmayan münasibətlərin bayramıdır. Dostluq bayramı ürəklərin bir ritmdə vurmasının təqvimə düşmüş yeganə tarixidir.
Müstəqil Azərbaycan Respublikası özünün xarici siyasətində ona xoş niyyət bəsləyən hər bir dövlətlə dostluq və əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurmağı özünün prioriteti sayır. Bəlli olduğu kimi, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan dövlətimiz həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürüdür. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas götürülür. Elə balanslaşdırılmış xarici siyasətin əsas götürülməsi də regionun çox həssas mövqədə olmasından irəli gəlir.
Bizim xarici siyasət doktrinamız uzun illərdir ki, balanslı və çoxtərəfli əməkdaşlığa əsaslanan etibarlı model üzərində qurulub. Müasir Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası uğurla davam edir. Ulu öndər də, onun siyasi varisi Prezident İlham Əliyev də hər zaman mənafeyi Azərbaycanın milli və dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək, bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə Azərbaycanın mövqeyini möhkəmləndirmək xəttini əsas götürüblər.
Xarici siyasətimiz dünyanın super gücləri sayılan ABŞ və Rusiyanın bölgədəki ortaq maraqlarını mütləq nəzərə almaqla həyata keçirilir. Region ölkələri ilə dinc qonşuluq münasibətləri də mühüm önəm daşıır. Çünki regionumuzda hər hansı bir gərginliyin və ya münaqişənin yaranması, ilk növbədə, böyük enerji ehtiyatlarına və layihələrinə malik olan Azərbaycan üçün arzuolunmaz haldır.
Ölkəmizin bir çox dövlətlərlə, beynəlxalq qurumlarla rəsmi diplomatik, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri var. Məsələn, Rusiya ilə dəfələrlə dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilələr, birgə bəyanatlar qəbul edilib. Dörd il əvvəl – 2022-ci il fevralın 22-də şimal qonşumuzla ikitərəfli münasibətlər daha geniş aspektdə nəzərdən keçirilib və Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni imzalayıblar.
Bu gün dövlətlərimiz həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda, konkret olaraq Ermənistanın işğalçılıq siyasəti yürütdüyü Qarabağda qələbəmizdən sonra atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirib. Haqq işimiz uğrunda mübarizəmizdə qardaş Türkiyənin, Pakistanın, eləcə də İsrail dövlətinin mənəvi dəstəyi, problemin həllinə sırf obyektiv mövqedən yanaşması da razılıqla xatırlanır.
Ölkələrin, xalqların dostluğunu əbədiləşdirən elə fikirlər var ki, bir ömürlük bərabərliyi təlqin edir. Ümummilli lider Heydər Əliyevin artıq zərb-məsələ çevrilmiş məşhur siyasi aforizmi – “Bir millət, iki dövlət” kəlamı buna bariz misaldır. Bu, Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün istifadə edilən mühüm milli konsepsiya səviyyəsində pərvəriş tapıb. Qardaş Türkiyə ilə mənəvi birliyimizi və strateji müttəfiqliyimizi ifadə edir.
Unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadə 1991-ci ildə qələmə aldığı “Azərbaycan–Türkiyə” şeirində yazıb:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu.
O da ulu, bu da ulu -
Azərbaycan-Türkiyə.
Ortaq dil və din birliyimiz, oxşar mədəniyyətlərimiz, adət və ənənələrimiz bu yaxınlığı şərtləndirən başlıca amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə qeyd-şərtsiz dəstək olublar. Bizi birləşdirən köklər Dədə Qorquddan Koroğluya, Mövlanədən Nəsimiyə, Nuru paşadan, Çanaqqala savaşından Qarabağa qədər zəngin bir tarixi özündə yaşadır. Genetik-etnik, əxlaqi-mədəni, sosial-iqtisadi bağlarımız qırılmazdır. Mübarizələrlə zəngin olan son yüzildə birlikdə yaşadıqlarımız isə xalqlarımızı və dövlətlərimizi bir-birinə daha sıx bağlayıb.
Qürurla xatırlayırıq ki, 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Özü də 28 il yarımlıq erməni əsarətindən qurtulmuş mədəniyyət paytaxtımız, əziz Şuşa şəhərində. Daha öncə Bakıda - Böyük Zəfərə həsr olunan parad Türkiyə rəhbərliyinin, eləcə də Vətən müharibəsində həyatını qurban vermiş şəhidlərimizin sayı qədər mehmetciyin iştirakı ilə daha da möhtəşəm oldu. Bütün bunların nə böyüklükdə hüquqi, siyasi, mənəvi stimul olduğunu təsəvvürə gətirəndə ürəyimiz sonsuz qürur və iftixarla döyünür.
Göründüyü kimi, dostluq dünyada sülh mədəniyyətini formalaşdıran mühüm amildir. Əbəs yerə deyilməyib ki, dost dosta tən gərək, tən olmasa gen gərək.
Ə.DOSTƏLİ
XQ