Dostu və kürəkəni ilə İranı ram etmək olmaz Trampa sərt çağırış

03.08.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın demokrat senatoru Mark Kelli Prezident Donald Trampı İranla danışıqların aparılmasını daha təcrübəli diplomatlara həvalə etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp administrasiyasının İranla apardığı danışıqlara artıq bir neçə aydır Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner rəhbərlik edirlər. Administrasiya isə qısa müddətdə başa çatacağını vəd etdiyi münaqişədən çıxış yolu axtarır.

Avqustun 2-də çıxış edən senator Kelli Trampın təyin etdiyi danışıqlar qrupunu yenidən tənqid edərək bildirib ki, Vitkoff və Kuşner üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilmirlər.

“Mən prezidentə eyni yanaşmanı davam etdirməməyi tövsiyə edərdim. Danışıqları daşınmaz əmlak sahəsində çalışan dostuna və öz kürəkəninə həvalə etmək çıxış yolu deyil”, – deyə Kelli bildirib.

Onun sözlərinə görə, Tramp İranla danışıqlar aparmaq təcrübəsinə malik peşəkar diplomatları cəlb etməli, həmçinin koalisiya formalaşdıraraq ABŞ-ın müttəfiqlərini yenidən bir araya gətirməlidir.

Kelli Tramp administrasiyasının İran siyasətini fevral ayından bəri ardıcıl tənqid edən siyasətçilərdən biridir. Senator hesab edir ki, ABŞ-ın qarşıya qoyduğu əsas məqsədlər hələ də reallaşmayıb.

Tramp administrasiyası iyun ayında elan edilmiş razılaşma çərçivəsində Hörmüz boğazının beynəlxalq gəmiçiliyə yenidən açılmasına nail olmağa çalışsa da, bu addım gözlənilən nəticəni verməyib. Həm həmin razılaşma, həm də ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs sonradan pozulub.

Bildirilib ki, Ağ ev rəsmiləri aylardır İranı ya Hörmüz boğazını yenidən açmağa, ya da beynəlxalq gəmiçilik üçün təhlükəsiz və maneəsiz keçidi təmin etməyə razı salmağa çalışırlar.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью