Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycanın Milli Qəhrəmanı Roman Yasəf oğlu Yusifov şərəfli döyüş yolu və vətənpərvərliyi ilə Azərbaycan hərb salnaməsində xüsusi yer tutan igidlərimizdəndir.
28 iyul 1973-cü ildə Şabran (keçmiş Dəvəçi) rayonunda doğulmuşdur. 1980-ci ildə burada 2 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə onuncu sinfi bitirmişdir. 1992-ci ildə Milli Orduya çağırılmışdır. Bir müddət Naxçıvan şəhərində hərbi təlim keçdikdən sonra Sədərək rayonuna göndərilir. O vaxt erməni qəsbkarları Naxçıvana tez-tez hücumlar edir, hər vəchlə oranı zəbt etməyə çalışırdılar. Ermənistanla həmsərhəd olan Sədərək rayonu əsl döyüş meydanına çevrilmişdi. Roman Yusifov bu döyüşlərdə Vətən qarşısında borcunu mərdliklə yerinə yetirirdi. 1992-ci ilin oktyabr ayında o, yaralanır. Əvvəlcə Naxçıvanda, sonra isə Bakı şəhərində müalicə olunur. Müalicədən sonra xidmətini 777 saylı hərbi hissədə davam etdirir. Roman Füzuli, Qubadlı və Zəngilan istiqamətlərində gedən ağır döyüşlərin iştirakçısı olmuşdur. Xüsusilə Sadarak kəndi uğrunda gedən döyüşlərdə yaralanmasına baxmayaraq, xəstəxanada müalicəsini yarımçıq saxlayaraq yenidən səngərə, silahdaşlarının yanına qayıtmışdı.
Onun komandirlik bacarığı və döyüş əməliyyatlarında göstərdiyi soyuqqanlılıq bir çox gənc əsgər üçün mərdlik örnəyinə çevrilmişdi.
Gənc əsgər nümunəvi davranışı və yüksək hərbi hazırlığı ilə burada da yoldaşlarına örnək olur. O, komandirin təqdimatı ilə bir illik zabitlər kursuna göndərilir. Roman Yusifov kursu müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsi alır və yenidən hərbi hissəyə qayıdır. Onu taqım komandiri təyin edirlər.
17 mart 1995-ci ildə ölkədə sabitlik pozulur. Dövlət çevrilişinə cəhd edənlərin məqsədi yeni qurulmuş dövləti devirib, ölkədə anarxiya yaratmaq idi. 1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.
Azərbaycanda dövlət çevrilişinə cəhd mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar nöqtəsində - Qazaxda və Ağstafada başladı. Həmin gün "OMON"-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Hər iki rayonda dövlət əleyhinə faktiki qiyam baş verdi. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı.
Milli Ordu vətəndaş müharibəsinin qarşısını məharətlə aldı, qara niyyətlər puç oldu. Qəlbi vətən sevgisi ilə döyünən Roman Yusifov bu hadisələrə biganə qala bilməzdi. O, dövlətçiliyimiz yolunda öz canını qurban verdi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ei il tarixli 307 saylı fərmanı ilə Yusifov Roman Yasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Şabran rayonunun Qalagah kəndində dəfn edilmişdir. Şabran rayonunda küçələrdən birinə və təhsil aldığı 2 saylı orta məktəbə Milli Qəhrəman Roman Yusifovun adı verilmişdir. Onun qısa, lakin mənalı ömür yolu bu gün yetişən gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir.
Müşfiq MİRZƏ
XQ