Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
18 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə müsahibə verib.
Dövlət başçısı bu müsahibədə Azərbaycan-Qazaxıstan münasibətlərinin dərin məzmununu, gələcək istiqamətlərini, Türk dünyasında birliyin əhəmiyyəti və regional əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
Müsahibədə ilk növbədə Azərbaycan ilə Qazaxıstan arasındakı siyasi münasibətlərin yüksək səviyyəsi vurğulanır.
Dövlətimizin başçısı bildirib ki, bu əlaqələrin əsasında yüzilliklər boyu formalaşmış qardaşlıq münasibətləri, ortaq türk kimliyi və mədəni yaxınlıq dayanır və yalnız emosional bağlarla məhdudlaşmayan bu münasibətlər artıq strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisinə keçib.
O, türk birliyinə, ortaq mədəni-mənəvi dəyərlərə, həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik anlayışlarına diqqət yetirərək bildirib ki, bu səviyyəyə çatmaqda iki ölkə liderləri arasında etimad, qarşılıqlı səfərlər və daimi siyasi dialoq əsas rol oynayıb.
Ötən illər ərzində iki ölkənin qarşılıqlı fəaliyyəti nəticəsində siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.
Müsahibə zamanı cənab Prezident İlham Əliyevin xüsusi vurğuladığı Qazaxıstan və Azərbaycan arasında 20 yaşlı “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki dövlət arasındakı əməkdaşlığın müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub.