Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov oktyabrın 23-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.
Redaktor.az xəbər verir ki, görüş zamanı səfir Prezident İlham Əliyevin səmimi salamlarını Dövlət Bağçalıya çatdırıb. O, MHP sədrinə Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqeyə və dəstəyə görə təşəkkür edib.
Rəşad Aslanov Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi istiqamətində Dövlət Bağçalının səylərinin Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayıb.
Dövlət Bağçalı isə Prezident İlham Əliyevin diqqətinə və təşəkkürünə görə minnətdarlığını bildirib, salamlarının dövlət başçısına çatdırılmasını xahiş edib. O, hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.
MHP sədri Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün Türk dünyasının gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. O, iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf edəcəyinə əminliyini ifadə edib.
Xədicə BAXIŞLI