Dostluqdan əməkdaşlığa doğru ŞƏRH

15.10.2026

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

2026-cı il oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə görüşdən sonra mətbuata verdiyi bəyanat ölkəmizin beynəlxalq münasibətlər sistemində yürütdüyü məqsədyönlü siyasətin, dostluq əlaqələrinin möhkəmləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin növbəti təzahürü oldu. Bu bəyanat Azərbaycanın yalnız mövcud əlaqələri qoruyub saxlamağa deyil, həm də yeni tərəfdaşlıq imkanları yaratmağa, siyasi etimadı konkret iqtisadi nəticələrə çevirməyə yönəlmiş dövlət strategiyasını əks etdirir.

Möhtərəm Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan-Laos münasibətlərinin möhkəm siyasi təməl üzərində qurulmasıdır. Otuz ildən artıqdır davam edən diplomatik əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, parlamentlərarası münasibətlər və hakim partiyalar arasında əməkdaşlıq iki ölkənin bir-birinə olan etimadının göstəricisidir. Bu münasibətlərin daha yüksək səviyyəyə qaldırılması isə qarşılıqlı hörmətə, ortaq maraqlara və konkret fəaliyyətə əsaslanan xarici siyasət kursunun məntiqi davamıdır.
Bəyanatın mühüm istiqamətlərindən biri iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlıdır. Möhtərəm Prezident İlham Əliyev mövcud ticarət dövriyyəsinin ölkələrimizin potensialına uyğun olmadığını diqqətə çatdıraraq, əməkdaşlığın yeni imkanlarının araşdırılmasının vacibliyini bildirdi. Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Laos biznes forumu, Azərbaycan investorlarına təqdim ediləcək konkret layihələr və investisiya imkanlarının dəyərləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın xarici ölkələrdə həyata keçirdiyi irimiqyaslı investisiyalar yeni iş yerlərinin açılmasına, istehsal sahələrinin yaradılmasına və tərəfdaş ölkələrin iqtisadi inkişafına töhfə verir. Bu təcrübənin Laosla münasibətlərdə də tətbiqi qarşılıqlı fayda üçün geniş perspektivlər açır.
Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də bəyanatın diqqətəlayiq məqamlarındandır. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması xalqlarımız arasında mövcud tarixi əlaqələrin dərinliyini göstərir. Təqaüd mexanizminin bərpası və laoslu gənclərin Azərbaycanda təhsil alması üçün yeni imkanların yaradılması yalnız təhsil sahəsində əməkdaşlıq deyil, həm də gələcək nəsillər arasında dostluq körpülərinin möhkəmləndirilməsi deməkdir.
Bəyanatda humanitar təhlükəsizlik məsələlərinə, xüsusilə mina probleminə də mühüm yer ayrıldı. Həm Laosun, həm də Azərbaycanın mina təhlükəsindən əziyyət çəkməsi bu sahədə təcrübə mübadiləsini zəruri edir. İşğaldan azad edilmiş ərazilərimizdə mina təhlükəsinin yaratdığı ağır nəticələr ölkəmizin üzləşdiyi ciddi humanitar çağırışlardan biridir. Bu istiqamətdə müasir texnologiyaların tətbiqi, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi insanların həyatının qorunmasına xidmət edən mühüm əməkdaşlıq sahəsidir.
Nəqliyyat və logistika məsələləri də Azərbaycanın regional və beynəlxalq əlaqələr sistemindəki rolunu bir daha ön plana çıxarır. Ölkəmizdə əsas nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi, Transxəzər nəqliyyat marşrutunun imkanları və yeni yük mənbələrinin cəlb olunması Azərbaycanı mühüm tranzit mərkəzlərindən birinə çevirir. Laosun nəqliyyat imkanları ilə Azərbaycanın bu sahədəki potensialının uzlaşdırılması gələcəkdə ticarət əlaqələrinin genişlənməsinə əlavə stimul verə bilər. Energetika, kənd təsərrüfatı və mədən sənayesi də qarşılıqlı maraq doğuran perspektivli istiqamətlər kimi diqqətə çatdırıldı.
Bütün bunlar göstərir ki, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasətdə uzaqgörənlik, praqmatizm və qarşılıqlı fayda prinsiplərini ardıcıl şəkildə həyata keçirir. Laos Prezidentinin ölkəmizə səfəri və aparılan danışıqlar iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün əlverişli zəmin yaradır. Əsas məsələ əldə olunan razılaşmaların ardıcıl icrası və siyasi iradənin konkret nəticələrlə möhkəmləndirilməsidir.
Azərbaycanın beynəlxalq nüfuzunun artması, yeni tərəfdaşlarla əlaqələrinin genişlənməsi və milli maraqlarına əsaslanan müstəqil siyasəti ölkəmizin gələcək inkişafına xidmət edir. Möhtərəm Prezident İlham Əliyevin bəyanatı bir daha təsdiq edir ki, Azərbaycan dostluq münasibətlərini real əməkdaşlıq imkanlarına çevirən, dialoqa açıq olan və beynəlxalq tərəfdaşlıqda qarşılıqlı etimada xüsusi əhəmiyyət verən etibarlı dövlətdir.

İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью